Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar
Departamentinin rəisi
Zviad Xarazişvili “Pirveli” teleşirkətinin jurnalistinin sualına
cavab olaraq bildirib ki, o, siyahısında olan nakişiləri döyür:
“Mən gəncləri döymürəm, nakişiləri döyürəm. Siyahımız
var, onu bir azdan sənə göstərəcəm[…] məni hansı sanksiyaya məruz
qoyacaqlar ay qız, kameranı o yana çək” — Xarazişvili
bu gün, mayın 28-də parlamentin yanında “Pirveli” televiziyasına
bildirib.
Xarazişvili yüzlərlə xüsusi təyinatlının səfərbər olunduğu
qanunverici orqana gəlib. "Gürcü Arzusu" bu gün prezidentin "Rus
qanununa" vetosunu aradan qaldırmaq üçün səs verməyi planlaşdırır.
Eyni zamanda etiraz aksiyaları da keçirilir.
Bundan başqa, “Mtavari” kanalının yaydığı kadrlarda xüsusi
təyinatlıların rəhbərinin “Vahid Milli Hərəkat”ın sədri, deputat
Levan Xabeişviliyə hədə-qorxu gələrək söydüyü eşidilir.
"Rus qanununa" etirazlar zamanı aprel-may aylarında xüsusi
təyinatlılar mitinq iştirakçılarına, o cümlədən Vahid Milli Hərəkat
Partiyasının lideri Levan Xabeişviliyə və fəal Davit Katsaravaya
vəhşicəsinə fiziki təzyiq göstəriblər.
İndiyədək onları döyən heç kim saxlanılmayıb.
___________________________________
Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin
direktoru, “Xareba” kimi tanınan Zviad Xarazişvili son günlər
növbəti dəfə aktuallaşıb.
Xareba aprelin 16-da rus qanunlarına qarşı keçirilən aksiyada da
iştirak edib, xüsusi təyinatlılar mitinq iştirakçılarına fiziki
təzyiq göstəriblər. Mitinq iştirakçılarının dediyi kimi, xüsusi
təyinatlılar “Xareba”nın adını hayqırmağa və onun ünvanına söyüş
söyməyə başlayandan sonra onları dağıtmağa başlayıblar.
Lakin Xarebanın adı təkcə “Gürcü Arzusu” hökuməti ilə bağlı deyil.
Daxili işlər naziri Vaxtan Qomelaurinin dediyi kimi, “Xareba” 30
ilə yaxındır ki, hüquq-mühafizə orqanlarında çalışır. Eduard
Şevardnadzenin hakimiyyəti dövründə Dövlət Mühafizə Xidmətinin
Xüsusi Təyinatlı Qüvvələrində olub.
“Milli Hərəkat”ın hakimiyyətdə olduğu dönəmdə “Xareba” Xüsusi
Əməliyyat İdarəsinin (XƏB) xüsusi təyinatlı dəstəsində olub. O,
2009-cu ildə Muxrovani üsyanı ilə bağlı xüsusi əməliyyatda iştirak
edib və orada hazırkı daxili işlər naziri Vano Merabişvili hərbi
forma geyinmiş insanlara “iki cəsəd istəyirəm” demişdi.