Media Vəkilliyi Koalisiyası TV Pirvelidə məhkəmə prosesləri üçün
müraciət sisteminin nasazlığı ilə bağlı yayılan məlumatlara
münasibət bildirir və qeyd edir ki, “Gürcü Arzusu” hökuməti
dövründə müstəqil və tənqidi media çətin şəraitdə işləməli
olur.
Söhbət məhkəmənin saytında baş vermiş texniki xətadan gedir,
nəticədə media nümayəndələri iclasları lentə almaq hüququ əldə
etmək üçün ərizə yaza bilmirlər.
Dünən TV
Pirvelinin informasiya xidmətinin rəhbəri Nodar Meladze
Facebook sosial şəbəkəsində yazıb ki, sistem televiziyanın məhkəmə
iclaslarının işıqlandırılması ilə bağlı müraciətlərini qəbul etmir,
media nümayəndələri isə iclasa buraxılmır. Meladzenin sözlərinə
görə, indiyədək ərizələrin qəbulu ilə bağlı heç bir izahat
verilməyib və alternativ mexanizmlər təklif edilməyib.
“Demokratik cəmiyyətdə medianın rolu ölkədə mövcud olan
aktual məsələlər, o cümlədən jurnalistlərin məhkəmə iclaslarında
iştirakı və prosesin işıqlandırılması barədə ictimaiyyətin
məlumatlandırılmasını nəzərdə tutur.
Məhkəmə iclaslarının işıqlandırılmasının qarşısının alınması media
üçün əlavə problem yaradır. Buna uyğun olaraq ədliyyə orqanlarının
məsul şəxslərinin dərhal mövcud nöqsanı aradan qaldırması, KİV
nümayəndələrinin iclaslarda iştirakını təmin etmələri və
problemlərin səbəblərini izah etmələri vacibdir”, -
media koalisiyasından bildirilib.
Şəhər məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə,
texniki nasazlıq dünən, iyulun 22-də aradan qaldırılıb.