Əhməd İmamquliyevin “Vahid Milli Hərəkat” partiyasının sıralarına
qoşulub-qoşulmaması ilə bağlı partiyanın Marneuli qərargahının
rəhbəri Azad Kərimov münasibət bildirdi.
Onun sözlərinə görə, İmamquliyev onun üçün maraqlı bir şəxs deyil.
Amma Kərimov bildirdi ki, onların partiyası demokratik bir
partiyadır və hər bir şəxs partiyanın sıralarına qoşula bilər.
“Əhməd İmamquliyevin partiyada görüşləri olub. Amma
Əhməd İmamquliyevin partiya siyahısına və üzvlüyünə daxil olmağı
ilə bağlı deyilən sözlərin hamısı yalandır. Hal-hazırda Əhməd
İmamquliyevin partiyaya gəlməsinə münasibətimiz belədir ki, partiya
bütün Gürcüstan vətəndaşları üçün açıqdır. Hər bir vətəndaş
partiyaya gələ bilər. Bizim qapımız hər kəsə üçün açıqdır. Amma
açığı deyim ki, Əhməd İmamquliyev mənim üçün maraqlı bir şəxs
deyil. Mən onunla maraqlanmıram. Bizim partiyanın öz planları var.
Bizim bu günlərdə Əhməd İmamquliyevə itirəcək vaxtımız yoxdur və
onu müzakirə edək. Hal-hazırda ortada müzakirə ediləcək heç bir şey
yoxdur”, – Azad Kərimov dedi.
Kərimovun sözlərinə görə, İmamquliyev partiya sıralarında öndə yer
istəyir. O, inanmır ki, İmamquliyev “Vahid Milli Hərəkat” partiya
siyahısından yer istəyə.
“İmamquliyev bir neçə partiyaya gedib və onlarla görüş
keçirib. Onlardan özünə öndə yer istəyir. Özünün dediyi kimi, artıq
üç partiyadan cavab gözləyir və deyir ki, mən üç partiya ilə
görüşmüşəm və cavab gözləyirəm. Əhməd İmamquliyevlə bağlı artıq
bizlər də zənglər almışıq. Gündəmdə olan bir məsələ var ki, Əhməd
İmamquliyev Vahid Milli Hərəkət partiyasının siyahısından namizəd
olacaq. Xeyr, hal-hazırda bu yalan bir söhbətdir. Mən də inanmıram
ki, Əhməd İmamquliyev hansı ki, partiyanın lideri cənab Mixeil
Saakaşviliyi yalançı adlandırıb, VHM partiyasının bütün liderlərini
yalançı adlandırıb, dəfələrlə özünün canlı yayımlarında və yerli
mətbuatda 5 nömrəni yalançı adlandırıb, xalqa “onlara güvənməyin”
dediyi halda, sonradan gəlib Vahid Milli Hərəkat partiya
siyahısından yer istəyə”, – “Vahid Milli Hərəkat”
partiyasının Marneuli qərargahının rəhbəri Azad Kərimov
bildirdi.
“Vahid Milli Hərəkat” partiyasının Marneuli qərargahının rəhbəri
onu da bildirdi ki, partiyanın yerli rəhbərləri və dəstəkçiləri
var. Onların da fikirləri önəmlidir.
“Hal-hazırda Vahid Milli Hərəkat partiyasının daxilində
demokratiya var. Partiyadan kimsə öz başına gəlib burada kimi isə
təyin edə bilməz. Çünki burada partiyanın dəstəkçiləri var.
Partiyanın yerli rəhbəri var. Misal çəkirəm hansı ki, Marneuli,
Bolnisi, Dmanisi və Qardabanidə bizim dəstəkçilərimiz var. Onların
fikirləri də bizim üçün önəmli olacaq. İnşallah bunu biz gələcəkdə
görəcəyik. Artıq seçkiyə 3 ay qalıb. Siyahının yazılması da
sentyabr ayında yekunlaşacaq. Biz artıq yer üstündə deyil,
Parlamentdə deputat olmağımız üçün deyil, Parlament seçkilərində
“rus arzusunu” məğlub etmək üzərində planlar qururuq. Bizim də
namizəd o şəxs olmalıdır ki, həm xalq tərəfindən, həm də partiyanın
dəstəkçiləri tərəfindən sevilsin və seçilsin. Mən elə düşünürəm ki,
bu Əhməd İmamquliyev deyil”, – Kərimov əlavə
etdi.
Amma İmamquliyev fərqli düşünür və qeyd edir ki, siyasətdə əbədi
düşmən, əbədi dost yoxdur. Onun sözlərinə görə, o, hələ heç bir
partiyanın sıralarına qoşulmayıb. Amma ona təkliflər gəlib və
təklifləri dəyərləndirdikdən sonra qərar verəcək.
“Bir kəlmə ilə qeyd edə bilərəm ki, siyasəti bilən
insan anlayar ki, siyasətdə əbədi düşmən, əbədi dost yoxdur. Kim
deyir ki, Əhməd Mişaya nə isə deyib. Bir şeyi anlamalıdırlar ki,
mən kimə söz demişəmsə məhz mənə təklif edənlər elə onlardır. Demək
ki, onlar yüksək siyasəti anlayanlardır və biz də o yüksək
siyasətdə olanlardanıq. Danışıqlar əsasında hər şey ola bilər. Bir
də onu qeyd edim ki, heç bir partiyaya özüm heç nə təklif
etməmişəm. Yalnız və yalnız partiyalardan təklif almışam. Və mən də
bu təklifləri düşünüb dəyərləndirəcəyəm. Rayon təşkilatlarının
üzvlərinin onunla işləyib-işləməməsi ilə bağlı heç bir fikir
bildirə bilmərəm. Çünki mənə “Vahid Milli Hərəkat” partiyasının
mərkəzi ofisi təklif göndərib. Biz onlarla əməkdaşlıq edək. Qaldı
ki Marneuli rayon təşkilatının üzvləri nə düşünür, necə düşünür,
onu məndən yox, öz rəhbərlərindən soruşsalar, daha yaxşı
olardı”, – “Avropalı Gürcüstan” partiyasının Marneuli
rayon təşkilatının keçmiş rəhbəri Əhməd İmamquliyev dedi.
Qeyd edək ki, Əhməd İmamquliyev 2014-cü ildən 2017-ci ilə qədər
“Vahid Milli Hərəkat” partiyasının üzvü olub. Daha sonra “Avropalı
Gürcüstan” partiyasının sıralarına qoşulub. Bir neçə gün öncə
İmamquliyev partiya sıralarını tərk etdiyini bildirdi. Amma partiya
sıraların nəyə görə tərk edib, bu haqda danışmaq istəmədi.
“Avropalı Gürcüstan”-ın baş katibinin müavini Qiorqi Noniaşvili 29
iyul tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
İmamquliyevin partiyanı tərk etmə səbəbi partiyanın daxilində
keçirilən seçkilərlə bağlı olub.
Xatırladaq ki, 2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda
Parlament seçkiləri keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415