Ali məktəblərə qəbul olunan abituriyentlər öz təəssüratlarını bölüşdülər
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi 6 avqust tarixində “1+4” proqramı ilə imtahan verən abituriyentlərin nəticələrini dərc edib.

Bolnisi rayonunun Muxrana kəndində yaşayan 17 yaşlı Gövhər Rəhimova 70 bal toplayaraq ali məktəbə qəbul olub. Onun sözlərinə görə, imtahana hazırlaşmaq çətin olmayıb.

“Muxrana orta məktəbini bitirmişəm. İlk dəfə imtahanın cavabını görəndə gözlədiyim nəticə olmasına baxmayaraq, çox sevindim
və həyəcanlandım. Sevincimi ilk olaraq, yanımda olduğu üçün nənəmlə, daha sonra isə ailəmin digər fərdləriylə bölüşdüm, sonra isə dərhal işdə olan atama zəng edib bu şad xəbəri ona çatdırdım. Bizi imtahana Araz Musayev hazırladı. Qrup yoldaşlarım və müəllimimizlə yorulsaq da, dərslərimiz maraqlı və keyfiyyətli keçirdi. İmtahan mənim üçün çətin olmadı. Nəticələrim də gözlədiyim kimi oldu. Gələcək planım kompüter elmləri sahəsində özümü inkişaf etdirmək və ali təhsilimi müvəffəqiyyətlə başa vurmaqdır. Abituriyent olaraq keçirdiyim bu zamanları keyfiyyətli, maraqlı və səmərəli qılmağıma səbəb olan müəllimimiz Araz Musayevə dərin təşəkkürümü bildirirəm”,
- Gövhər Rəhimova bildirdi.

Yüksək nəticə əldən edənlər sırasında İsəxan Süleymanov da yer alır. O, imtahandan 62 bal toplayıb və gələcəkdə stomatologiya sahəsində təhsil almağı planlaşdırır.

“Bolnisi rayonunun Xidisquri kəndində yaşayıram, Muxrana kəndində məktəb bitirmişəm. İmtahanın nəticəsini öyrənəndə çox sevindim, sevincimi ilk olaraq anamla bölüşdüm. İmtahana hazırlaşmaq çətin idi, məni imtahana hazırlayan, ən çox çalışan Səbinə Kərimova idi. Verbal hissəni öyrədən Şahvələd Nəbiyev oldu. İmtahanda verbal hissənin sualları mənim üçün bir az çətin oldu. Ancaq, gözlədiyim nəticəni aldım. Gələcəkdə stomatologiya sahəsini seçib, təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”, - İsəxan Süleymanov dedi.

İsəxan Süleymanov kimi, Vüsalə Ramazanova də “1+4” proqramı vasitəsilə imtahan verib və 62 bal toplayıb. Vüsalə gözlədiyi nəticəni əldə edə bilib.

“Bolnisi rayonunun Faxralı kendinde yaşayıram, 18 yaşım var, Arif Əliyev adına Talaveri (Faxralı) 1 nömrəli orta məktəbi bitirmişəm. Çox sevindim. Nəticəni öyrənən zaman ailəmlə bölüşdüm. Riyazi hissəyə Nurəddin, verbal hissəyə Şahvələd müəllimlə hazırlaşdım. İmtahan çətin deyildi. Gözlədiyim kimi oldu. Memarlıq üzrə təhsilimi davam etdirmək istəyirəm. Müəllimlərimə təşəkkür edirəm”, - Vüsalə Ramazanova qeyd etdi.

İlhamə Abduyeva Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində yaşayır. O, imtahandan 61 bal toplayaraq ali məktəbə qəbul olma şansını əldə edib. Gövhər, İsəxan və Vüsalədən fərqli olaraq, İlhamə gələcəkdə müəllimlik ixtisasına yiyələnmək istəyir.

“18 yaşım var. Arif Əliyev adına Talaveri 1 nömrəli orta məktəbini bitirmişəm. Çox sevindim, gözlədiyim nəticədən çox idi. Bu xəbəri ailəmlə bölüşdüm. Riyazi hissəyi Alı, verbal hissəyi isə Şahvələd müəllimin yanında hazırlaşdım. İmtahan çətin deyildi, sadəcə hərkəsdə olduğu kimi biraz həyəcan hissi var idi. Gələcəkdə müəllimlik sahəsi üzrə təhsil alacağam. Müəllimlərimə təşəkkür edirəm”, - İlhamə Abduyeva dedi.

Veysəl Mahmudov Bolnisi rayonunun Daşlıqullar kəndində yaşayır. O, gələcəkdə kompüter elmləri sahəsi üzrə təhsil almağı planlaşdırır.

“Avdallı orta məktəbini bitirmişəm. İlk dəfə cavablar çıxanda 60 bal topladığımı gördükdə çox sevindim, sevincimi ilk olaraq sevdiklərimlə paylaşdım. Məni imtahana hazırlayan Araz Musayevə və Şahvələd müəllimə dərin təşəkkürümü bildirirəm. İmtahana hazırlıq günlərim çox gözəl idi, dərslər biraz çətin olsada qrup yoldaşlarımla birlikdə öhdəsindən gəldik. İmtahan günü gəlib çatdığı an çox sevindim. Neçə ildir ki, gözlədiyim gün gəlib çatmışdı. İmtahanı stressiz şəkildə, asan yazdım, nəticə də gözlədiyim kimi oldu”, - Veysəl Mahmudov bildirdi.

Bolnisi rayonunun Həsənxocalı kəndində yaşayan Günel Yusifova imtahandan 60 bal toplayıb. Onun sözlərinə görə, imtahana hazırlaşmaq ilk başlarda çətin olmayıb.

“Nəticələrin çıxmasını gözləyərkən həddən artıq stres və həyəcan içində idim, imtahanı yaxşı yazmışdım ancaq nəticəmin yaxşı çıxacağından əmin ola bilmirdim. Nəticə açıqlananda sevincimin həddi-hüdudu yox idi. Yanımda anam var idi, ilk onunla paylaşdım daha sonra atamla, qrup yoldaşlarımla, müəllimimlə. Mən imtahanın riyazi hissəsinə hazırlıq üçün Araz Musayevi verbal hissəsinə görə isə Şahvələd Nəbiyevi seçdim. İntensiv olaraq dərslərə hazırlaşırdıq, ancaq vaxt azaldıqca həftənin hər günü, 6-7 saat məşğul olurduq. Bu da bizim yaxşı nəticələr əldə etməyimizə böyük töhfə verdi. İmtahan çətin deyildi, daha yaxşı nəticəyə gələ bilərdim, amma əldə etdiyim nəticədən də razıyam”, - Günel Yusifova qeyd etdi.

Günel hələ ixtisas barədə seçim edə bilmədiyini və bir çox ixtisas haqqında düşündüyünü bildirir. O, hazırlıqda oxuduğu müddət ərzində ən doğru seçimi edəcəyini bildirir.


Print Email
FaceBook Twitter Google