Gürcüstanın baş naziri İrakli Kobaxidze “xarici təsirin
maraqlarını daşıyan təşkilatlar” kimi qeydiyyatdan keçən
qeyri-hökumət təşkilatlarına təşəkkür edib.
O, hökumət administrasiyasında keçirilən mətbuat konfransında
bildirib ki, reyestrə qeydiyyatdan keçmək üçün 450-dən çox təşkilat
müraciət edib.
“Mən bu təşkilatların hər birinə cəmiyyət qarşısında
vətəndaş məsuliyyətinə görə təşəkkür etmək istərdim”,
- deyə İrakli Kobaxidze bildirib.
Davamlı etirazlara və beynəlxalq
tərəfdaşların çağırışlarına
baxmayaraq, Gürcüstan parlamenti “Agentlər haqqında” qanunu üç
oxunuşda qəbul edib və mayın 28-də prezidentin vetosundan keçib.
Prezident, müxalifətçi deputatlar, qeyri-hökumət və media qurumları
qanundan Konstitusiya Məhkəməsinə şikayət ediblər. İş üzrə
tənzimləmə iclası artıq keçirilib - ilkin mərhələdə məhkəmə
məsələyə baxılana qədər qanunun fəaliyyətini dayandırıb-
dayandırmadığını elan etməlidir.
“Agentlər haqqında” qanuna əsasən, maliyyə vəsaitinin 20%-dən
çoxunu xarici donorlardan alan təşkilatlar sentyabrın 2-dək “Xarici
dövlətin maraqlarını daşıyan təşkilatların reyestri”ndə
qeydiyyatdan keçməlidirlər.
Monitorinq zamanı qurumun qanunun “meyarlarına” uyğun gəldiyi,
lakin “xarici dövlətin maraqlarını daşıyan təşkilat” kimi
qeydiyyatdan yayındığı aşkarlanıbsa, qurum onu reyestrdə qeydiyyata
alacaq. Tapılan və qeydiyyata alınmayan “xarici maraq daşıyıcısı”
25 min lari məbləğində cərimələnəcək.