Gürcüstanda hansı müxalifət partiyaları fəaldır? – Marneulidə SORĞU
16:55 / 09.09.2024
2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda Parlament seçkiləri
keçiriləcək.
Seçkiqabağı təbliğat kampaniyası artıq başlayıb. Bununla bağlı
Gürcüstan Prezidenti Salome Zurabişvili 27 avqust tarixində rəsmi
olaraq sərəncam imzalayıb.
Seçkiqabağı təbliğat kampaniyası çərçivəsində bəzi siyasi
partiyalar artıq görüşlərə də başlayıblar. Amma hələ ki, heç bir
partiya namizədlərin siyahısını tam təqdim etməyib. Onlar yaxın
günlərdə siyahıları ictimaiyyətə təqdim edəcəklərini
bildirirlər.
Biz də Marneuli küçələrində sakinlər arasında sorğu keçirdik.
Əhalidən Gürcüstanda hansı müxalifət partiyalarının fəal olduğunu
soruşduq. Sorğuda iştirak edən sakinlərin əksəriyyəti siyasətlə
maraqlanmadığını bildirsələr də, bəziləri “VMH”, “Lelo”
partiyalarını tandıqlarını, bəziləri isə “Gürcü Arzusu”nu
dəstəklədikərini qeyd etdilər.
Qeyd edək ki, bu ilin 26 oktyabr tarixində keçiriləcək seçkilər
yeni sistem ilə, proporsional qaydada və 5%-lik baryer ilə
keçiriləcək. Seçkilərin proporsional qaydada keçirilməsi zamanı
vətəndaş seçkilərdə yalnız bir bülleteni işarələyəcək və istədiyi
partiyaya səs verəcək.
Bu il ilk dəfə olaraq seçkilər elektron qaydada keçiriləcək.
Seçicilərin demək olar ki, 90% elektron qaydada səs verəcəklər.
Amma bəzi məntəqələrdə isə seçkilərdə səsvermə yenə də ənənəvi
qaydada baş tutacaq.