Oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkilərinin
keçirilməsi nəzərdə tutulduğundan ölkənin 10-cu çağırış parlamenti
işini başa çatdırıb.
Bu barədə Gürcüstanın qanunverici orqanının vitse-spikeri Giorgi
Kaxiani plenar iclası yekunlaşdırarkən bildirib.
“Bilirsiniz ki, parlament seçkilərinə bir ay qalmış
parlamentin iclasları keçirilmir, lakin lazım gələrsə, parlament
yenidən toplaşa bilər. Amma böyük ehtimalla bu gün parlamentin bu
çağırışı üçün son gün idi. İclas başa çatdı, sizə uğurlar
arzulayıram”, - Kaxiani deyib.
Gürcüstan Konstitusiyasına əsasən, seçkilərdən sonra Mərkəzi Seçki
Komissiyası səsvermənin yekun nəticələrini elan etməsinin ardından
yeni parlament toplaşacaq.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da
keçiriləcək. Artıq 12 ildir hakimiyyətdə olan hakim partiya 4-cü
dəfə qalib gəlməyə çalışacaq. Vahid Milli Hərəkat Partiyası onun
əsas rəqibi hesab olunur. Ən çox səs toplayan partiya hökuməti
quracaq baş nazir namizədini irəli sürəcək.