Marneuli bələdiyyəsinin uşaq bağçaları bu gün, 19 sentyabr
tarixində 4 saat tez bağlanacaq.
Marneulinin müxtəlif bağçalarından valideynlər “Marneuli” radiosuna
bildiriblər ki, bağça müəllimləri və rəhbərləri uşaqları bağçadan
tez aparmağı xahiş ediblər.
Valideynlərə dəqiq səbəbi heç kim açıqlamayıb, bəzilərinə deyiblər
ki, bağçalarda saat 2-dən sonra su kəsiləcək, bəzilərinə isə təlimə
getdiklərini söyləyiblər.
“Məsələn, mən dünən soruşanda ki, bağça niyə olmayacaq,
dedilər ki, saat 2-dən sonra su olmayacaq və uşaqların bağçada
qalmasının mənası yoxdur”, – kimliyinin bilinməsini
istəməyən valideyn bildirir.
“Sosial şəbəkədə uşaqların çatı var, yazıblar ki, saat
2-dən sonra aparın”, – daha bir kimliyinin
açıqlanmasını istəməyən valideyn bildirir.
“Bilmirəm, nə baş verir, dedilər, təlimlər var ona görə
uşaqları tez aparın” – ad və soyadını qeyd
etmədiyimiz daha bir valideyn bildirir.
(Marneuli bağçalarının birinin çatında yazışma).
Bağçalardan uşaqların buraxılmasının Gürcü Arzusunun bu gün
Rustavidə keçiriləcək seçkiqabağı görüşü ilə əlaqədar olub-olmaması
ilə bağlı suala Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri cavab
vermədi. Telefonda məsələni dedikdən sonra görüşdə olduğunu
bildirdi və telefonu söndürdü.
Marneuli nəqliyyat şirkəti “Ekspressturist”in rəhbəri ilə məlumatı
dəqiqləşdirmək istədik. Şirkətin nəqliyyat vasitələri əksər
hallarda hakimiyyətin planlaşdırdığı aksiyalara sərnişin
aparır.
Yuri Samxaradze zəngimizdə telefonu söndürdü, sonra özü zəng vurdu.
Bizdə elə təəssürat yarandı ki, bu dəfə mətn hazırlamışdı. O,
təsdiq etdi ki, "Gürcü Arzusu"nun planlaşdırdığı aksiyaya onun
nəqliyyat vasitələri sürücülərin öz istəyi ilə gedəcəklər. Ancaq o,
bizi əmin etdi ki, bu böyük miqdar deyil və Marneulidə qalan
əhalinin hərəkət etməsinə maneəçilik yaranmayacaq.
“Çox deyil, sürücülərin özləri xahiş etdilər ki, onlar
(xalq) icarə edib. Sürücülər xahiş etdilər və maneçilik
yaranmayacaq. Öz vəsaitləri ilə gedirlər (əhali)”, –
Yuri Samxaradze bildirir.
“Gürcü Arzusunun seçki kampaniyası çərçivəsində regional tədbirlər
Kvemo Kartlidə bu dəfə Rustavi bələdiyyəsində keçiriləcək.
Görüşdə hakim partiyanın liderləri çıxış edəcəklər, tədbir saat
20:00-da başlayacaq.