Yetkinlik yaşına çatmamış qızın qaçırılması ilə bağlı
hüquq-mühafizə orqanlarına məlumat verən mülki fəalla qaçırılan
qızın qohumu əlaqə saxlayıb
və ailə işlərinə qarışmamasını tələb edib.
“Oğlan da bizimdir, qız da. Nə edəcəyimizi səndən
soruşacağıq? Xahiş edirəm, müdaxilə etməyin. Ailə nəyi vacib hesab
edəcəksə, onu edəcəyik”, – qızın əmisi Tozu
Gülməmmədliyə bu məzmunda səsli mesaj göndərib.
Gülməmmədlinin sözlərinə görə, qaçırılmış qızın əmisi qızın artıq
nişanlı olduğunu və ailələrin öz aralarında razılığa gəldiklərini
də bildirib.
“İndi yazıb ki, bunları dünən nişanlandırdıq, artıq nişanlıdırlar.
Uşaq məktəbə gedəcək və heç bir problem yoxdur. Real olaraq, bu
uşağı qaçırıblar, güclü qohumları polisə zəng vurmaq istəmirdilər,
barışıqlıq olub, artıq nişanlanıblar və yəqin bu vəziyyətin
sakitləşməsini gözləyirlər ki, evləndirsinlər”, –
mülki fəal bildirir.
“Marneuli” radiosu qızın təhsil aldığı məktəbin direktoru ilə əlaqə
saxladı. O, bizimlə söhbəti zamanı bildirdi ki, dünən, 2 oktyabr
tarixində, qız yeddinci dərs bitənə kimi məktəbdə olub, sonra isə
sinif yoldaşları ilə birlikdə məktəbi tərk edib. Direktor bildirdi
ki, 16 yaşlı yeniyetmə artıq valideynlərinin evindədir.
“Marneuli” radiosunun məlumatına
görə, Daxili İşlər Nazirliyi
azadlıqdan qeyri-qanuni şəkildə məhrum etmə maddəsi ilə 112-yə
daxil olmuş məlumat əsasında istintaqa başlayıb. DİN-dən indiki
mərhələdə əlavə şərh vermirlər.
“Marneuli” radiosu ilə söhbəti zamanı mülki fəal və hüquq
müdafiəçisi Tozu Gülməmmədli bildirdi ki, hüquq-mühafizə orqanları
səmərəli işləmir və Gürcüstan qanunvericiliyi yetkinlik yaşına
çatmayan qızları nişanlanmaqdan qorumur.
“Biz nişanlanmanın qadağan olunmasını istəyirik.
Əslində elə olub ki, azyaşlıya qarşı qanun pozuntusu edilib, amma
bizdə qanunda boşluq olduğu üçün bundan istifadə ediblər, qız yenə
zərər çəkib. Bu qızın məktəbi bitirib-bitirməyəcəyini bilmirik və
əslində bizim nişan qanunumuz olmadığı üçün daha bir azyaşlı
qurbanımız var. Dövlət qızlarımızı lazımi səviyyədə qorumur.
Səmərəli araşdırma da yoxdur. Deyirlər, dünən polislər gedibmiş,
amma bilmirəm. Başa düşmürlər, bunun nə olduğunu müəyyən edə
bilmirlər. Başa düşmürlər ki, uşaq zorakılığın qurbanı olur? Bu
nişan, bu üzük heç nə demək deyilmi? Uşağa gəlincə, o, ümumiyyətlə,
bu prosesə qarışmamalı, nişan faktı da olmamalıdır”,
– Tozu Gülməmmədli bildirdi.
Xatırladırıq ki, dünən,
2 oktyabr tarixində Bolnisi bələdiyyəsinin
kəndlərindən birində məktəbə yaxın ərazidən azyaşlı qızın
qaçırılması barədə məlumat yayılmışdı. Mülki fəal və hüquq
müdafiəçisi Tozu Gülməmmədli qızın qaçırılması ilə bağlı
hüquq-mühafizə orqanlarına məlumat verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415