Marneulidə seçkilərin saxtalaşdırılmasında iştirak edən şəxslər – “TV Pirveli”-nin araşdırma materialı
14:02 / 04.11.2024
“TV Pirveli”-nin araşdırma qrupu tərəfindən seçkilərin
saxtalaşdırılması ilə bağlı hazırlanmış materialda Marneulidə
seçkilərin saxtalaşdırılmasından da söhbət açılıb.
Maia Naveriani, Mirzə Darğallı, Tural Mustafayev – bu “Nodar
Meladzenin Şənbəsi”-ndə yayımlanan araşdırma materialında yer alan
şəxslərin kiçik siyahısıdır.
Materialda Marneuli meriyasının Maliyyə-büdcə Xidmətinin keçmiş
rəhbəri Maia Naveriani də yer alıb. Naveriani indi də Marneuli
meriyasında işləyir.
O, seçkilərdə Marneulinin 4 saylı seçki məntəqəsində qeydiyyatçı
olaraq fəaliyyət göstərirdi. Araşdırma materialından görünür ki,
məhz qeydiyyatçılar seçkilərin saxtalaşdırılmasının əsas bəndini
təşkil edirdilər.
Məntəqədə çəkilmiş videolardan görünür ki, vətəndaşlar başqa
şəxslərin pasportları və şəxsiyyət vəsiqələri ilə Maia Naverianinin
yanına gedərək səs verməyə cəhd göstərirlər. Müşahidəçilər və media
nümayəndələri başqasının şəxsiyyət vəsiqəsi ilə səs verməyə,
seçkidə iştirak etməyə cəhd göstərən bir neçə vətəndaşa mane
olublar.
“TV Pirveli”-nin araşdırmaçı jurnalistləri Maia Naverianidən də
müsahibə almağa çalışıblar, amma o, kadrlardan gizlənib –
Naverianinin həyat yoldaşı isə jurnalistləri öldürməklə
hədələyib.
Araşdırma materialında daha bir qeydiyyatçı, Tural Mustafayevdən
söhbət açılıb. O, Əzizkənd ictimai məktəb direktorunun müavinidir.
Jurnalistlər ittihama cavab almaq üçün Mustafayevin evinə gediblər,
Mustafayevin atası isə 32 yaşlı oğluna jurnalistlərlə söhbət etməyə
icazə verməyib.
Seçkilər günü Parlamentin Marneuli və Qardabani seçki dairəsindən
majoritar deputatı, “Gürcü Arzusu”-nun üzvü Zaur Darğallının
qardaşı Mirzə Darğallının pasportu ilə yad şəxs səs verməyə cəhd
edirmiş. Müşahidəçilər vətəndaşa Mirzə Darğallının pasportu ilə səs
verməyə imkan verməyiblər. Araşdırma materialında vətəndaşların
başqa adamın şəxsiyyət vəsiqəsi və pasportu ilə səs verməyə cəhd
göstərdiyi, Mirzə Darğallı ilə bağlı, eləcə də digər hallardan
söhbət açılır.
Marneuli bələdiyyəsinin Keşəli kəndində yaşayan qadının şəxsiyyət
vəsiqəsi ilə də başqa adam səs verməyə cəhd göstərirmiş.
Televiziya süjetdə səslərin saxtalaşdırılması sxemini təsvir
edərkən seçki prosesinə gizli çağrı mərkəzləri və “kapitan”-ların
cəlb olunmasından bəhs edib. “Nodar Meladzenin Şənbəsi”-ndə
yayımlanan məlumata görə, bütün seçki məntəqələri yaxınlığında
“Gürcü arzusu”-nu dəstəkləyən və ya partiya tərəfindən qorxudulan
seçicilərin fəaliyyətini izləyən çağrı mərkəzi yerləşirmiş. Çağrı
mərkəzlərinin koordinatorlarını isə kapitan adlandırırlarmış.
26 oktyabr tarixində Gürcüstanda Parlament seçkiləri keçirilib.
Vətəndaş sektoru və müxalifət seçkiləri tanımır – onlar seçkilərin
Beynəlxalq Seçki Komissiyasının nəzarəti altında yenidən
keçirilməsini tələb edirlər.