Tbilisi Şəhər Məhkəməsi Elvin Kərimova 8 günlük inzibati həbs
cəzası verib.
O, 3-4 dekabr gecəsi Tbilisidə keçirilən etiraz aksiyası zamanı
zorakı şəkildə saxlanılıb və döyülüb.
Elvin Kərimovun vəkili Ayhan Həsənlinin sözlərinə görə, məhkəmə
prosesi ədalətsiz keçib:
"Bu prosesdə biz anlamadıq ki, hakim digər tərəfin
vəkili idi, yoxsa neçə tərəf var idi. Şahidlərə sual vermək üçün
hər birimizə cəmi 5 dəqiqə vaxt ayrıldı. 5 dəqiqədə iki sual belə
verib çatdıra bilmirdik. Elvinin saxlanılması ilə tərtib olunan
protokol arasında təxminən 3 saatlıq fərq var idi. Lakin bu 3 saat
ərzində Elvinin harada olduğunu və nə etdiyini açıqlaya bilmədilər.
Niyə məhz 3 saatdan sonra protokol hazırlandı? Heç bir suala
cavabları yox idi. Təkcə polislər onu deyirdi ki, Elvin aqressiv və
hər hansı qrupla bir yerdə idi", - Ayhan
Həsənli.
Vəkilin sözlərinə görə, Elvin Kərimov təxminən 10 xüsusi təyinatlı
tərəfindən döyülüb, mobil telefonu və avtomobilinin açarları
əlindən alınıb. Saxlanılma zamanı xüsusi təyinatlılar ona
bildiriblər ki, hüquqlarını Azərbaycan prezidenti İlham Əliyevdən
tələb etsin.
Artıq 8 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantika kursunu
dəyişməsi ilə əlaqədar bütün Gürcüstanda etiraz aksiyaları
keçirilir.
Rustavelidə Parlament binası qarşısında təhlükəsizlik qüvvələrinin
nümayəndələri aksiya iştirakçılarını vəhşicəsinə dağıdıblar.
Yayılan görüntülərdə bir qrup təhlükəsizlik qüvvələrinin aksiya
iştirakçılarını necə döydüyü görünür. Etirazçıların daha çox üzünə
zərbələr endirilir, onlar həbs olunarkən fiziki və şifahi
təhqirlərə məruz qaldıqlarını iddia edirlər. Hazırda yüzlərlə
vətəndaş silahlı qüvvələr tərəfindən həbs edilib və xəsarət alıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının nümayəndələri
jurnalistlərə də hücum edirlər.Aksiyanı işıqlandıran onlarla
jurnalist xəsarət alıb.