Rustaveli prospektində, Respublika Meydanı yaxınlığında, zeytun
ağacının yanında polis əlilliyi olan şəxslərin hüquqlarını müdafiə
edən Gia Cvarşeişvilini saxlayıb.
Radio Azadlıq jurnalistinə ərazidə olan patrul polis əməkdaşı
bildirib ki, Cvarşeişvili ehtimal ki, inzibati hüquq pozuntusuna
görə saxlanılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Cvarşeişvili Aladaşvili
Klinikasına aparılıb.
Hazırda hüquq müdafiəçisinin hansı maddə ilə saxlanıldığı və
sağlamlıq vəziyyəti haqqında məlumat yoxdur.
Gia Cvarşeişvili bir ay əvvəl də saxlanılmışdı. Dekabrın əvvəlində
Rustaveli prospektində keçirilən etiraz aksiyasında o,
hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Həmin vaxt Cvarşeişvili Radio Azadlığa danışıb ki, saxlanılarkən
polislər ona fiziki güc tətbiq ediblər: “Məni maşının uzun
oturacaqları arasına atdılar, ayaqları ilə üstümə çıxdılar. Üzümü
qorumaq üçün oturacağın altına çəkilməyə çalışırdım, amma yuxarıdan
ayaqqabı ilə elə güclə vururdular ki, zərbələrdən qaçmaq mümkün
deyildi”.