"Bidzina İvanişvilinin bizimlə əlaqə qurmağa cəhdi olub" -Mamuka Xazaradze
Mamuka Xazaradze: "Bidzina İvanişvilinin bizimlə əlaqə qurmağa cəhdi olub, amma razılaşma olmayacaq"

"Lelo" partiyasının lideri Mamuka Xazaradzenin sözlərinə görə, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili iki dəfə onlarla əlaqə qurmağa cəhd edib. Bu barədə Xazaradze "TV Pirveli"nin efirində danışıb.

"Bidzina İvanişvilinin bizimlə iki dəfə əlaqə qurmağa cəhdi olub. Cavab olaraq o öyrəndi ki, onunla və
ölkəni bataqlığa sürükləyən insanlarla heç bir razılaşma olmayacaq. Biz yol ayrıcındayıq - bir tərəfdə Rusiya və keçmiş, digər tərəfdə isə gələcək var. Onun dəyərləri qarışıqdır və düşünür ki, hər şeyi öz xeyrinə tənzimləyə bilər. O, bu ölkəyə şirkət kimi baxır. Elə bilir ki, hər kəsin marağı var. Bu insan öz düşüncə tərzi ilə təhlükəlidir," – deyə Xazaradze bildirib.

"Seçkilərdən sonra bizə adam göndərdi"
Aparıcının, əlaqənin nə zaman və hansı formada baş tutduğu barədə sualına Xazaradze bildirib ki, İvanişvili seçkilərdən sonra onlara "adam göndərib".

"Seçkilərdən sonra bizə adam göndərdi, çünki gözləmirdi ki, biz bu seçkiləri qeyri-legitim elan edəcəyik. Bu onun üçün ilk şok idi. O düşünürdü ki, bu seçkiləri də əvvəlki kimi ört-basdır edəcək, necə ki, Şarl Mişelin sənədini etdirdi," – deyə Xazaradze qeyd edib.

Xazaradze əlavə edib ki, bu, parlamentə daxil olmaq və ya spesifik məsələlərlə bağlı danışıq deyildi: "Bu sadəcə bir yoxlama idi. Onun metodu odur ki, kiməsə nəsə təklif etsin, onu alsın."

2024-cü il seçkiləri və reaksiyalar
Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçirilib. MSK-nın məlumatına görə, seçkilərdə “Gürcü Arzusu” qalib gəlib, dörd müxalifət partiyası isə baryeri keçib: "Dəyişikliklər uğrunda Koalisiya", "Vahid Milli Hərəkat", "Güclü Gürcüstan" və "Gürcüstan Uğrunda".

Bununla belə, müxalifət partiyaları, Gürcüstanın beşinci prezidenti və beynəlxalq müşahidə təşkilatları bu seçkiləri saxta hesab edirlər. Beynəlxalq tərəfdaşların da sualları var.

Parlament seçkilərindən sonra ölkədə siyasi böhran dərinləşdi və kütləvi etiraz aksiyaları başladı. Müxalifətin əsas tələbi isə yeni seçkilərin təyin olunmasıdır.
Print Email
FaceBook Twitter Google