Prokurorluğun məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi təqdim
olunan iddiaları tam qəbul edərək Avropa İttifaqı ölkələrindəki
kitabxanalardan bahalı kitabların oğurlanması faktları ilə bağlı
ittiham olunan 5 nəfəri təqsirli bilib.
Bəyanata əsasən, 3 nəfərə 5 il, birinə isə 4 il 9 ay müddətinə
azadlıqdan məhrumetmə cəzası təyin edilib. Digər bir ittiham olunan
şəxslə isə prosessual razılaşma əldə
edilib və ona şərti cəza
verilib.
"Məhkəmə prosesində araşdırılmış sübutlarla təsdiqlənib
ki, 2022-ci ilin əvvəlindən Gürcüstan vətəndaşları mütəşəkkil
cinayətkar qrup yaradaraq Avropada 19-cu əsrin müxtəlif
müəlliflərinin bahalı kitablarını gizlicə ələ keçirmək və sonradan
satmaq məqsədi ilə fəaliyyət göstəriblər. Bunun üçün mütəşəkkil
qrup üzvləri saxta şəxsiyyət vəsiqələrindən, uydurma ad və
soyadlardan istifadə edərək əsl kitabların əvəzinə əvvəlcədən
hazırlanmış saxta nüsxələrlə əvəz ediblər. Cinayət planına görə,
qrup üzvləri Fransanın, Almaniyanın, Latviyanın, Litvanın,
Estoniyanın, İsveçrənin, Polşanın və Çexiyanın milli və universitet
kitabxanalarından 19-cu əsr klassik yazarlarının kitablarını oxumaq
üçün götürməli, gizlicə ələ keçirib onları yüksək keyfiyyətli
surətlərlə əvəz etməli idilər.
Bu üsulla mütəşəkkil qrup üzvləri 2022-2023-cü illərdə Avropanın
müxtəlif şəhərlərindəki kitabxanalardan yüz minlərlə avro dəyərində
kitabları gizlicə mənimsəyiblər," – deyə bəyanatda
qeyd olunur.