Salome Zurabişvili: "Bu gün Gürcüstanda siyasi həyat faktiki
olaraq başa çatdı"
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Avropa
İttifaqının üzv ölkələrinin səfirləri və müxalifətlə görüşdən sonra
bəyan edib ki, ölkədə siyasi həyat sona çatıb.
Zurabişvilinin sözlərinə görə, Gürcüstanda repressiyaların
güclənməsi fonunda xarici tərəfdaşlar Bidzina İvanişvilinin "rus
üslublu rejiminə" təzyiqlərini artırmalıdırlar.
"Aİ səfirlərini və qanunsuz Parlamentdə təmsil olunan
partiyaların nümayəndələrini qəbul etdim. Bu gündən onların
mandatları ləğv edilib. Avropalı tərəfdaşlarımızla əsas müzakirə
mövzularından biri Gürcüstanda siyasi həyatın sona çatması idi.
Çünki artıq siyasi məkan qalmayıb. Parlament onsuz da seçkilərdən
bəri siyasi məkan deyildi, Konstitusiya faktiki olaraq qüvvədə
deyil, heç bir hüquq qorunmur – nə ifadə, nə toplantı azadlığı...
Bu səbəbdən seçkilər təyin olunana qədər siyasi həyat haqqında
danışmaq mümkünsüzdür. Hazırda kimsə seçkilərin necə və nə vaxt
keçiriləcəyini deyə bilməz, lakin bu yalnız təzyiqlər nəticəsində
mümkün olacaq. Çünki elə bir ölkə və tarixi nümunə yoxdur ki,
cəmiyyətindən və tərəfdaşlarından tam təcrid olunmuş bir rejim
hakimiyyəti davam etdirə bilsin", – Zurabişvili
bildirib.
O vurğulayıb ki, Gürcüstan nə Rusiya, nə də İrandır ki, uzun müddət
sanksiyalara dözə bilsin və özünü təcrid etsin.
"Bu rejim artıq ölkəni idarə etmir. Sadəcə repressiv
qanunlar qəbul edilir. Xarici siyasət mövcud deyil – yalnız əllə
görüşmək və nəticəsiz səfərlərdən ibarətdir. İqtisadiyyat çökmüş
vəziyyətdədir, investisiyalar dayanıb və guya milyardlarla dollar
gətirəcək saxta memorandumlar imzalanır. Bu gün Gürcüstanda siyasət
mövcud deyil. Ona görə də bəzən müxalifətdən, cəmiyyətdən və hətta
məndən hansı plan və siyasətimiz olduğu soruşulanda, bu absurddur.
Biz elə bir vəziyyətdəyik ki, yeganə yol mübarizədir. Bu mübarizə
bütün cəbhələrdə aparılır", – o əlavə edib.
Zurabişvili bildirib ki, beynəlxalq ictimaiyyət "Gürcü Arzusu"
hakimiyyətinə çoxsaylı tənqidlər səsləndirsə də, hələlik bu rejimə
"rus üslublu diktatura" statusu verilməyib. Onun fikrincə, Qərb
Gürcüstanda yeni seçkilərin keçirilməsi üçün təzyiqlərini
artırmalıdır.
Eyni zamanda, o qeyd edib ki, vicdan məhbuslarının azad olunması
gündəlik tələb kimi qoyulmalıdır.
"Repressiv rejimlər adətən bu tələbləri dərhal yerinə
yetirmirlər, lakin təzyiqlər hər istiqamətdə artırılmalıdır.
Gürcüstan biznesi hələ anlamayıb ki, onun taleyi ölkənin taleyi ilə
bağlıdır, Rusiya ilə yox. Həmçinin, Avropa strukturlarına bağlı
olan ictimai yayımçılara da təzyiqlər göstərilməlidir ki, daxili
repressiyalar dayandırılsın. Mən ali baş komandan olaraq müdafiə
nazirliyində də repressiyalar və işdən çıxarılmaların aparılmasının
yolverilməz olduğunu bildirirəm. Gürcüstan Silahlı Qüvvələrinə
müraciət edirəm: mən sona qədər sizin yanınızda olacağam ki, bu
ölkəni qorumaq üçün bütün imkan və hüquqlarınız təmin
edilsin", – Zurabişvili vurğulayıb.