ABŞ-ın müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, çərşənbə
axşamı az sayda miqrant ABŞ-ın hərbi təyyarəsi ilə Texasdan Kubanın
Quantanamo körfəzindəki təcridxanaya köçürülüb.
Təyyarə Kubaya çatmadan öncə Amerikanın Səsinə adının anomim
qalması şərti ilə danışan müdafiə rəsmisi deyib ki,
adminsitrasiyasının “yüksək təhlükə” hesab etdiyi 20-dən az miqrant
Fort Bliss bazasından Quantanamoya ilk C-17 reysi ilə aparılıb.
ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem çərşənbə axşamı X
sosial media şəbəkəsində bəzi miqrantların hərbi yük təyyarəsinə
minməyə hazırlaşarkən çəkilən fotolarını yerləşdirərək, onları
"pislərin ən pisi" adlandırıb və onları deportasiya etmək
səylərinin yeni başladığına dair xəbərdarlıq edib.
Daha sonra Daxili Təhlükəsizlik Departamenti Texasdan Quantanamo
körfəzinə hərbi təyyarə ilə aparılan miqrantların hamısının
Venesuelada transmilli əhatəyə malik olan Tren de Araqua küçə
qanqster dəstəsinin üzvləri olduğunu bildirib. Rəsmilər onların ilk
dəfə nə vaxt və necə saxlandıqlarını açıqlamayıb.
Ağ Ev Tren de Araquanı Xarici Terror Təşkilatı kimi təyin etmək
planlarını açıqlayıb.
Prezident Donald Trampın ötən ay imzaladığı sərəncamdan bəri,
Pentaqon sənədsiz mühacirlərin saxlanma əməliyyatlarını dəstəkləmək
üçün Quantanamodakı müəssisələri genişləndirmək məqsədilə ora 300
dəniz piyadasını göndərib. Mətbuatda yer alan məlumatlara görə,
onlar miqrantları dəniz bazasının ayrıca hissəsində hasarlanmış
ərazinin içərisində yerləşdirmək üçün çadırlar qurublar. Fox News
xəbər verir ki, həmin müəssisələr hələ miqrantlar üçün hazır
deyil.
Anonim qalma şərti ilə danışan ABŞ rəsmisinin sözlərinə görə,
çərşənbə axşamı ora aparılan miqrantlar ABŞ təcridxanasında
saxlanılacaq. Təcridxanada əsasən hərbi məhbuslar və terrorda
şübhəli bilinən şəxslər, o cümlədən 2001-ci il 11 sentyabr
hücumlarında iştirak edənlər və Taliban üzvləri saxlanılıb.
Tramp ötən ay imzaladığı sərəncamda Müdafiə və Daxili Təhlükəsizlik
Departamentlərinə ABŞ-ın dəniz bazasını 30,000-ə qədər miqrantı
saxlamağa hazırlamağı tapşırıb.
"Onların bəziləri o qədər pisdir ki, hətta ölkələrin
belə onları saxlamasına güvənmirik, çünki onların geri qayıtmasını
istəmirik. Ona görə də onları Quantanamoya
göndərəcəyik," - Tramp deyib.
Barak Obama və Co Baydenin dövründəki Demokratik administrasiyalar
2001-ci il 11 sentyabr hücumlarından qısa müddət sonra ABŞ-ın
Əfqanıstana müdaxiləsinin ardınca 2002-ci ildə Corc Buş
administrasiyası tərəfindən tikilmiş həbs düşərgəsini bağlamağa
çalışıb.
Human Rights First təşkilatının prezidenti və baş icraçı direktoru
Sü Hendrikson açıqlamasında bildirib ki, miqrantları Quantanamoya
göndərmək insan haqları fəlakəti yaradacaq.
"Tramp administrasiyası miqrantların Quantanamoya
göndərilməsinin simvolizmini cəlbedici hesab edə bilər; onun
praktiki nəticəsi daha çox ədalətsizlik, israfçılıq və öz-özünə
səbəb olduğu etibarın itirilməsi olacaq," -
Hendrikson deyib.
Terrora Qarşı Qlobal Müharibənin ən qızğın vaxtında təcridxanada
680-ə yaxın məhbus saxlanılırdı. Pentaqonun bildirdiyinə əsasən,
yanvarın 6-na olan məlumata görə, müəssisədə cəmi 15 məhbus
olub.
Terrorda şübhəli bilinən şəxslərin saxlanması üçün istifadə
edilmədən əvvəl ABŞ-ın dəniz bazası həmçinin 1990-cı illərin
əvvəllərində Kuba və Haitidən olan miqrantların yerləşdirilməsi
üçün istifadə olunub.