Rəsmi Bakı və rəsmi Moskva Azərbaycanın Bakı-Qroznı-Bakı reysini
həyata keçirən təyyarənin Aktau şəhəri yaxınlığında məcburi eniş
edərkən qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin
yaydığı ilkin hesabata münasibət bildirib.
Müstəqil müşahidəçilərin firkincə, rəsmi qurumların məlumatları
arasında ziddiyətlər mövcuddur. Rusiya sərnişin təyyarəsinin bu
ölkənin ərazisində vurulması faktını hələ təsdiq etmir və bunun
üçün araşdırmalara ehtiyac olduğunu bildirir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190”
təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya qəzasının təhqiqatına
dair Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin
hesabat ilkin xarakter daşıyır və insidentin səbəbləri ilə bağlı
heç bir nəticəni ehtiva etmir”.
Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı
Agentliyinin məlumatında deyilir.
Agentlik bildirir ki, komissiyanın işi davam etdiriləcək və baş
verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq.
“Rosaviasiya” eyni zamanda təyyarənin “xarici təsirlər nəticəsində
zədələnməsini” təsdiq edib.
“Lakin hesabatda Qazaxıstan tərəfinin təyyarədə olan
yad obyektləri müəyyən etdiyi əks olunmur, halbuki Rusiyanın
indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza
üçün ona verilməyib. Əvvəllər Aktau aerodromunu müstəqil seçərək
alternativ eniş aerodromunu seçən ekipaj olduğu barədə məlumat
yayılmışdı. Rusiya dispetçerləri tərəfindən təklif edilən
alternativ hava limanları Mahaçqala və Mineralnıye Vodı, bu
aerodromların təyyarələri qəbul etməyə texniki hazırlığına
baxmayaraq ekipaj istifadə etməyib”.

Rusiya Hava Nəqliyyatı Agentliyi həmçinin bildirir ki, quşların
təyyarə ilə toqquşması və oksigen çəninin partlaması ilə bağlı
mesaj Embraer ekipajından gəlib.
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
“Azərbaycan Hava
Yolları” QSC-yə (AZAL) məxsus sərnişin hava gəmisinin uçuşa
başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı
vəziyyətdə olduğunu bildirir
“Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin
uçuşa yararlılıqla əlaqədar məlumatlar FDR (Flight Data Recorder -
uçuş məlumatları qeydiyyatçısı) vasitəsilə öz təsdiqini tapıb. Hava
gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı
texniki problem olmadan çalışıb”.
Nazirlik bildirir ki, hava gəmisi Rusiya hava məkanında, o cümlədən
Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən
GPS siqnallarının itməsi halı ilə üzləşib.
“Hava gəmisi hava şəraitinin əlverişli olmaması
səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən
sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul
edilməsindən sonra Qroznı üzərində CVR-də (Cockpit Voice
Recorder-kabina diktofonu) 24 saniyə aralıqla iki dəfə kənar səsin
gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının
tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən
4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik
sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını
itirməklə sıradan çıxıb”, - məlumatda qeyd
edilir.
Məlumatda deyilir ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib
keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə
video qeydiyyata alınıb.
“Həmin zədələr hava gəmisinin füzelyajının arxa
hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda,
habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Hava gəmisinin
füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri
nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin
hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı
fakt barəsində məlumat təqdim edilməyib”.

Daha sonra 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri
itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı
barədə Qroznıya məlumat verir.
“Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva
edən hər hansı bir məlumat qeyd olunmayıb”, -
nazirlik qeyd edir.
Öz növbəsində Qazaxıstan Nəqliyyat Nazirliyinin “Azərbaycan Hava
Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin qəzasının təhqiqatı ilə
bağlı ilkin hesabatında deyilir ki, 2024-cü il dekabrın 25-də
Rusiyanın Qroznı aerodromuna iki uğursuz eniş cəhdindən sonra
ekipaj Bakıya qayıtmaq qərarına gəlib.
“Sonra, qara qutudan alınan qeydlərə əsasən, səs bumu
qeydə alınıb. Avtopilotun və avtomatik tənzimləyicinin söndürülməsi
üçün səsli siqnal işə salınıb. Geri qayıtma prosesi zamanı
təyyarənin ilkin idarəetmə sistemləri itirilib. 3-cü hidravlik
sistemdə təzyiq 0-a düşüb. 3-cü hidravlik sistemdə mayenin
səviyyəsi 0%-ə düşüb. İdarəetmə səthləri sıfır vəziyyətində
sabitlənib və uçuşun sonuna qədər bu vəziyyətdə qalıb. Təyyarə
meydançasının trim sisteminin nasazlığı qeydə
alınıb”.
Hesabatda bildirilir ki, komissiya təyyarənin konstruksiyalarına
dəyən zərərin ətraflı ekspertizasını davam etdirir.
"Sağ qalan fraqmentlərə ilkin baxış zamanı gövdənin
quyruq hissəsində, şaquli stabilizatorda və stabilizatorda, liftdə
və sükanda müxtəlif ölçülü və formalı çoxlu və açıq olmayan zədələr
aşkar edilib. Analoji zədələr təyyarənin sol mühərrikində və sol
qanadında da aşkar edilib. Təyyarədə, eləcə də təyyarənin vahid və
komponentlərində bəzi yerlərdə zədələnmələr nizamlı düzbucaqlı
formaya malikdir", - sənəddə qeyd edilir.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı
reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi məcburi eniş
edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla,
67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ
qalıb.
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırma
Mərkəzinin (Cenipa) mütəxəssisləri qəzaya uğramış AZAL Hava
Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutularını təhlil
ediblər. Təyyarənin uçuş reqistratorlarının (qara qutularının)
şifrəsinin açılması 2025-ci il yanvarın 7-də başa çatıb. Təyyarənin
şifrəsi açılmış uçuş qeydləri yanvarın 15-də Braziliyadan
Qazaxıstana gətirilib.
ICAO Konvensiyasına uyğun olaraq qəzanın təhqiqatına Qazaxıstan
rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq
ekspertlər və Embraer şirkətinin nümayəndələri iştirak edib.
Azərbaycan mediası həmçinin Euronews və Reuters Rusiya hava
hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması
barədə materiallar dərc edib.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin
Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak
olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə
sağalmasını arzulayıb.
Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya
ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi
kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq
itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə
idarəolunmaz hala salınıb.
Bundan başqa, Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr
istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya
verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də,
digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ
rəsmi açıqlama yoxdur.