Fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya
humanitar yardım göstərilməsi məqsədilə
Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması
və göndərilməsi üçün Energetika Nazirliyinə bir milyon ABŞ
dollarının manat ekvivalentində vəsait ayrılması barədə sərəncam
imzalayıb.
Sənəddə deyilir ki, Ukraynada yaranmış son vəziyyətlə əlaqədar
Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına bir neçə dəfə
humanitar yardım göndərilib.
“Azərbaycan ilə Ukrayna arasında münasibətlər dostluq
və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən
2000-ci il 16 mart tarixli “Azərbaycan və Ukrayna arasında dostluq,
əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may
tarixli “Azərbaycan və Ukrayna arasında dostluq və strateji
tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli
“Azərbaycan Prezidentinin və Ukrayna Prezidentinin Birgə
Bəyannaməsi” əsasında inkişaf edir”, - səarəncamda
qeyd edilir.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq
Ukraynaya humanitar yardımlarını davam etdirir.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və
yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği
33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə
üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi
və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış
Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib,
habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial
təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə
bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə
Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması
üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından
ibarət humanitar yardımlar Ukraynaya çatdırılıb.