Kolagir kəndində məscidin tikintisi ilə bağlı yalnız şifahi vədlər verilib – bu günə qədər rəsmi cavab verilməyib
Bolnisi rayonunun Tsurtavi kəndini (keçmiş adı Kolagir) sakinlər hələ də köhnə və qeyri-rəsmi adı ilə tanıyır. Rəsmi məlumatlara görə, kəndin əhalisi 2 116 nəfərdir.

Yerli sakinlərin sözlərinə görə, kəndin 95%-ni azərbaycanlılar təşkil edir.

Bundan bir neçə həftə əvvəl "Aktual.ge" saytında məlumat yayıldı ki, kəndin sakinləri Bolnisi rayonun Kolagir (Tsurtavi) kəndinin məscid üçün aldıqları torpaq sahəsinə toplaşıblar və
bir neçə il əvvəl onlara verilmiş məscid tikintisi ilə bağlı şifahi vədin yerinə yetirilməsini tələb ediblər.

Kənd əhalisinin istəyi məscidin tikintisi üçün ayrılmış torpaq sahəsinin rəsmi qeydiyyata alınmasıdır.

Qeyd edək ki, dini obyektlər sonradan Gürcüstan dövlətinin nəzarətində olan Dini Məsələlər üzrə Dövlət Agentliyinin himayəsinə verilir.

Lakin məscidin tikintisi adətən yerli əhalinin öz vəsaiti və iştirakı ilə həyata keçirilir.

Məscid tikintisi niyə gecikir?
Kolagir kəndinin sakinləri bildirirlər ki, illərdir, məscid tikintisi üçün müraciət edirlər, lakin rəsmi icazə verilmir. Kolagir sakini 30 yaşlı Nürəddin Nəbiyev "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, aidiyyəti orqanlar onların müraciətinə cavab vermir.

Kolagir kəndində keçirilən aksiya

"Məktəbdə oxuyanda eşidirdim ki, məscidin tikintisi ilə bağlı kəndimizin əhalisi tərəfindən dəfələrlə müraciətlər olunub. Böyüklərimizdən həmişə eşidirik ki, deyirlər – sizin kənddə məscid tikmək olmaz. Sizin kənddə monastır var, kilsə var, heç vaxt məscid olmayıb. Ona görə də bizə icazə vermirlər. Bizə onu səbəb olaraq göstərirlər. Özümüz də araşdırıb, öyrənmişik ki, Konstitusiyada belə bir şey yoxdur. Bununla bağlı dəfələrlə Gürcüstan Müsəlmanları İdarəsinə və meriyaya belə müraciət olunub. Bizim kəndin kökündə məscidin olmamasını səbəb göstərirlər. Başqa heç bir səbəb göstərmirlər."

Aksiyadan sonra təhdidlər başladı
Nürəddin Nəbiyev bildirir ki, aksiyadan sonra ona anonim nömrələrdən hədələyici zənglər gəlməyə başlayıb və ailəsi ilə birlikdə təhlükə altındadır.

"Hətta məni medianı çağırdığıma görə təhdid edirlər. Axundlar da məni təhdid edir, qaldı ki, hakimiyyət. 5 gündür ki, Bolnisidən təhdid dolu zənglər alıram. Məni ailəmlə təhdid edirlər. Mənim özüm ölümdən belə qorxmuram, amma məni ailəmlə təhdid edirlər. Bu hansı qayda qanunda, Konstitusiyada var. Bizim kəndin axundu molla Məhəmməd, Faiq Nəbiyevin tələbəsi deyir – niyə tələb edirsən. Sən bu işə qarışma. Mənə deyirlər ki, sən namaz qılırsanmı, nəyinə lazımdır. Bu nə deməkdir ki, mən namaz qılan deyiləm deyə istəmirəm ki, kəndimizdə məscid olsun? Bəlkə kəndimizdə məscid yoxdur deyə mən utanıram namaz qılmağa. Bəlkə özüm üçün deyil, gələcək nəslimiz üçün istəyirəm. Ola bilməzmi? Bu mənim haqqım deyilmi? Təhdid edirlər ki, sizin kəndinizdə dini təbliğ edənlər var. Sən onların işinə başını soxma. Sən kimsən ki, bu işə qarışırsan. Mənə təzyiqlər çoxdur. Səbəbini anlaya bilmirəm. Mənim heç bir səlahiyyətim yoxdur. Mən sadə bir vətəndaşam. Belə olmaz axı. Təhdidlə bağı heç kimə müraciət edə bilmirəm. Çünki polis belə işimə baxmır. Yəni məni öldürüb küçəyə atsalar belə, polis mənim işimə baxmaz. Amma mən təhdidi gizli nömrədən alıram. Məscidin tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsi kəndimizin əhalisi tərəfindən pul yığılaraq alınıb. Amma o torpaq molla Məhəmmədin adınadır", – Nurəddin Nəbiyev dedi.

Seçkiöncəsi vədlər yerinə yetirilmədi
Nəbiyev onu da bildirir ki, 13 fevral tarixində "kəndə dəstək proqramı" çərçivəsində kənddə görüş keçirilib. Həmin görüşdə məscid məsələsini də gündəliyə gətiriblər.

"Onlar(meriya nümayəndələri) bizə dedilər ki, meriyadan kim deyib ki, məscidin tikintisinə icazə yoxdur. Biz də dedik ki, neçə dəfə müraciət olunub. 20 ildir ki, bu işin arxasındayıq. Dedilər ki, sizə kim deyib ixtiyar yoxdur. Artıq 5-6 ildir ki, Konstitusiyada var ki, dini azlıqlara belə bir şeylər ziddir. Həyatı boyu ola bilməz. Gürcüstan demokratik respublikadır. Burda hər kəsin dini azadlığı var. Belə açıqlama verdilər. Biz də dedik ki, əgər varsa, bu günə qədər heç bir yazılı şəkildə cavab verilmədi ki, doğrudan da gedin başlayın, tikin. Onda da dedilər ki, indi göz önünə gətirəcəyik, baxacağıq. Yəni bu məsələ ilə aksiyadan sonra maraqlanmağa başladılar. Aksiyadan qabaq heç soruşan da yox idi. Bundan sonra maraqlanıb, bizə cavab verəcəklər. Gördülər, xalq çoxdur, doğrudan da xalq istəyir. Bir də ki, gələnlər yeni nümayəndələr idi. Köhnələr deyildi. David Şerazadişvili deyildi. Yeni kadrlar idi", – Nurəddin Nəbiyev dedi.

Bəs rəsmilər bununla bağlı nə deyirlər:
Gürcüstan Müsəlmanları İdarəsinin keçmiş şeyxi, Hacı Ramin İgidov bildirir ki, onun rəhbərlik etdiyi dövrdə Kolagir kəndində məscid tikintisi üçün razılıq əldə edilib.

Hacı Ramin İgidov

"Mənim məsuliyyətdə olduğum müddətdə də Bolnisinin Kolagir kəndində məscidin olmaması və ibadət yerinə ehtiyac olması haqqında müraciət olmuşdu. Biz Dmanisinin Qarabulaq kəndində məscid üçün müraciət etdiyimiz zaman eyni zamanda Bolnisinin Kolagir kəndi üçün də icazə istədik. Bu haqda Dmanisi və Bolnisi bələdiyyələrində dəfələrlə görüşüb, yazılı müraciət də etdik. Nəhayət neçə ay sonra 2023-cü ilin son aylarında biz razılıq əldə edə bildik. Bizə Dini Məsələlər üzrə Dövlət Agentliyindən və aidiyyəti qurumlardan məlumat verildi ki, yeni ildə – yəni 2024-cü ilin əvvəllərində məscidin tikilişinə artıq başlaya biləcəyik. Mən məsuliyyətdən ayrıldığım zaman bu məsələ haqda yeni şeyx Hacı Faiq Nəbiyevə, şura üzvlərinə və yerli inanclı gənclərə məlumat vermişdim. Hal-hazırda Dmanisinin Qarabulaq kəndində icazə əldə olunaraq tikinti başlasa da eşitdim ki, Kolagirdə gecikmə var. Mən hal-hazırda bunun səbəbi və bələdiyyənin cavabı haqda xəbərdar deyiləm. Bu haqda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyevdən ətraflı məlumat ala bilərsiz", – Ramin İgidov bildirir.

Məsələyə aydınlıq gətirmək üçün Gürcüstan Müsəlmanları İdarəsinin hazırkı şeyxi Hacı Faiq Nəbiyev ilə əlaqə saxladıq. O, bildirdi ki, məsələ ilə bağlı məlumatları var və məscidin tikintisi üçün icazə gözlənilir.

Hacı Faiq Nəbiyev

"O barədə bir az gözləyin. İcazəsi yekunlaşır. Dəqiq bilmirik, nə vaxt yekunlaşacaq. Yaxın günlərdə məlum olacaq. Biz bu barədə çalışırıq. İnşallah icazə ilə bağlı yaxşı şey gözləyirik. Siz də bir az səbir edərdiniz, sonu və nəticələrini gözləyək. İnşallah yaxşı cavablar olar. Biz vətəndaşlarla demək olar ki, hər gün çalışırıq. Onların istəyinə görə istəyirik ki, icazəsi alınsın. O yanlış məlumatdır ki, məscidin tikintisi ilə bağlı icazəsi var. Rəsmi şəkildə heç bir yerdən icazəsi yoxdur. Amma icazəni almaq üçün biz çalışırıq. İnşallah yaxın zamanda həll olunacaq. Əhali narahat olmasın. Biz əhali ilə əlaqə saxlayırıq. Bizim bu işlə bağlı çalışmalarmızı onlar da bilirlər. İnşallah yaxşı olacaq", – deyə Hacı Faiq Nəbiyev bildirdi.

Beş ay keçib, amma məscid tikintisi başlamayıb
Kolagir kəndinin əhalisi əsasən müsəlmanlardan ibarətdir. Onlara Parlament seçkiləri zamanı məscid tikiləcəyi vəd edilib.

Xatırlatma:
Qeyd edək ki, belə bir təcrübə Marneuli bələdiyyəsində də baş verib. Belə ki, Axlılələ kəndində yeni məscidin tikintisi zamanı Marneuli meriyası tərəfindən işlər dəfələrlə dayandırılmış və bir neçə dəfə cərimə yazılmışdı.

Məsələ ilə bağlı “Marneuli” radiosu Bolnisi meriyasına müraciət edib. Onlardan cavab aldıqdan sonra xəbər yenilənəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google