İsrail Qəzza, Livan və Suriyaya hava zərbələri endirib
İsrail Qəzza zolağında, Livanda və Suriyanın cənubunda genişmiqyaslı hava hücumları həyata keçirib. Bildirilib ki, hava zərbələri terror hücumları planlaşdıran ekstremistlərə qarşı yönəlmiş hədəfli əməliyyat olub. Bu, regionu qanlı münaqişəyə sürükləmək təhlükəsi yaradan gərginliyi yenidən alovlandırıb.

İsrailin baş naziri Benyamin Netanyahu martın 17-də deyib ki, o, orduya İranın dəstəklədiyi HƏMAS-a (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi
tanınır) qarşı "güclü tədbirlər" görmək barədə göstəriş verib. Netanyahu bunun HƏMAS-ın Qəzzada qalan israilli girovları buraxmaqdan imtina etməsi və yeni atəşkəs təkliflərini rədd etməsinə cavab olduğunu deyib.

"İsrail bundan sonra HƏMAS-a qarşı hərbi gücünü artıraraq hərəkət edəcək", - baş nazir Netanyahunun ofisinin yaydığı bəyanatda bildirilib.

Qəzzadakı Fələstin rəsmilərinin yaydığı məlumata görə, zərbələr nəticəsində azı 80 nəfər ölüb və onlarla insan yaralanıb, ancaq rəsmilər ölənlərin sayının arta biləcəyini bildiriblər. Məlumatı müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

İsrail ordusu isə bildirib ki, zərbələr HƏMAS-ın komandirləri, liderləri və qruplaşmanın infrastrukturunu hədəf alıb.

Ordu HƏMAS-a qarşı hücumları lazım olduğu qədər davam etdirməyə hazır olduğunu və hərbi əməliyyatın hava zərbələrindən kənara çıxa biləcəyini bildirib.

Ağ evin sözçüsü "Fox News"a açıqlamasında bildirib ki, İsrail Qəzzaya son zərbələri ilə bağlı Vaşinqtonla məsləhətləşib.

"Prezident Trampın açıq şəkildə ifadə etdiyi kimi, HƏMAS, (Yəməndəki) Husi qruplaşması, İran və təkcə İsraili deyil, həm də ABŞ-ni terrora məruz qoymaq istəyən hər kəs bunun bədəlini ödəyəcək. Cəhənnəm qopacaq", - Ağ evin mətbuat katibi Karolin Levitt deyib.

"Reuters" yüksəkrütbəli HƏMAS rəsmisinə istinadən bildirib ki, İsrail Qəzzada atəşkəs sazişini birtərəfli ləğv edir və bu addım qalan israilli girovların taleyini təhlükə altına qoyur.

Son hücumlar İsrail və HƏMAS arasında yanvarın 19-da başlayan üçmərhələli atəşkəsi saxlamaq, Qəzzada saxlanılan girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı mübahisələr fonunda baş verib.

Çox sayda girov və məhbusun azad edilməsinə səbəb olan atəşkəs razılaşmasından sonra İsrail ordusu tez-tez HƏMAS-a qarşı, eləcə də Livanın cənubundakı "Hizbullah"ın mövqelərinə zərbələr endirib.

Yenilənmiş hücumlarda İsrail Livanın cənubundakı Yohmor şəhərində iki "Hizbullah" liderini vurduğunu bildirib.

Dekabrda Əsəd rejiminin süqutundan sonra İsrail Suriyanın cənubunda bufer zonanı ələ keçirib. İsrail bu addımı Əsədi devirən və hazırda Suriyaya nəzarət edən keçmiş islamçı üsyançılara qarşı qabaqlayıcı tədbir adlandırıb.

Martın 17-də Suriya rəsmiləri bildirib ki, İsrail cənubdakı Dəraa şəhərində yaşayış məntəqəsinə zərbələr endirib və nəticədə üç nəfər həlak olub.

İsrail tərəfi isə Suriyanın cənubunda Əsəd qüvvələrinin qalıqlarına məxsus hərbi komandanlıq mərkəzlərini və silah obyektlərini hədəf aldığını, bunların İsrail üçün təhlükə yaratdığını bəyan edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google