"Gürcü Arzusu"nun prezidenti Mixeil Kavelaşvili Salome
Zurabişvilinin Kaxa Tsikarişvilinin Ədliyyə Ali Şurasının üzvü
təyin edilməsi haqqında sərəncamını ləğv edib və bu vəzifəyə 4 il
müddətinə Manuçar Kakoçaşvilini təyin edib.
Manuçar Kakoçaşvili Kaxa Tsikarishvilinin təyinatını Tbilisi Şəhər
Məhkəməsində mübahisələndirən namizəd idi.
Kavelaşvilinin ofisinin yaydığı açıqlamaya görə, iş materiallarının
tam öyrənilməsindən sonra Kaxa Tsikarişvilinin Ədliyyə Ali
Şurasının üzvü
təyin olunmasının qanunvericiliklə nəzərdə tutulmuş
prosedur pozuntuları ilə həyata keçirildiyi açıq şəkildə müəyyən
edilib. Bu səbəbdən məhkəmə Manuçar Kakoçaşvilinin iddiasını təmin
edib. Namizədlərlə müsahibə aparıldıqdan sonra və onların haqqında
tam məlumat əldə edildikdən sonra, prezident öz səlahiyyətləri
çərçivəsində Manuçar Kakoçaşvilinin Ədliyyə Ali Şurasının üzvü
təyin olunması barədə qərar qəbul edib.
Kaxa Tsikarişvili Ədliyyə Ali Şurasının hakim olmayan üzvü
vəzifəsinə 15 iyul tarixində prezident Salome Zurabişvili
tərəfindən təyin edilmişdi. Şura üzvlüyünə namizədlərlə müsahibə
aparan xüsusi komissiya prezidentə iki namizəd – Tsikarişvili və
Qiorqi Burcanadzeni təqdim etmişdi. Prezident seçimini
Tsikarişvilinin üzərində saxlamışdı.
Lakin Tsikarişvilinin təyinatından qısa müddət sonra, Manuçar
Kakoçaşvili məhkəməyə müraciət edərək bu təyinatın ləğvini və onun
yerinə özünün təyin edilməsini tələb etdi. Bundan əlavə, məhkəmə
prosesinin başa çatmasına qədər yeni müsabiqənin keçirilməsinin və
başqa bir namizədin (özündən başqa) təyin edilməsinin qadağan
olunmasını istədi.
Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər kollegiyası 22 iyulda
Kakoçaşvilinin tələbini təmin edib. Həmin gün Kaxa Tsikarişvili
Ədliyyə Ali Şurasının üzvü kimi fəaliyyətə başlamalı idi.