„Gürcü Arzusu“ vizasız rejimin mümkün ləğvinə hazırlaşır
Son günlərdə „Gürcü Arzusu“ liderləri və onların tərəfdarları Avropa İttifaqı ilə mövcud olan vizasız rejimin ləğv edilməsinin mümkünlüyü haqqında fəal şəkildə danışmağa başlayıblar. Partiya nümayəndələri öz seçicilərinə izah etməyə çalışırlar ki, Avropa ilə vizasız gediş-gəlişin itirilməsi baş verərsə, bu, hökumətin səhvlərindən deyil, ölkənin öz kimliyini və ənənələrini qorumaqdan imtina etməməsi səbəbindən olacaq.

„Gürcü Arzusu“ Parlamentin deputatı Nino
Tsilosani bildirib ki, viza liberallaşdırılması komfortdur və bu komfort Gürcüstana məhz „Gürcü Arzusu“ hakimiyyəti dövründə əldə edilmiş nailiyyətlər sayəsində verilib. Lakin o əlavə edib ki, „əgər komfort vətənpərvərliklə ziddiyyət təşkil edərsə, gürcü xalqı həmişə öz ölkəsinin vətənpərvəri olub və olacaqdır.“

Daha öncə „Gürcü Arzusu“-nun Parlamentinin sədri Şalva Papuaşvili qeyd edib ki, vizasız rejim„Allahın lütfü“ deyil və onun məhdudlaşdırılması haqqında hər hansı qərarın dramatik təsirə malik olacağına inanmır: „Vizasız rejimin dayandırılması ilə bağlı mən heç bir mənfi qərar gözləmirəm. Vizasız gediş-gəliş Allahın lütfüdürmü? Almanlar üçün bizim də vizasız rejimimiz var, nə olsun ki?“

„Xalqın Qüvvəsi“nin sədri Sozar Subari daha sərt bəyanatla çıxış edərək bildirib ki, viza liberallaşdırılmasının elə də böyük əhəmiyyəti yoxdur ki, bunun əvəzində „gürcü xalqı antimilli və antixristian siyasətə dözsün.“

Müxalifət partiyaları bu bəyanatlara sərt reaksiya verirlər və hesab edirlər ki, hakimiyyət Avropa İttifaqı ilə münasibətlərin pisləşməsi üçün zəmin hazırlayır.

„Lelo - Güclü Gürcüstan“ partiyasının lideri Mamuka Xazaradze bildirib ki, viza liberallaşdırılması gürcü xalqının nailiyyətidir və „Gürcü Arzusu“nun deyil. Onun sözlərinə görə, „xalqın əldə etdiyi uğur xalqa məxsusdur və xalqla qalacaq. Avropa seçimi milli seçimdir və biz bu nailiyyəti sona qədər qoruyacağıq.“

„Gaxariya Gürcüstan Üçün“ partiyasının lideri Giorgi Gaxariya qeyd edib ki, „Gürcü Arzusu“ vizasız rejimin itirilməsi reallığına cəmiyyəti əvvəlcədən hazırlamağa çalışır və məsuliyyəti başqalarına yükləməyə cəhd edir.

Analitiklər və müxalifət nümayəndələri hesab edirlər ki, hakimiyyətin bu mesajları Avropa İttifaqı tərəfindən Gürcüstana qarşı vizasız rejimin dayandırılması təhlükəsinin mövcudluğuna işarə edir. Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimi 2017-ci il 28 mart tarixindən qüvvəyə minib. Viza liberallaşdırılması qüvvəyə mindiyi tarixdən 2023-cü ilə qədər Gürcüstanın 180 000-dən artıq vətəndaşı, əsasən turizm və işgüzar məqsədlərlə bu rejimdən istifadə edib.

Avropa İttifaqı tərəfindən vizasız rejimin saxlanılmasının əsas şərtlərindən biri də azad və ədalətli seçkilərin keçirilməsidir. Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Hersinski dəfələrlə qeyd edib ki, demokratik normalar pozularsa, Avropa İttifaqı Gürcüstan ilə vizasız rejim məsələsinə yenidən baxa bilər.

Hazırda hakim partiyanın bəyanatları açıq şəkildə göstərir ki, iqtidar artıq vizasız rejimin dayandırılması barədə danışmağa başlayıb və cəmiyyəti bu mümkünlüyə öncədən hazırlamaqdadır.
Print Email
FaceBook Twitter Google