Rusiyanın əsirliyində ölən ukraynalı jurnalist Viktoriya Roşinanın
meyiti Ukraynaya daxili orqanlarının bir hissəsi çıxarılaraq və
çoxsaylı işgəncə izləri ilə qaytarılıb.
Bu barədə Fransanın jurnalistlər konsorsiumu olan "Forbidden
Stories"in rəhbərliyi altında altı ölkədən 12 media orqanının
apardığı araşdırmada deyilir. Toplanan məlumatlar ümumi bir
layihədə – "Victoria Project" adlı layihədə birləşdirilib.
2023-cü ilin yayında V.Roşina oğurlanan ukraynalıların
saxlandığı
yerləri tapmaq üçün Rusiyanın işğal etdiyi ərazilərə gedib və özü
də yoxa çıxıb. Bir il yarım sonra onun cəsədi işgəncə izləri ilə
geri qaytarılıb.
Roşinanın meyitinin bu ilin fevralında Ukraynaya qaytarıldığı ötən
həftə məlum olub. Bu, meyitlərin mübadiləsi çərçivəsində baş tutub.
Həmin vaxt Ukraynaya təhvil verilən meyitlər tanınma proseduru üçün
morqlara paylanıb. Jurnalistlərin araşdırmasına görə, Vinnitsa
morquna üzərində "tanınmamış kişi" yazılmış bir paket göndərilib.
Paketdə "bərk dondurulmuş" və çox arıqlamış vəziyyətdə olan bir
qadın meyiti olub. Onun baldırında "7390 Roşina V.V." yazılmış bir
etiket olub. Ekspertiza nəticəsində meyitin Roşinanın
valideynlərinin DNT-si ilə uyğun gəldiyi təsdiqlənib.
Roşinanın meyitinin vəziyyətinə görə ekspertlər onun ölümünün
birbaşa səbəbini müəyyən edə bilməyiblər. Meyitdə göz bəbəkləri,
beyin, qırtlağın bir hissəsi olmayıb, həmçinin hipoid sümüyü
qırılmış vəziyyətdə olub.
Ukrayna Baş Prokurorluğunun nümayəndəsi Yuri Belousov "Vajnıye
İstorii"yə bildirib ki, məhkəmə-tibbi ekspertlər meyitdə "çoxsaylı
işgəncə və qəddar rəftar əlamətləri: bədənin müxtəlif hissələrində
sıyrıqlar və qansızmalar, qırılmış qabırğalar, boyun zədəsi və
ayaqlarda elektrik cərəyanı tətbiqinə bənzər izlər"
aşkarlayıblar.
Roşinanın keçmiş kamera yoldaşlarının dediyinə görə, o, Enerqodarda
saxlanılıb, sonra Melitopola köçürülüb və orada dörd ay ərzində
işgəncəyə məruz qalıb. Daha sonra o, ağır vəziyyətdə Taqanroqdakı 2
saylı İstintaq Təcridxanasına köçürülüb. 2024-cü ilin yayında
Roşina xərəkdə xəstəxanaya aparılıb. Orada müalicə alıb-almadığı
məlum deyil, xəstəxanadan sonra isə onu təkadamlıq kameraya
köçürüblər. Jurnalist sonuncu dəfə 2024-cü il sentyabrın 8-də sağ
görülüb — həmin gün onu kamerasından naməlum istiqamətə
aparıblar.
V.Roşina 2024-cü ilin avqust ayında atası ilə telefonla danışıb və
sentyabrda evdə olacağını söyləyib. Ukrayna hərbi kəşfiyyatının
məlumatına görə, Roşinanın adı əsir və girovların mübadilə
siyahısında olub. Lakin sentyabr ayında baş tutan əsir
mübadiləsində o, iştirak etməyib.
Rusiya Müdafiə Nazirliyi V.Roşinanın 2024-cü il sentyabrın 19-da
öldüyünü iddia edir. Jurnalistin ölüm faktı üzrə Ukrayna Baş
Prokurorluğu "müharibə qanun və adətlərinin pozulması" və "qəsdən
adamöldürmə" maddələri üzrə cinayət işi açıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415