Türkiyə mediası maraqlı tibbi hadisə haqqında yazır – bu hadisə
Konyada baş verib.
67 yaşlı Rəhmi Karademir adlı kişi insult keçirdikdən sonra Konyada
yerləşən universitet klinikasında tibbi müdaxilədən sonra qəfil
danimarka dilində danışmağa başlayıb. O, uzun illər bu dildən
istifadə etməmişdi və eyni zamanda öz ana dili olan türk dilini
tamamilə unutmuşdu.
Kişi 20 il
boyunca Danimarkada yaşamış, sonra isə Konyaya köçmüşdü,
lakin uzun müddət danimarka dilində danışmamışdı.
Aprelin ortalarında ona ortopedik şöbədə diz əməliyyatı aparılıb,
əməliyyatdan iki gün sonra isə sağ əli və ayağı qəfil
hərəkətsizləşib və nitqi pozulub. Diaqnostikadan sonra məlum olub
ki, onun beyninin sol tərəfində əsas arteriyalardan biri qan
laxtası ilə tutulubmuş.
Trombun çıxarılmasından sonra pasiyentin nevroloji simptomları
sürətlə keçib, lakin o, danimarka dilində danışmağa başlayıb.
“Pasiyent artıq türk dilində danışa bilmirdi, lakin
sərbəst şəkildə danimarka dilində danışırdı. Biz düşünürdük ki, bu
dili unutmuşdu. Tibbi ədəbiyyatda nadir hallarda təsvir olunur ki,
çoxdilli insanlar insultdan sonra bir dili itirirlər, digər bir dil
isə qəfil aktivləşir,” –"Anadolu" nəşri klinikanın
həkimi, professor Gökhan Özdemirdən sitat gətirib.
Həkimin sözlərinə görə, gözlənilir ki, pasiyent yaxın vaxtlarda
türk dilini tam bərpa edəcək.
Rehmi Karademirin oğlu bildirib ki, atası uzun illər danimarka
dilində danışmamışdı:
“Danimarka dilində danışmağa başlayanda şoka düşdük. O,
türk dilini başa düşür, amma danışa bilmir.”
“Türkcəni başa düşürəm, amma danışa bilmirəm. Sözləri
yadda saxlamağa çalışıram, yaddaşımı zorlayıram. Ümid edirəm, hər
şey tezliklə keçəcək. Danimarka dili beynimdədir, amma türkcəni
ümumiyyətlə xatırlamıram,” - Rehmi Karademir
vəziyyəti oğluna tərcüməçi vasitəsilə belə izah edib.