ABŞ dövlət katibi Marko Rubio aprelin 29-da xəbərdarlıq edib ki,
əgər Moskva və Kiyev Ukraynada müharibəyə son qoymaq üçün "konkret
təkliflər" irəli sürməsələr,
Birləşmiş Ştatlar vasitəçi kimi geri çəkiləcək.
Dövlət Departamentinin sözçüsü Temmi Brüs Rubionun sözlərinə
istinad edərək jurnalistlərə bildirib ki, artıq
"tərəflərin
bu münaqişəyə necə son qoyulacağına dair konkret təkliflər təqdim
etməsinin vaxtı çatıb".
Əgər
irəliləyiş olmazsa, Birləşmiş Ştatlar
"bu prosesdə
vasitəçi rolundan geri çəkiləcək", – Brüs
vurğulayıb.
Aprelin 29-da BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ
diplomatı Con Kelli qan tökülməsinin davam etməsinə görə Rusiyanı
günahlandırıb. O bildirib ki, bu ölkə
“təəssüf
ki", irimiqyaslı hücumlar həyata keçirib və bu hücumlar
"günahsız mülki şəxslər də daxil olmaqla, lüzumsuz insan
tələfatına səbəb olub".
"Hazırda Rusiya davamlı sülhə nail olmaq üçün böyük bir imkana
sahibdir", – Kelli vurğulayıb və əlavə edib ki,
müharibəyə son qoymaqda məsuliyyət həm Rusiya, həm də Ukraynanın
üzərinə düşür.
Prezident Donald Tramp aprelin 29-da ABC telekanalında yayımlanan
müsahibəsində bildirib ki, onun fikrincə, Rusiya prezidenti
Vladimir Putin Ukraynadakı müharibəni dayandırmaq istəyir. Müsahibə
zamanı ondan Putinin sülh istəyib-istəmədiyi soruşulduqda Tramp
"Fikrimcə, istəyir" cavabını verib.
Tramp və onun nümayəndələri Ukraynaya atəşkəsə razılıq verməsi üçün
təzyiq edirlər. Eyni zamanda Tramp Rusiyanı Ukraynaya hücumu
dayandırmağa çağırır. ABC-yə verdiyi müsahibədə Tramp bildirib:
"Putinin bir neçə şəhər və qəsəbəyə raket atdığını
görəndə mən məmnun olmadım".
Məlumatlara görə, ABŞ prezidenti Rusiyanın Krımı ilhaq etməsini —
demək olar ki, bütün dünya tərəfindən rədd edilən bu addımı — rəsmi
şəkildə tanımağı və ərazi mübadiləsini təklif edib.
"Kiyev nəyin bahasına
olursa-olsun sülhü qəbul edə bilməz"
Prezident Volodimir Zelenski isə 2014-cü ildə Rusiyanın Krımı ilhaq
etməsinin beynəlxalq səviyyədə rəsmi tanınmasına qəti şəkildə qarşı
çıxır.
"Hamımız bu müharibənin ədalətli şəkildə başa çatmasını
istəyirik — Putinə heç bir mükafat, xüsusilə də heç bir ərazi
verilmədən", – Zelenski aprelin 29-da Polşa
tərəfindən təşkil olunan sammitdə videokonfrans vasitəsilə çıxışı
zamanı bildirib.
Təhlükəsizlik Şurasında Fransa və Böyük Britaniya isə ABŞ-nin
vasitəçilik səylərini alqışlayaraq Rusiyanı tənqid ediblər. Rusiya
aprelin 29-da gecə saatlarında dron hücumları həyata keçirərək
Dnepr və Xarkov şəhərlərini hədəfə alıb.
Fransanın xarici işlər və Avropa üzrə naziri Jan-Noel Barro
bildirib ki, Kiyev xoş niyyət nümayiş etdirib. O deyib ki, atəşkəsə
yeganə maneə Ukraynanın "kapitulyasiyasını" tələb edən
Putindir.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Rusiya qüvvələrinin mülki
şəxsləri hədəfə aldığına dair ittihamları rədd edib. O, Ukraynanı
hava hücumundan müdafiə sistemlərini sıx məskunlaşmış ərazilərdə
yerləşdirməklə mülki şəxslərdən "canlı sipər" kimi istifadə etməkdə
günahlandırıb.
O, Kiyevi ABŞ-nin balanslı sülh təkliflərini məsuliyyətsiz şəkildə
rədd etməkdə və Rusiya mülki əhalisini hədəf almaqda ittiham edib.
Nebenzya bildirib ki, Zelenskinin hökumətinə dəstək verən Qərb üçün
onun "qəddar, insanlıqdan uzaq və nasist" mahiyyətini gizlətmək
getdikcə daha çətinləşir.
Ukraynanın xarici işlər nazirinin müavini Mariana Betsa isə BMT
Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib ki, Rusiya
Ukraynanın təslim olmasını istəyir və Kiyev heç bir halda "hər
hansı qiymətə" sülhü qəbul edə bilməz. O vurğulayıb ki, Ukrayna
2014-cü ildən Rusiyanın ələ keçirdiyi Krım da daxil olmaqla, özünün
müvəqqəti işğal olunmuş heç bir ərazisini Rusiya ərazisi kimi
tanımayacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415