Çin, Hindistan və Rusiya Talibanla yaxınlaşmağa çalışır
16:08 / 30.04.2025
2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban
rəhbərliyi xarici hökumətlər tərəfindən təcrid olunsa da,
son zamanlar beynəlxalq əlaqələr qurmaq istiqamətindəki diplomatik
səylərində böyük uğurlar qazanıb.
Bu həftə Hindistanın xüsusi elçisi Anand Prakaş siyasi və ticarət
əlaqələrinin gücləndirilməsi ilə bağlı Talibanın yüksəksəviyyəli
liderləri ilə danışıqlar aparmaq üçün Kabildə idi. Bu səfər
Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovun Daşkənddə
Taliban nümayəndə heyətini qəbul etməsinin ardınca gəlib.
Daşkənddəki görüşdə trans-Əfqanıstan dəmiryol əlaqəsi haqqında
müzakirələr olub. Və ötən həftə, bütün bunların ən böyük uğuru
olaraq, Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarıb,
Kabilə və Moskvaya səfirlərin təyin edilməsi barədə razılığa
gəlinib.
Hələlik, heç bir ölkə Taliban rejimini tanımayıb. Bu silahlı
hökumət insan hüquqlarının, xüsusilə də qadınlar və qızların
hüquqlarının ciddi şəkildə pozulmasına görə geniş tənqid olunur.
Lakin hadisələr onların beynəlxalq aləmdə qəbul edilmə hədəfinə
doğru irəliləyir.
"Böyük güclərin artıq terror təşkilatını tanımaq üçün
bir-biriləri ilə rəqabətə girdiklərinə dair artan hiss
var", - əfqan siyasi analitik Faxim Kuxdomani
"Current Time"a bildirib.
Çin 2024-cü ilin yanvarında Talibanın təyin etdiyi səfiri qəbul
edən ilk ölkə olub. Çin özünün "Bir kəmər, bir yol" təşəbbüsü
çərçivəsində infrastruktur və sərmayə məsələləri üzrə danışıqları
irəlilətməkdədir.
Rusiya Əfqanıstanda nə
istəyir?
Rusiya da Əfqanıstanda iqtisadi maraqlarını inkişaf etdirməyə
çalışır, xüsusilə də mədənçilik və enerji sahələrində. Taliban
hakimiyyəti ələ keçirdikdən sonra Rusiya Kabildə öz səfirliyini
açıq saxlayıb, yalnız rəsmi olaraq səfirliyin statusunu aşağı
salıb.
"Rusiya kəşfiyyat xidmətləri heç vaxt Taliban
komandirləri ilə əlaqələrini kəsməyib", - Kuxdomani
qeyd edib.
Təhlükəsizlik məsələsində Rusiyanın əsas marağı "İslam
Dövləti–Xorasan" qrupuna qarşı mübarizə aparmaqdır. Bu qrup 2024-cü
ilin martında Moskvada "Crocus" konsert zalına ölümcül terror
hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Dehlidə yerləşən "Observer Research Foundation" (OSR) analitik
mərkəzinin əməkdaşı Aleksey Zaxarov isə bildirib ki, Rusiya
Əfqanıstanda iqtisadi gündəmi izləyir.
O, aprelin 28-də yazıb: "Rusiya və Taliban
nümayəndələrinin 2025-ci ilin mayında Kazan Forumunda 50 milyon
kubmetr mayeləşdirilmiş neft qazı (LPG) ilə bağlı müqavilə
imzalaması gözlənilir".
Bu, Cənub və Cənub-Şərqi Asiya bazarlarını hədəfləyəcək.
"Lakin Əfqanıstan vasitəsilə olan marşrutun tutumu və təhlükəsizlik
məsələləri son nəticədə bu razılaşmanın icrasını məhdudlaşdıra
bilər", - Zaxarov əlavə edib.
Rusiyadan Özbəkistan və Əfqanıstandan ərazisindən keçməklə
Pakistana tranzit dəhliz yaratmağa çalışan dəmiryol layihəsi ilə də
bağlı oxşar problemlər meydana çıxa bilər.
Hindistan-Pakistan
gərginliyi
Talibanın cənubdakı qonşusu Pakistanla münasibətləri gərginləşib,
çünki İslamabad Talibanı "Təhrik-e Taliban Pakistan" (TTP)
döyüşçülərinə sığınacaq verməkdə ittiham edir. Pakistan ordusu
aprelin 27-də açıqlayıb ki, sərhədi keçməyə çalışan 54 silahlı
öldürülüb.
Pakistan son həftələrdə 100 minə yaxın əfqan qaçqını terrorizm və
narkotik qaçaqmalçılığında ittiham edərək deportasiya edib.
Viskonsin Universitetinin qlobal məsələlər üzrə müəllimi Nəcib Azar
aprelin 29-da AzadlıqRadiosuna deyib: "Hindistan
Taliban və Pakistan arasında dəyişən münasibətləri diqqətlə
izləyir".
Talibandan əvvəlki Əfqanıstan hökumətinin sözçüsü olan Azar əlavə
edib ki, Hindistan "Bu boşluğu doldurmağa və Pakistanın
Taliban daxilində yaratdığı anti-Hind əhval-ruhiyyəsini yumşaltmağa
çalışır".
Qərb Talibanla
danışırmı?
Qərb gücləri 2021-ci ildə öz qoşunlarını Əfqanıstandan geri
çəkdikdən sonra Talibanla məsafə saxlamaqda israrlı olublar. Onlar
həmçinin insan hüquqları pozuntularına görə Talibanı çox açıq
şəkildə tənqid ediblər.
Amma burada da bir hərəkətlilik var. Martda Britaniya hökumətinin
hesabatında bildirilib ki, London Qətərdəki səfirliyi vasitəsilə
Taliban rəsmiləri ilə "məhdud və praqmatik" əlaqə siyasəti
yürüdür.
Almaniyanın yeni kansleri Fridrix Merts əfqanların deportasiyası
üçün Taliban rəhbərliyi ilə birbaşa danışıqlara çağırış edib.
Xristian demokratların xarici siyasət sözçüsü Yurqen Hardt fevralda
AzadlıqRadiosuna deyib: "Həqiqət budur ki, onlar
hakimiyyətdədirlər".
"Tanınma məsələsi də var. Düşünürəm ki, Avropa İttifaqının bununla
necə məşğul olacağına dair ortaq mövqe olmalıdır. Hələ yox, amma
çox güman ki, xüsusi şəraitdə", - o deyib.
ABŞ rəsmiləri isə Talibanla artıq birbaşa danışıqlar aparıb. Keçən
ay onlar amerikalıların azad olunması üçün Kabildə danışıqlar
keçiriblər. Bunun müqabilində Vaşinqton, Talibanın daxili işlər
naziri də daxil olmaqla, "Haqqani şəbəkəsi"nin üç üzvünün başına
qoyulan mükafatları ləğv edib.
"Mənə elə gəlir ki, Moskvanın Talibanı terror
təşkilatları siyahısından çıxarmaq barədə yekun qərarı Vaşinqtonun
onların liderlərinin başına qoyulan mükafatları silməsindən sonra
verilib", - əfqan politoloq F.Kuxdomani bildirib.
İki amerikalı azad edilib ancaq bir neçəsi hələ də Talibanın
nəzarətində saxlanılır və qarşıda gediləcək yol var. ABŞ hələ də
həm Taliban, həm də "Haqqani şəbəkəsi"ni terror təşkilatı kimi
tanıyır.
Taliban üçün
təhlükələr
Talibandan öncəki Əfqanıstan hökumətinin keçmiş sözçüsü N.Azar
bildirib ki, Taliban bir neçə ölkə ilə daha yaxşı münasibətlər
qurmağa çalışarkən, onun üçün risklər də mövcuddur.
"Risk, son 50 ildə olduğu kimi, qlobal və regional
güclərin Əfqanıstanı öz rəqabətləri üçün döyüş meydanı kimi
istismar etməsinə icazə verməkdədir", - o qeyd edib.
"Talibanın bu güclərlə bağlı balanslaşdırılmış siyasi
mövqeyini qoruyub saxlaya bilmədiyini nəzərə alsaq, onlar yenidən
regionda qeyri-sabitliyin katalizatoruna çevrilmək riski ilə
üzləşirlər".