Lejbəddin sakinləri kənd torpaqlarını qorumaq üçün 2 000-dən çox ağac əkiblər (FOTO/VİDEO)
10:00 / 17.05.2025
Marneuli bələdiyyəsinin Lejbəddin kəndində əhalinin təşəbbüsü ilə
bir sıra ekoloji və ictimai layihələr həyata keçirilir.
Bu təşəbbüslərdən biri kəndin “Cala” adlı
ərazisində 2 000-ə yaxın ağacın əkilməsidir. Layihələr
“Kəndimizi qoruyaq” təşəbbüs qrupu və bu il
yaradılmış “Lejbəddin Xeyriyyə Fondu” tərəfindən
könüllü əsasda icra olunur. Hər iki qrupun tərkibi eynidir.
Təşkilatçıların “Marneuli” radiosuna verdiyi
məlumata görə, xeyriyyə fondunun yaradılması əsasən xaricdə,
xüsusilə Rusiyada və son dövrlərdə Avropa ölkələrində yaşayan kənd
sakinlərinin təşəbbüsü ilə mümkün olub. Hazırda 150-200-dən artıq
Lejbəddin sakini ölkə xaricində yaşayır və kəndin inkişafına həm
maddi, həm də mənəvi dəstək göstərirlər.
Təşəbbüs qruplarının yaranmasına səbəb kənd ərazisində qum
karxanalarının sayının artması və bunun nəticəsində torpaq
sahələrinin zəbt olunması olub. Bu vəziyyətə qarşı yerli
ictimaiyyət müxtəlif etiraz aksiyaları keçirib və torpaqların
qorunması istiqamətində konkret addımlar atılıb.
“Təşəbbüs qrupumuz 2018-ci ildə yaradılıb. İki fərqli
struktur var: biri ‘Kəndimizi qoruyaq’, digəri isə bu il yaradılmış
‘Lejbəddin Xeyriyyə Fondu’dur. Hər iki qrupda eyni şəxslər yer
alır. Xaricdə yaşayan kənd sakinlərinin təşəbbüsü ilə bu
strukturlar formalaşdı. Əsas səbəb kəndimizdə qum karxanalarının
artması və torpaqların qazılaraq zəbt olunması idi,”
– deyə təşkilatçılar bildiriblər.
Təşəbbüs qrupunun ən vacib fəaliyyətlərindən biri ağacəkmə
kampaniyalarıdır. Son iki ildə “Cala” ərazisində 1000-dən çox tut
ağacı və əlavə olaraq 600-700 meyvə ağacı əkilib. Hazırda bəzi
meyvə ağacları artıq bar verməyə başlayıb. Bununla yanaşı onlar 100
şam ağac alıblar. Onun bir qismini qəbirstanlğın ətrafına, qalanını
isə məktəbin ərazisinə əkiblər.
Bundan əlavə, kənd qəbiristanlıqlarının ətrafında abadlıq işləri
aparılır. Lejbəddində iki qəbiristanlıq mövcuddur və onların
hasarlanması və ətraf ərazilərin abadlaşdırılması
planlaşdırılır.
Təşəbbüs qrupunun gələcək planlarına kənddə idman zalının inşası da
daxildir. Bu layihə vasitəsilə gənclərin və uşaqların asudə
vaxtlarını səmərəli keçirmələri və sağlam həyat tərzinin təşviq
olunması hədəflənir.
Təşkilatçılar bildirirlər ki, hazırda həyata keçirilən layihələr
tamamlandıqdan sonra digər sosial təşəbbüslər də icra ediləcək.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166