"Əgər ABŞ prezidenti 'dərin dövləti' zəiflədə bilsə, bu, Gürcüstan-Amerika münasibətlərinə müsbət təsir göstərəcək" – Kobaxidze
“Əgər ABŞ prezidenti ‘dərin dövləti’ zəiflədə bilsə, bu, mütləq şəkildə Gürcüstan-Amerika münasibətlərinə müsbət təsir edəcək. Əgər zəiflədə bilməzsə, o zaman hazırda mövcud olan status-kvo davam edəcək.” – bunu “Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze “İmedis Kvira” verilişinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi ABŞ administrasiyasına mesajlar göndərib və əgər münasibətlərin yenidən qurulmasına maraq varsa, bu istiqamətdə addımları ABŞ tərəfi atmalıdır:

“Hər şey prezident Trampla 'dərin dövlət' arasında olan mübarizənin necə davam edəcəyindən və necə yekunlaşacağından asılıdır. Bu mübarizə barədə prezident administrasiyasının nümayəndələri açıq danışırlar.
Əgər prezident 'dərin dövləti' zəiflədə bilsə, bu, Gürcüstan-Amerika münasibətlərinə müsbət təsir edəcək. Əgər zəiflədə bilməzsə, bu günkü vəziyyət olduğu kimi qalacaq.
Bundan əlavə, xatırlamalıyıq ki, elə həmin 'Dostluq Aktı' qəbul olundu. Hazırda qüvvədə olan sanksiyalar tətbiq olunub – o cümlədən baş nazirin müavininə və daxili işlər nazirinə qarşı. Buna görə deyirəm ki, bu passiv səssizlik və ya passiv mövqe deyil.
Mövcud vəziyyətin dəyişməsinə ehtiyacımız var. Əgər ABŞ tərəfinin də münasibətlərin yenidən qurulmasına marağı varsa, o zaman addımlar atılmalıdır. Lakin bu, bizdən asılı deyil. Bizim tərəfdən atılmalı olan addımlar atılıb, mesajlarımız administrasiyaya çatdırılıb – görək onların reaksiyası necə olacaq.”
– deyə Kobaxidze bildirib.

Mayın 13-də, “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze Facebook səhifəsində açıq məktub da yayımlayıb və bu məktubla ABŞ prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vense (J. D. Vance) müraciət edib.

Kobaxidzenin sözlərinə görə, bir neçə həftə əvvəl Gürcüstan-Amerika münasibətləri ilə bağlı yazılmış məktuba cavab verilməyib. O, məktubda münasibətlərin “təmiz səhifədən” başlamasına dair hazırlıq ifadə olunmasına baxmayaraq, bu cavabsızlığın təəccüblü olduğunu bildirib – xüsusilə də “Gürcü Arzusu” ilə ABŞ-ın hazırkı administrasiyası arasında dəyər baxımından uyğunluq olduğunu nəzərə alaraq.

Həmin məktubda Kobaxidze ABŞ administrasiyasının Gürcüstanın vitse-premyerinə və digər hakimiyyət nümayəndələrinə qarşı tətbiq etdiyi “sanksiyaları” anlaşılmaz adlandırıb. Onun fikrincə, bu şəxslər ABŞ-ın və USAID xətti ilə maliyyələşdirilən “inqilab cəhdini” və zorakılığı uğurla dayandırıblar.

2024-cü il dekabrın 27-də ABŞ Maliyyə Nazirliyi milyarder sabiq baş nazir Bidzina İvanişviliyə – “Gürcü Arzusu”nun qurucusu və fəxri sədrinə qarşı sanksiyalar tətbiq etdi. Bu qərar, Gürcüstanda davam edən pro-Avropa etiraz aksiyalarının 30-cu günündə və “Gürcü Arzusu” tərəfindən seçilmiş prezident Mixeil Kavelashvilinin inauqurasiyasına iki gün qalmış qəbul edilmişdi.

Elə həmin məktubda Kobaxidze ABŞ Konqresində qəbul edilmiş “Dostluq Aktı”nı “absurd qanun” adlandırıb və onun Gürcü xalqına və xalqın seçdiyi hökumətə qarşı düşməncəsinə yanaşma ilə dolu olduğunu bildirib.

“Dostluq Aktı” ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında mayın 6-da səsverməyə çıxarılıb və iki partiyanın dəstəyi ilə qəbul olunub.
Qanun layihəsinin rəsmi adı belədir: “Gürcüstanda Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının təsirinə qarşı mübarizə aktı”.
Eyni məzmunda olan “Dostluq Aktı” ABŞ Senatına da təqdim olunub və orada da iki partiyanın dəstəyinə malikdir.

Qanun layihəsi bir tərəfdən Gürcüstanda demokratik geriləməyə və Rusiyanın, Çinin və İranın təsirini artırmağa cavabdeh şəxslərə sanksiyalar nəzərdə tutur, digər tərəfdən isə, ölkənin xarici siyasi kursunu düzəltməsi halında ABŞ ilə sıx əməkdaşlıq vəd edir.
Nümayəndələr Palatasından sonra növbə Senatdadır – qanun layihəsi prezident Donald Trampa imzalanmaq üçün təqdim olunmazdan əvvəl Senatda da təsdiq olunmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google