Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə
atəşkəsə sadiq qalmağa həqiqətən hazırdırmı?
Litvanın xarici işlər naziri Kyastutis Budris belə düşünmür.
AzadlıqRadiosuna verdiyi müsahibədə Budris bildirib ki, Putinin
əməllərindən görünən odur ki,
"onun buna heç marağı
yoxdur".
Budris mayın 19-da AzadlıqRadiosunun Praqadakı mənzil-qərargahında
müsahibəsində deyib:
"Ya atəşkəs, ya da real sülh
danışıqları. Çünki onun necə istifadə edəcəyini bildiyi yeganə
vasitə qəddar güc, terror və təzyiqdir".
O, bu müsahibəni ABŞ prezidenti Donald Trampın Putinlə iki saatlıq
telefon danışığı apardığı gün verib. Telefon danışığı atəşkəslə
bağlı danışıqlara dərhal başlamaq vədi ilə başa çatıb. Lakin Rusiya
liderinin sonrakı şərhləri bu prosesi mərhələli şəkildə həyata
keçirmək niyyətində olduğunu göstərib. O, səylərin "ümumilikdə
düzgün yolda" olduğunu bildirib.
Tramp vəzifəyə gəldikdən bəri dəfələrlə müharibəyə son qoyacağına
söz verib. ABŞ diplomatları bu ilin əvvəlində Qara dənizdə
kommersiya gəmiçiliyini və mülki infrastrukturu əhatə edən qismən
atəşkəs sazişləri üzrə danışıqlar aparıblar.
Tramp hələ də potensial razılıq əldə etmək üçün Putinlə şəxsən
görüşmək istəyir və ABŞ-nin səylərini vurğulayır. Ancaq nazir
Budris Moskvaya daha güclü təzyiqin lazım ola biləcəyini
düşünür.
"Əgər biz bu məqamda atəşkəsə nail ola bilməmişiksə, bu
o deməkdir ki, Tramp administrasiyasının haqlı olaraq bu aylarda
göstərdiyi bütün diplomatik səylər nəticəsiz qalıb",
– o bildirib.
"Bu isə o deməkdir ki, atəşkəsə və
ardınca sülhə nail olmaq üçün digər alətlər paketini işə
salmalıyıq. Bu alətlər isə əlavə sanksiyalar və Ukraynaya əlavə
dəstək vasitəsilə təzyiqdir".
Tramp, hələlik, Rusiyaya qarşı yeni sanksiyaları imzalamağa hazır
olmadığını bildirib.
Bu arada ABŞ-nin respublikaçı senatoru və Trampın yaxın müttəfiqi
Lindsi Qrem Rusiya neftini alan ölkələrə 500 faiz rüsum tətbiq
etməyi təklif edib.
Litva XİN rəhbəri deyib ki, Rusiyanın enerji ixracatının hədəf
alınması Moskvanı həqiqətən sülh nizamlanmasına doğru irəliləməyə
məcbur edə bilər.
"Biz Rusiyanın büdcəsinə əsas gəlirləri və onların
müharibə maşınına əsas maliyyəni dayandırmalıyıq. Bu da qaz, neft
və LNG (maye təbii qaz) ixracıdır", – o bildirib.
Avropa İttifaqı (Aİ) son iki il ərzində Kremlə qarşı ciddi enerji
sanksiyalarında uğurlu ola bilməyib, baxmayaraq ki, bununla bağlı
çox danışılıb. Əslində, Avropanın Rusiyadan LNG-sinin idxalı
2024-cü ildə əvvəlki illərlə müqayisədə artıb.
Macarıstan Rusiyaya qarşı bütün sektoral sanksiyalara veto
qoyacağına işarə edib və bunun əvəzinə Avropa Komissiyası Rusiya
qazının tədricən Aİ bazarından çıxarılmasını təklif edib — bu isə
tam şəkildə yalnız 2027-ci ilin sonuna doğru həyata keçirilə
bilər.
Belarusun məhkəməyə
verilməsi
Budris həmçinin izah edib ki, niyə Vilnüs mayın 19-da Belarusun
Litvaya qarşı miqrant qaçaqmalçılığını təşkil etdiyinə görə bu
ölkəni Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) vermək qərarına
gəlib.
Bu fəaliyyət hələ 2021-ci ildə başlayıb, Lukaşenko rejimi, əsasən,
Əfqanıstan, İraq, Suriya və Yəməndən olan miqrantları Belarusa cəlb
edərək onları Latviya, Litva və Polşa kimi Aİ ölkələrinin
sərhədlərini keçməyə təşviq edib.
Hər üç ölkə sərhəd nəzarətini gücləndirib və Aİ Minskə sanksiyalar
tətbiq edib. Lakin Budrisin sözlərinə görə, Vilnüs indi daha bir
addım ataraq məsələni beynəlxalq məhkəməyə çıxarıb.
"Belarus tərəfi bu praktikanı yenidən tətbiq etməyə
cəhd göstərir. Buna görə də biz məsuliyyət tələb edirik və
beynəlxalq ictimaiyyətə göstərməliyik ki, insanları qonşu ölkəyə
qarşı alətə çevirmək bu şəkildə olmamalıdır", – o
bildirib.
Budrisin sözlərinə görə, hüquqi yol həm də çəkindirici rol oynayır:
"Biz məsuliyyətsizliyi cavabsız qoya bilmərik, çünki
gələcəkdə bu cür hərəkətlər başqaları tərəfindən də təkrarlana
bilər".
"Bu səbəbdən də Rusiya indi tarixi yenidən yazmağa və Sovet
cinayətləri ilə bağlı fərqli narrativ danışmağa imkan tapır. Çünki
Sovet cinayətləri heç vaxt xüsusi tribunal qarşısına çıxarılmayıb,
ittiham olunmayıb və cəza almayıb — nasist rejimindən fərqli
olaraq", – nazir əlavə edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415