Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yenicə qəbul edilmiş 17-ci
sanksiyalar paketinin mürəkkəbi hələ qurumamış Avropa liderlərinin
'nəhəng' adlandırdığı
növbəti addım üzərində artıq işlər gedir.
Lakin bəzi analitiklər xəbərdarlıq edir ki, bir çox cəhətdən Aİ
artıq ən güclü kartlarını oynayıb və hazırda əlində çox seçim
qalmayıb — xüsusilə də Vaşinqton Kiyev və Moskva arasında sülh
danışıqlarını təşviq etdiyi bir vaxtda bu prosesə qoşulmaqda
tərəddüd göstərdiyi halda.
Kiyevdə yerləşən 'KSE Institute' analitik mərkəzinin baş
iqtisadçısı Benyamin Hilqenştok AzadlıqRadiosuna deyib:
"Bizim hələ oynaya biləcəyimiz kartlar, əsasən, elə
tədbirlərdir ki, onların həyata keçirilməsi üçün ABŞ-yə ehtiyacımız
olacaq".
"Xüsusilə bu, Rusiya neft və qazının böyük həcmdə
qlobal bazarlardan çıxarılması ilə bağlı olardı", –
deyə Hilqenştok bildirib və əlavə edib ki, Hindistan, Çin və
Türkiyə kimi ölkələr ABŞ-nin ikinci dərəcəli sanksiyalarının
təzyiqi olmadan Rusiya qazı və neftini almağı dayandırmayacaq.
Avropa liderləri mayın 10-da Vaşinqtonun Moskvaya təklif etdiyi 30
günlük atəşkəsi qəbul etmədiyi təqdirdə, Rusiyanı "nəhəng"
sanksiyalarla hədələyiblər. Onlar bildirib ki, bu tələb ABŞ
prezidenti Donald Trampla razılaşdırıldıqdan sonra irəli sürülüb.
Bu addım oyunun gedişatını dəyişəcək bir məqam olmalı idi, lakin
görünən odur ki, transatlantik razılaşma qısa zamanda pozulub.
Rusiya prezidenti Vladimir Putin mayın 19-da Tramp ilə telefon
danışığı zamanı atəşkəslə bağlı öhdəlik götürməyib, lakin Tramp bu
danışığı müsbət qiymətləndirib. O, Rusiyaya qarşı yeni ABŞ
sanksiyalarını elan etməyə meylli görünməyib. Tramp deyib ki, bu
mərhələdə sanksiya tətbiq etmək danışıqları təhlükəyə ata və
vəziyyəti daha da pisləşdirə bilər.
Boş
təhdid?
Beləliklə, indi Avropa liderləri ABŞ-nin iştirakı olmadan özləri
nəyisə böyük və təsirli bir addım atmalı olacaqlar, əks halda, boş
bir hədə ilə çıxış etdikləri kimi görünə bilərlər. Onlar bunu
bacara bilərmi?
Litvanın xarici işlər naziri Kyastutis Budris bunun mümkün olduğunu
hesab edir. O, AzadlıqRadiosuna bildirib ki, Aİ Rusiyanın enerji
ixracı sahəsindəki təzyiqlərini ikiqat artıra bilər.
"Biz Rusiyanın büdcəsinə və onun müharibə maşınına əsas
gəliri – qaz, neft və mayeləşdirilmiş təbii qaz (LNG) ixracını
dayandırmalıyıq", – o bildirib.
Lakin praktikada İspaniya, Niderland və Belçika kimi ölkələr
əslində ötən illə müqayisədə indi daha çox LNG idxal edirlər.
Budris isə iddia edir ki, qlobal bazarda kifayət qədər alternativ
mövcuddur.
"Bəziləri deyir ki, "bu, çox bahadır, biz bunu ödəyə
bilmərik'" Baxın, biz (Litva) bunu artıq etmişik", –
o əlavə edib.
Lakin qiymətlə bağlı bu arqumentlər göstərir ki, sanksiyaların
zərərli təsirləri keçmişdə Aİ-nin addımlarını ləngidib və gələcəkdə
də ləngidə bilər.
"Sanksiyalar yalnız biz öz istədiyimizdən daha uzağa getməyə hazır
olduğumuz zaman "nəhəng" ola bilər", – Londonda
yerləşən "Royal United Services Institute" (RUSI) beyin mərkəzinin
əməkdaşı Tom Kitinq AzadlıqRadiosuna bildirib. "Yəni, yalnız bizim
öz iqtisadiyyatlarımıza müəyyən mənada zərbə vuran sanksiyalar
tətbiq etməyə hazır olduğumuz zaman", –o fikrini izah edib.
Enerji ixracına zərbə
vurmaq
Hilqenştok iqtisadi səbəblərdən Rusiyanın mayeləşdirilmiş təbii
qazından (LNG) istifadə edən ölkələr ilə Macarıstan və Slovakiya
kimi Moskvayla yaxın siyasi münasibətlərə görə idxal qadağasına
qarşı çıxan ölkələri fərqləndirir.
İqtisadi etirazlar aradan qaldırılsa belə, siyasi amillər bu sahədə
sanksiyaların ciddi şəkildə sərtləşdirilməsini gecikdirə və ya
çətinləşdirə bilər.
Avropa liderləri bildiriblər ki, növbəti sanksiyalar paketi enerji
sektorunu əhatə edəcək, lakin bu, çox geniş bir anlayışdır.
Bəziləri maliyyə tədbirləri də təklif edib.
"Əslində nədən danışdıqları kifayət qədər aydın
deyil", – həmçinin Xarici Münasibətlər üzrə Almaniya
Şurasının əməkdaşı olan Hilqenştok bildirib.
"Onlar edə biləcəklərindən daha artığını vəd edirlərmi?
Məncə, edirlər", – o əlavə edib.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen isə mayın
16-da etdiyi çıxışda növbəti addımlar barədə müəyyən ipucu verib.
O, Rusiya neft və neft məhsullarına qoyulan məhdudiyyətlərdən
yayınmaq üçün istifadə edilən və mülkiyyəti bəlli olmayan gəmilərə
istinad edərək "Bura Rusiya kölgə donanmasının daha çox gəmilərinin
siyahıya alınması üzərində iş daxildir" deyə bildirib.
17-ci sanksiyalar paketi və Britaniyanın eyni gün elan etdiyi
tədbirlər, əvvəlki paketlərin nümunəsinə uyğun olaraq, onlarla
gəmiyə məhdudiyyət tətbiq edir. Beləliklə, yeni gəmilərin
sanksiyalar siyahısına əlavə edilməsi cəsarətli və yeni bir şey
deyil, daha çox məcmu fəaliyyət kimi görünür.
"Söz çox, əməl
yox"
Fon der Lyayen həmçinin Rusiya neftinə tətbiq olunan qiymət
tavanının azaldılmasından da danışıb. Bu da Rusiyanın 2022-ci ildə
Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra tətbiq edilmiş
sanksiyalardan biridir. Lakin bu tədbirin qlobal səviyyədə icrası
üçün ABŞ-nin razılığı tələb olunur.
Üç illik sanksiyalar Rusiya iqtisadiyyatına böyük təsir göstərsə
də, Moskvanın təcavüzünü dayandıra bilməyib.
Buna baxmayaraq, son tədbirləri elan edərkən Avropa siyasətçiləri
qətiyyətli danışıblar.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putini "müharibə
təhrikçisi" adlandıraraq onu 30 günlük atəşkəsə razı olmağa
çağırıb. O əlavə edib:
"Sülh cəhdlərini ləngitmək bizim
Ukraynaya özünü müdafiə etməsində yardım etmək və sanksiyalar
vasitəsilə Putinin müharibə maşınını zəiflətmək əzmimizi yalnız
artıracaq".
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə sosial şəbəkədə
yazıb:
"Rusiyaya qarşı daha çox sanksiyalar
hazırlanır".
Lakin analitik T.Kitinq xəbərdarlıq edir ki, həqiqətən təsirli
sanksiyalarla davam etməmək etibarı sarsıtmaq riski daşıyır.
"Bu, Sergey Lavrov və digərlərinə Avropalılar haqda
"onlar yalnız danışır, amma heç nə etmirlər" demək üçün bol
arqument verir", – o bildirib.
Hilqenştok da bu narahatlığı bölüşüb.
"Biz Vladimir
Putinin bu ultimatuma verdiyi — və ya əslində vermədiyi — cavabı
görürük", –o, mayın 10-da elan olunmuş "nəhəng" sanksiyalar
təhdidinə istinadən bildirib. "Bu, Rusiya tərəfinin nə düşündüyün
aydın şəkildə göstərir".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415