"Gürcü Arzusu" hökumətinin baş naziri İrakli Kobaxidze Tbilisi
meri Kaxa Kaladze haqqında danışarkən bildirib ki, onun qarşıdakı
dörd il üçün ambisiyalı planları var.
Baxmayaraq ki, "Gürcü Arzusu" hələlik 4 oktyabrda keçiriləcək yerli
özünüidarəetmə seçkiləri üçün rəsmi mer namizədlərini açıqlamayıb,
Kobaxidzenin bu bəyanatı ehtimal yaradır ki, Tbilisinin hazırkı
meri növbəti dəfə namizəd ola bilər.
“Kaxa Kaladzenin qarşıdakı dörd il üçün ambisiyalı
planları var. Paytaxtımızın inkişafı üçün çox dəqiq bir plan
hazırlanır və əminəm ki, dörd ildən sonra şəhərimiz daha da inkişaf
etmiş olacaq və bu cür layihələrin sayı artacaq. Əgər Tbilisini
səkkiz il əvvəlki vəziyyəti ilə müqayisə etsək, bu gün şəhərimiz
tamamilə fərqlidir – daha inkişaf etmiş, daha yaşıl, daha gözəldir
və bütün bunlar ilk növbədə şəhər merinin xidmətidir. Bir daha ona
xüsusi təşəkkürümü bildirmək istəyirəm”, – deyə
İrakli Kobaxidze bu gün, 21 may tarixində, Tbilisidə Universitet və
Kavaxaradze küçələrini birləşdirən tunelin açılış mərasimində
çıxışı zamanı bildirib.
Bundan əvvəl, apreldə, İrakli Kobaxidze "Rustavi 2" telekanalına
müsahibəsində demişdi ki, mer namizədi ilə bağlı "siyasi şura
toplanmayıb" və "ona görə də mənim nəyisə 100% təsdiqləmək
səlahiyyətim yoxdur. Amma o, təcrübəsi, reytinqi və gördüyü işlərlə
doğrudan da alternativsizdir".
Yerli özünüidarəetmə seçkiləri 2025-ci il oktyabrın 4-də
keçiriləcək.
Avropayönlü partiyaların əksəriyyəti bu seçkilərə qatılmağı
qeyri-mümkün hesab etdiklərini bildirirlər. "Gürcü Arzusu" isə
bütün 64 bələdiyyədə qalib gəlməyi planlaşdırır.
Kaxa Kaladze Tbilisi meri postuna ikinci müddət üçün 2021-ci ildə
seçilib.