Zuqdidli fəallar “Gürcü Arzusu”nun deputatı İrakli Zarkua barəsində polisə şikayət ediblər
Zuqdidli fəallar Mariam Siçinava və Keren Esebua “Gürcü Arzusu”nun parlament üzvü İrakli Zarkua və onunla birlikdə olan şəxs barəsində polisə şikayət veriblər.

İrakli Zarkua 20 may tarixində müşayiətçisi ilə birlikdə Mariam Siçinava və Keren Esebuaya qarşı sözlə təhqiramiz ifadələr işlədib. Bundan əlavə, Keren Esebuanın telefonu sındırılıb.

Mariam Siçinavanın sözlərinə görə:

“Zarkua və onun müşayiətçisi bizə fiziki toxundu, bu barədə videodəlilimiz var, lakin bu mənim canlı yayımımda görünmür. Bir neçə epizod oldu — Zarkua Kerenin dirsəyindən tutaraq ona qarşı zor tətbiq etməyə çalışdı. Daha sonra isə onun müşayiətçisi Kerenin biləyinə bərk zərbə vuraraq telefonu əlindən saldı. Məhkəmə təyin olunanda bütün videoları təqdim edəcəyik. Kerenin telefonu zədələnib, bizə söyüşlərlə təhqir də etdilər. Bundan sonra biz də cavab verdik və məhz Zarkuanın müşayiətçisi Kerenə əl qaldırdıqdan sonra, videoda mənim söyüşüm eşidilir. Bu da həmin zərbəyə cavab idi”.

O bildirir ki, hadisə ilə bağlı inzibati iş açılıb, lakin istintaqın real nəticə verəcəyinə inanmırlar.

“Zuqdidi polis idarəsinin istintaqı hansı maddə ilə aparacağı məlum deyil. Ola bilər ki, bu, xırda xuliqanlıq kimi qiymətləndirilsin. Amma əmlaka ziyan vurulması artıq cinayət məsuliyyətidir və bu istiqamətdə də istintaq başlanacaq. Ən azı inzibati hüquq pozuntusu ilə bağlı istintaq üçün kifayət qədər sübutlar var”.

Mariam Siçinavanın məlumatına görə, polisə deputat İrakli Zarkua da müraciət edib.

“Tam əmin deyiləm, amma çox güman ki, deputata qarşı təhqir iddiası ilə şikayət edib. Lakin biz də ərizəmizdə qeyd etmişik ki, legitimliyi olmayan bir parlament üzvü Zuqdiddə idi və biz onunla sözlü münaqişəyə girdik. Təxminən bir saata iş materiallarını mənə təqdim etməlidirlər və o zaman hansı maddə ilə işin başladığını biləcəyəm”.

Mariam Siçinavanın canlı yayımından görünür ki, 20 may tarixində “Gürcü Arzusu”nun deputatı İrakli Zarkua və onu müşayiət edən şəxslər “Leta” otelində nahar edirdilər, lakin Zuqdiddəki etiraz aksiyasının iştirakçıları otelə buraxılmadı.

Zarkua oteli tərk etdikdən sonra o və onun müşayiətçiləri Mariam və Kerenə qarşı söyüş və təhqiramiz ifadələr işlədiblər.

Deputat Zarkua oteli fəalların etiraz şüarları altında tərk etmək məcburiyyətində qalıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google