İran hakimiyyəti ictimai yerlərdə it gəzdirməyə qoyulan qadağanı
əhəmiyyətli dərəcədə genişləndirib.
Əvvəllər yalnız paytaxt Tehranla məhdudlaşan bu qadağa indi ölkə
üzrə ən azı 18 şəhərə, o cümlədən İsfahan, Həmədan, İlam və Kirman
kimi böyük şəhərlərə də şamil olunub.
Bu addım ilk dəfə 2019-cu ildə Tehranda it gəzdirməyə qadağa qoyan
polis direktivinə əsaslanır və indi daha da genişləndirilib. Yeni
məhdudiyyətlərə əsasən, itlərin avtomobillərdə daşınması, eləcə də
icazəsiz fəaliyyət göstərən ev heyvanları dükanları və baytarlıq
klinikalarının bağlanması da nəzərdə tutulur.
Rəsmilər bildirir ki, bu qadağa "ictimai asayişi qorumaq,
təhlükəsizliyi təmin etmək və ictimai sağlamlığı müdafiə etmək"
məqsədi daşıyır. Müxtəlif şəhərlərdə hüquq-mühafizə orqanları
qaydanı pozanlara qarşı hüquqi tədbirlərin görüləcəyi barədə
xəbərdarlıq edib.
Qaydanın tətbiqi şəhərlərə görə dəyişsə də, tədbirlər arasında
mümkün həbslər, avtomobillərin müsadirəsi və qaydalara zidd şəkildə
saxlanılan itlərin sahiblərindən alınması kimi cəzalar yer
alır.
İranda it saxlamaq və onları gəzintiyə çıxarmaq uzun illərdir
mübahisəli məsələ sayılır, xüsusilə də 1979-cu il İslam
İnqilabından sonra. Bir çox din xadimləri itləri "murdar" və Qərb
mədəni təsirinin simvolu kimi qəbul edir.
İranda itlərin
sayı
İranın ali dini rəhbəri Əli Xamenei daha əvvəl bildirib ki, it
saxlamaq yalnız sürü güdmək, ov və ya mühafizə məqsədi ilə
olmadıqda "qınanmalıdır". 2021-ci ildə onlarla deputat ev
heyvanları saxlamağı İran və İslami həyat tərzinə xələl gətirə
biləcək "dağıdıcı sosial problem" kimi pisləyib.
Bu fikri bir daha vurğulayan mühafizəkar keçmiş deputat Həsən
Şocayi bildirib ki, əvvəllər itlər insanları qorumaq üçün istifadə
olunurdu, indi isə "onlar evlərin içindədir və uşaqların yerini
tuturlar". Bu isə onun sözlərinə görə, "müasir və Qərbyönümlü" bir
haldır.
"Bu nə bizə, nə bizim İranımıza, nə də bizim İslamımıza
məxsusdur", - o, X sosial şəbəkəsində yazıb.
İranda it saxlamağı qəti şəkildə qadağan edən milli qanun olmasa
da, səlahiyyətlilər bu qadağaları əsaslandırmaq üçün yerli
göstərişlərə, polis təlimatlarına, eləcə də İran Cinayət
Məcəlləsinin və Konstitusiyasının ictimai əxlaq və sağlamlıqla
bağlı bəzi maddələrinə istinad edirlər.
İran mediası bildirir ki, ölkədə saxlanılan ev heyvanlarının, o
cümlədən pişik və itlərin sayı təxminən 6-8 milyon arasındadır.
Dini rəhbərlərə qarşı
müqavimət forması
İran Baytarlar Assosiasiyasının keçmiş rəhbəri Payam Möhəbbi
AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib ki, ev heyvanlarının
saxlanması ilə bağlı qanunların mövcudluğu həm insanlar, həm də
heyvanların qorunması baxımından vacibdir. Lakin o, hakimiyyətin
mövcud yanaşmasını tənqid edib.
"İdarəetmə cəmiyyətin
ən zərərsiz üzvlərini hədəf alır - onların yeganə arzusu başqa bir
canlıya sevgi göstərməkdir", - Möhəbbi bildirib.
İtləri gəzdirmək qadağasının genişləndirilməsi İran hakimiyyətinin
ictimai məkanları nəzarətdə saxlamaq və ənənəvi, mühafizəkar sosial
normaları möhkəmləndirmək kampaniyasının bir hissəsi kimi
qiymətləndirilir. Bir çox iranlı üçün isə it sahibi olmaq - məcburi
hicab qanunlarına qarşı çıxmaq və ya gizli toplantılara qatılmaq
kimi - ölkənin dini rəhbərlərinə qarşı incə bir müqavimət forması
olaraq qalır.
İranda yaşayan hüquq eksperti Əli Müctəhidzadə hakimiyyətin ev
heyvanlarına sahibliyə nəzarət yanaşmasını qadınlar üçün məcburi
baş örtüyü tələbi və peyk televiziyasının yayımını qadağa ilə
müqayisə edib. O qeyd edib ki, bu cəhdlər
"uğursuzluğa
düçar olub".
"Amma çox təəccüblüdür ki, biz hələ də eyni yolu
tutmaqda israr edirik və reallıqları qəbul etməkdən imtina
edirik", - o, məqaləsində yazıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415