Kaxa Kaladze 4,6 milyon dollar dəyərində kriptovalyuta alıb

Tbilisi meri və “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze bank hesablarında vəsait saxlamaq əvəzinə kriptovalyutaya

sərmayə yatırmağa üstünlük verir. O, 2024-cü ildə 4 645 315 ABŞ dolları dəyərində bitkoin alıb. Bu məlumat 2025-ci il mayın 31-də doldurduğu yeni əmlak bəyannaməsində əks olunub.

Qeyd edək ki, bəyannamələrin yerləşdirildiyi dövlət portalı altı ay ərzində əlçatan olmayıb. Antikorrupsiya Bürosunun açıqlamasına görə, bu “texniki nasazlıq” olub və görünür, “Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidzenin müdaxiləsindən sonra aradan qaldırılıb.

Əvvəlki illərdə Kaladze vəsaitlərini xarici banklarda saxlayırdı. 2022-ci ildə təqdim etdiyi bəyannaməyə əsasən, onun "İntesa Sanpaolo" bankında 4 200 000 ABŞ dolları, "Julius Baer" bankında isə 3 672 375 avro və 765 000 dolları olub. 2023-cü ildə yalnız İtaliya bankındakı məbləğ qeyd olunub. 2024-cü ildə isə Kaladze göstərib ki, 4,2 milyon dolları bir şirkətə borc verib.

Son illərdə “Gürcü Arzusu”-nun yüksək vəzifəli üzvlərinin əhəmiyyətli vəsaitlərini Avropa banklarında saxladıqları məlum idi. Lakin yaxın zamanda onların hesablarının sanksiyalanması ilə bağlı çağırışlar artıb.

Kaladze bu məsələyə 2025-ci il iyunun 5-də münasibət bildirib:

“Avropa banklarında hazırda vəsaitim yoxdur – bu, təsdiqlənmiş məlumatdır və bəyannamədə də əksini tapıb. Əvvəllər orada saxladığım vəsaiti konkret bir şirkətə borc vermişdim, daha sonra həmin məbləğ geri qaytarıldı, mən kriptovalyutaya sərmayə yatırdım. Xarici banklarla artıq heç bir əlaqəm yoxdur. Bunun səbəbləri var və izah edə bilərəm.”

Kaladzenin son əmlak bəyannaməsi 2025-ci il yanvarın 31-də təqdim olunub. O və həyat yoldaşı Anuki Areşidze hələ də Tbilisidə daşınmaz əmlaka, rəsm əsərlərinə, bir neçə motosikletə və avtomobilə sahibdirlər. Onların arasında Mercedes-Benz AMG də var – bu avtomobilə Anuki Areşidze 150 000 dollar ödəyib.

Cütlüyün bəyannamə təqdim edilən vaxta qədər əhəmiyyətli miqdarda nağd pulu olub. Bəyannaməyə əsasən, onların ailəsi 2024-cü ildə 600 000 laridən çoxunu şəxsi və ailə xərclərinə, 85 000 larini xeyriyyəçiliyə, 73 000 laridən çoxunu isə vergi ödənişlərinə sərf edib.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google