Artıq iki həftəyə yaxındır ki, “Gürcü Arzusu”nun hökumətində
daxili işlər naziri vəzifəsini Qela Qeladze tutur.
O, 2025-ci il 26 fevral tarixində təqdim etdiyi əmlak
bəyannaməsində göstərib ki, evlidir və iki övladı var.
Bəyannaməyə əsasən, ailənin daşınmaz əmlakının böyük hissəsi həyat
yoldaşı Natia Elizbaraşvilinin adına qeydiyyatdan keçib. Onlardan
ən sonuncusu – Tbilisinin mərkəzində, Kazbeqi prospektində yerləşən
otel otağıdır. Alqı-satqı dəyəri 150 000 ABŞ dolları təşkil edib.
Qeladzenin öz adına isə Tbilisidə yaşayış evi və Axmeta
bələdiyyəsində torpaq sahəsi qeyd olunub.
Cütlüyün adına həmçinin bahalı avtomobillər də var. Qeladze 2013-cü
ildə 70 000 dollara Toyota L200, Natia Elizbaraşvili isə 2019-cu
ildə 105 000 avroya “Mercedes” alıb.
Bəyannaməyə görə, Qeladzenin həyat yoldaşı otel otağının alınması
üçün lazım olan 150 000 dolları valideynlərindən hədiyyə olaraq
alıb.
Bununla belə, Qela Qeladzeden fərqli olaraq, bəyannamədə Natia
Elizbaraşvilinin hər hansı iş yeri göstərilməyib. Lakin onun bank
hesablarında 100 000 ABŞ dolları və müxtəlif valyutalarda əlavə bir
neçə min dollar olduğu qeyd olunur.
Qela Qeladzenin siyasi və idarəçilik karyerası – “Gürcü Arzusu”
dönəmində
Nazir vəzifəsinə təyin olunmazdan əvvəl Qeladze Dövlət
Təhlükəsizliyi Xidmətinin rəis müavini, daha əvvəl isə Müdafiə və
Təhsil Nazirliklərində nazir müavini vəzifələrini tutub.
Onun bioqrafiyasına əsasən:
2023–2024-cü illərdə – Təhsil, Elm və Gənclər Nazirinin müavini
idi;
Ondan əvvəl beş il həmin nazirliyin mandatur xidmətinə rəhbərlik
edib.
2021-ci il 19 may tarixində o, mandatur xidmətinin rəhbəri kimi
Tbilisinin 51 saylı məktəbində dərsə qatılıb. Kadrlar yayılarkən
lövhədə rus dilində yazı görünür: Жизнь ворам – “Oğrulara
həyat”.
2016–2018-ci illərdə – DİN-in Mərkəzi Kriminal Polis
Departamentində idarə rəisi olub;
2012–2016-cı illərdə – Probasiya üzrə Milli Agentliyin rəis müavini
olub.
Qeladzenin karyerası “Vahid Milli Hərəkat” dövründə
Qeladze siyasi fəaliyyətinə daha əvvəl – Vahid Milli Hərəkat
hakimiyyəti dövründə başlayıb. 2010–2012-ci illərdə Dimitri
Şaşkinin rəhbərliyi ilə Təhsil Nazirliyində mandatur xidmətinin
rəhbər müavini olub. Həmçinin müxtəlif strukturlarda müxtəlif
vəzifələr tutub, o cümlədən SOD-da (Xüsusi Operativ
Departament):
2007–2008-ci illərdə – Ədliyyə Nazirliyinin Baş Müfəttişliyinin
müşaviri;
2007-ci ildə – Ədliyyə Nazirliyinin Probasiya Departamentində
müşavir;
2005–2006-cı illərdə – DİN-in Kriminal Polis Departamentində şöbə
müdirinin müavini;
2005-ci ildə – Tbilisi Polisi Vake-Saburtalo İdarəsində
müfəttiş;
2004–2005-ci illərdə – DİN-in SOD idarəsində xüsusi əhəmiyyətli
işlər üzrə baş müstəntiq;
2004-cü ildə – DİN-in Didube-Çuğureti İstintaq Xidmətində
müstəntiq;
2004-cü ildə – Dövlət Mühafizə Xidmətinin baş müfəttişliyində
müşavir.