ABŞ Federal Təhqiqat Bürosunun (FBI) ən yaxşı əks-kəşfiyyat
agentlərindən biri sanksiya altında olan
rusiyalı oliqarx Oleq Deripaskaya qanunsuz xidmət göstərməkdə
ittiham olunaraq 2023-cü ilin yanvarında həbs ediləndə ABŞ milli
təhlükəsizlik ictimaiyyətini təəccüb bürüdü.
O vaxta qədər təqaüdə çıxmış Çarlz Makqoniqal karyerasının son
illərini Rusiya casusları və oliqarxlarını araşdırmağa həsr
etmişdi. O, günahını etiraf etdi və elə həmin ilin dekabrında 4
ildən artıq müddətə azadlıqdan məhrum edildi.
ABŞ hakimiyyət orqanları tərəfindən Deripaska işində ittiham olunan
yeganə şəxs Makqoniqal deyildi.
16 aydan çox davam edən gecikmə və təxirəsalmalardan sonra keçmiş
sovet və Rusiya diplomatı, sonradan ABŞ vətəndaşlığı alaraq rəsmi
məhkəmə tərcüməçisi kimi çalışan Sergey Şestakov da iyunun 17-də
məhkəmə qarşısına çıxacaq. Ona qarşı sürülən ittihamlar
Makqoniqalınkı ilə oxşardır. Makqoniqal kimi, Şestakov da 2018-ci
ildə ABŞ sanksiyalarına məruz qalmış oliqarx Deripaskanın bu
sanksiyalardan yayınması üçün ona kömək etməkdə, həmçinin çirkli
pulların yuyulması məqsədilə cinayət əlaqəsinə girməkdə ittiham
olunur. Makqoniqalla eyni vaxtda həbs edilən Şestakov həmçinin FBI
əməkdaşlarına yalan ifadə verməkdə günahlandırılır.
Onun məhkəmə prosesi və məhkəməyə qədərki hüquqi çəkişmələr daha az
diqqət cəlb edib. Bunun əsas səbəbi isə Şestakovun Makqoniqal qədər
tanınmamasıdır. 2018-ci ildə FBI-ın Nyu-York ofisindən təqaüdə
çıxana qədər Makqoniqal, Deripaska da daxil olmaqla, Rusiya
casusları və oliqarxlarının izlənməsinə yönəlmiş səylərin ön
cəbhəsində olub.
Şestakov və Makqoniqal təkcə biznes tərəfdaşı deyil, həm də hər
ikisinin uzun illər zamanının çoxunu Konnektikutdakı malikanəsində
keçirən keçmiş rusiyalı oliqarxı Vladimir Qusinski ilə əlaqələri
var. Qusinski Şestakov və Makqoniqala qarşı irəli sürülmüş cinayət
işində rəsmi şəkildə ittiham olunmayıb. Bununla belə, o, FBI-ın
diqqət dairəsinə düşüb. FBI agentləri onun artıq ayrı yaşadığı
həyat yoldaşını və cütlüyün Konnektikutdakı evində çalışan işçiləri
Qusinski ilə bağlı iki dəfə dindiriblər. Qusinskini Makqoniqala
Şestakov tanıdıb və rusiyalı oliqarx hər ikisi ilə şəxsi
münasibətlər qurub.
Şestakov ittihamlar üzrə özünü təqsirsiz hesab edib.
"Onların Deripaskanın özü üçün deyil, onun şirkətinin
adından fəaliyyət göstərdikləri iddiası inandırıcı görünmür. Bu,
fərq yaratmayan bir fərqləndirmədir", –"Xarici
agentlər: Amerika lobbiçiləri və qanunvericiləri dünyada
demokratiyanı necə təhdid edir" kitabının müəllifi Keysi Mişel
bildirib: "Görünən odur ki, onlar Rusiyanın yetiştirdiyi ən bədnam
oliqarxlardan birinin xeyri üçün çalışıblar. Bu adam Kremlin
kuklasıdır və Moskvanın istəklərini hər yerdə və hər şəkildə yerinə
yetirməyə çalışıb".
Metallurgiya
maqnatları
Manhettendəki ABŞ federal məhkəməsində olan sənədlərə görə,
Şestakovun müdafiəsi onun və Makqoniqalın gördüyü işin Deripaska
üçün yox, onun böyük holdinq konqlomeratı "EN+ Group" üçün
olub-olmaması sualına əsaslanır. "EN+ Group" dünyadakı ən böyük
alüminium şirkətlərindən biri olan "Rusal"ı idarə edir.
Bu müdafiədə əsas fiqur "EN+ Group" şirkətinin əməkdaşı Yevgeni
Fokin təşkil edir. FBI iddia edir ki, o, Rusiyanın Xarici Kəşfiyyat
Xidmətinin agentidir.
Şestakovun vəkili Rita Qlavin məhkəməyə təqdim etdiyi sənədlərdə
bildirib ki, Fokin Şestakov və Makqoniqalın "EN+ Group" şirkəti
üçün çalışdığını və, əsasən, ABŞ qanunları çərçivəsində Deripaskaya
məxsus şirkətlərin maraqlarını dəstəkləmək üçün lobbiçilik
fəaliyyəti ilə məşğul olduğunu sübut edəcək dəlillər təqdim edə
bilər. Vəkil Qlavin şərh sorğusuna cavab verməyib.
Prokurorlar iddia edir ki, Fokin Şestakov və Makqoniqal ilə
birlikdə
"məhkəmə qarşısına çıxarılmayan cinayət
ortağı" olub. Məhkəmə sənədlərinə görə, FBI 2019-cu ilin
iyulundan etibarən Fokini müşahidə edib, şəkillərini çəkib və gizli
şəkildə səsyazısı aparıb. 2022-ci ildə isə agentliyin tələbi ilə
onun ABŞ vizası ləğv olunub.
Prokurorlar və Şestakovun vəkili Qlavin arasında Rusiyada yaşayan
və "EN+ Group" şirkətində Deripaskanın müşaviri kimi çalışan
Fokinin ifadəsinin alınması ilə bağlı mübahisələr yaşanıb. Məhkəmə
sənədlərinə görə, o, mümkün həbs qorxusu səbəbindən ABŞ-yə səfər
etməkdən imtina edib.
Fokinin ifadəsinin Türkiyə və ya Dubayda alınması ilə bağlı
danışıqlardan sonra tərəflər razılığa gəliblər ki, Fokin məhkəmə
zamanı videokonfrans vasitəsilə ifadə verəcək.
Fokin AzadlıqRadiosunun şərh üçün göndərdiyi elektron məktublarına
cavab verməyib.
Nyu-Yorkda rusdilli dairələr arasında Şestakov "problemləri həll
edən", "məsələləri yoluna qoyan" və "xarizmatik" şəxs kimi tanınıb.
Sovet və Rusiya xarici işlər nazirliklərində çalışmış, sonradan ABŞ
vətəndaşlığı almış Şestakov 1993-cü ildə Nyu-York ətrafına köçərək
təqaüdə çıxıb. 2010-cu illərdə o, ABŞ federal məhkəmələri,
Manhetten və Bruklin prokurorluq idarələri üçün rəsmi tərcüməçi
kimi fəaliyyət göstərib.
Şestakovun Fokinlə münasibəti 1980-ci illərə gedib çıxır. Qusinski
bir vaxtlar onların hər ikisini işə götürüb. Hətta 2019-cu ildə
Şestakov Qusinskinin adına olan kredit kartını istifadə edib. O, bu
kartla, digər alış-verişlə yanaşı, minlərlə dollar dəyərində
peşəkar xokkey oyunlarına bilet alıb.
Qusinski də şərh vermək üçün göndərilən elektron məktublara cavab
verməyib.
"Xeyr. Heç bir iş
münasibəti olmayıb"
İttihama görə, Şestakov 2018-ci ildə Makqoniqalı Fokinlə tanış
edib. Həmin ilin aprelində ABŞ Maliyyə Nazirliyi Deripaskaya
"birbaşa və ya dolayı yolla Rusiya Federasiyası hökumətinin
yüksəkvəzifəli rəsmisi adından və ya onun təmsilçisi kimi hərəkət
etdiyinə görə" sanksiya tətbiq edib. Eyni vaxtda "EN+ Group" və
"Rusal" şirkətləri də sanksiya siyahısına salınıb.
Rusiyanın ən varlı adamlarından biri olan Deripaska sərvətini
1990-cı illərin xaotik dövründə qazanıb. Həmin dövrdə Rusiya
daxildəki biznesmenlər ölkənin iri sənayelərinə, o cümlədən
alüminium istehsalına nəzarət uğrunda kəskin və qanlı mübarizə
aparırdılar. Deripaska oliqarx anlayışının klassik nümunəsi
sayılır: böyük sərvətə malik olan və Kreml ilə yaxın əlaqələri olan
işadamı.
O, həmçinin uzun illərdir ABŞ hüquq-mühafizə orqanlarının diqqət
mərkəzindədir. Bu, ən azı 2006-cı ildən başlayır; həmin il ona
ABŞ-yə daxil olmaq üçün viza verilməmişdi. Vizayla bağlı yaşadığı
çətinliklər nəticəsində o, respublikaçılarla əlaqəli lobbiçilik
firmalarının xidmətinə müraciət edib. O, 2010-cu illərin
sonlarında, prezident Donald Trampın 2016-cı il seçki kampaniyasını
qısa müddətlik idarə etmiş respublikaçı siyasi strateq Pol Manafort
ilə birgə layihələrə sərmayə qoyub.
2022-ci ilin sentyabrında Deripaskaya qarşı ABŞ sanksiyalarından
yayınmağa cəhd göstərdiyinə görə ittiham irəli sürülüb. İttihamlar
arasında onun hamilə sevgilisinin ABŞ-yə səfərini təşkil edərək
orada doğumun baş tutmasını təmin etdiyi və bunun uşağın ABŞ
vətəndaşı olması məqsədilə edildiyi iddiası da yer alır.
2019-cu ildə Deripaska bu şirkətlərdəki mülkiyyətindən uzaqlaşmağa
razılaşdıqdan sonra "EN+ Group" və "Rusal"a qarşı tətbiq olunan
sanksiyalar ləğv edilib. Lakin Deripaskanın özü hələ də sanksiyalar
altındadır.
ABŞ rəsmilərinin iddiasına görə, Fokin Deripaskanın rəqibi olan
digər rusiyalı oliqarx və metallurgiya maqnatı Vladimir Potanin
barəsində kompromat məlumatlar toplamaq üçün Makqoniqal və
Şestakovu əməkdaşlığa cəlb edib.
Məhkəmə sənədlərinə görə, 2018-ci ilin sonunda FBI-dan təqaüdə
çıxan Makqoniqal Fokinin qızı üçün Nyu-York Polis İdarəsində
təcrübə proqramı yeri ayırtmağa da çalışıb. Bu isə idarə daxilində
narahatlıq doğurub. Makqoniqal rəsmilərə bildirib ki, o, Fokini
potensial ikitərəfli agent kimi cəlb etməyə çalışırmış.
2021-ci il noyabrın sonlarında FBI agentləri Şestakovun elektron
cihazlarını müsadirə ediblər. Bir neçə gün əvvəl isə ona Fokinlə
münasibəti barədə suallar verilib və onunla hər hansı bir iş
əlaqəsinin olub-olmadığı soruşulub.
Məhkəmə sənədlərinə görə, Şestakov FBI-ya cavab olaraq bildirib:
"Yox, heç bir iş münasibətim
olmayıb".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415