Ermənistanda 500 milyon dollar dəyərində Süni İntellekt (AI) mərkəzi inşa olunacaq – Paşinyan
Ermənistan hökuməti Firebird AI və NVIDIA şirkətlərinin birgə layihəsinə start verir – ölkədə 500 milyon ABŞ dolları dəyərində süni intellekt üzrə iri məlumat emalı mərkəzi yaradılacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 12 iyun tarixində keçirilən hökumət iclasında bildirib və layihəni “Stargate Armenia” adlandırıb – texnologiyalar sahəsində ölkə tarixində ən böyük və əhəmiyyətli investisiya.

Paşinyanın sözlərinə görə, bu ideya 2023-cü ildə NVIDIA şirkətinin rəhbəri Jensen Huanqın Ermənistana səfəri zamanı yaranıb və artıq həyata keçirilmə mərhələsinə daxil olub. Layihəni Firebird AI şirkəti həyata keçirəcək – bu şirkət Blackwell seriyalı qrafik prosessorların istehsalçısıdır. Baş nazirin sözlərinə görə, bu innovativ müəssisə Ermənistan üzrə texnoloji inkişafa ciddi təkan verəcək.

Firebird AI və NVIDIA dünən rəsmən açıqlama verərək bildiriblər ki, Ermənistanda süni intellekt üzrə məlumatların emal olunduğu mərkəz inşa olunacaq. Paşinyan qeyd edib ki, layihənin həyata keçirilməsi üçün Akademik Şəhərcik ərazisi seçilib – onun sözlərinə görə, orada bu cür iri layihə üçün bütün zəruri infrastruktur mövcuddur. O əlavə edib ki, Ermənistan layihəyə lazım olan enerjini təmin edə bilər.

Paşinyan həmçinin Erməni diasporasına layihəyə verdikləri dəstəyə görə təşəkkürünü bildirib:

“Ermənistanla diaspor arasındakı münasibətlərin formulu haqqında danışanda, məhz bu cür təşəbbüsləri nəzərdə tuturam,” – deyə o bildirib.

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyan da bildirib ki, Ermənistan layihənin reallaşdırılması üçün lazım olan enerji gücünü təmin etməyə hazırdır. Onun sözlərinə görə, layihəyə 2026-cı ildə başlanması planlaşdırılır və bunun üçün təxminən 100 meqavat elektrik enerjisi tələb olunacaq.

“Söhbət Firebird şirkətinin NVIDIA-dan alacağı yeni nəsil qrafik prosessorlardan gedir. Bu prosessorlar ən son çiplərlə təchiz olunacaq və süni intellektin hesablama resursları üzrə xidmətlər göstərə biləcək – həm Ermənistandakı, həm də beynəlxalq texnologiya şirkətləri üçün,” – deyə Airapetyan bildirib.

Onun izahına görə, layihə çərçivəsində alimlər və özəl sektor nümayəndələri süni intellekt üzrə hesablama resurslarını icarəyə götürmək imkanı əldə edəcəklər – elmi tədqiqatlar və kommersiya layihələri üçün.

Airapetyan əlavə edib ki, hələlik Ermənistanın bu layihədə iştirakı ilə bağlı yekun qərar qəbul olunmayıb – bu, ərazinin ayrılması və ya enerjinin güzəştli şərtlərlə təmin olunması formasında ola bilər.

“Bu məsələlərlə bağlı danışıqlar hələ də davam edir,” – deyə o bildirib.

Onun sözlərinə görə, artıq bir neçə iri şirkət yeni AI xidmətlərindən istifadə ilə maraqlandığını bildirib ki, bu da layihənin həyata keçirilməsinin real perspektivə sahib olduğunu göstərir.

Mənbə: Netgazeti


Print Email
FaceBook Twitter Google