Digər saxlanılan şəxslər Mate Devidzenin hökmünə görə Nino Qalustşvilinin işdən kənarlaşdırılmasını tələb edirdilər

Bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə, siyasi məhbus kimi tanınan

11 nümayişçinin işi müzakirə olunarkən, təqsirləndirilən şəxslər və onların vəkilləri hakim Nino Qalustşvilinin işdən kənarlaşdırılmasını tələb etdilər. Onların fikrincə, əvvəlki gün 21 yaşlı etirazçı Mate Devidzeyə polisə çubuq uzatdığına görə 4,5 il həbs cəzası vermiş hakimin digər nümayişçilərlə bağlı nə qərar verəcəyi əvvəlcədən məlumdur və bu səbəbdən o, başqa hakimlə əvəzlənməlidir. Lakin Nino Qalustşvili bu vəsatəti təmin etmədi.

"İlk sınaqdan keçdiniz – Mateyə 4,5 il həbs verdiniz. Hakim olaraq siz ömürlük təyin olunmamısınız, sınaq müddəti ilə təyin olunmusunuz və bu da bu imtahandan necə keçəcəyinizdən asılıdır. Mate ilə sınaqdan keçdiniz, indi isə 11 vicdan məhbusu ilə necə keçəcəyiniz məlum olacaq və ola bilər ki, üçillik sınaq müddəti sizə lazım olmasın və birbaşa ömürlük təyin olunacaqsınız.

Buna görə də siz bu işdən kənarlaşdırılmalısınız, çünki obyektiv qərar qəbul edə bilməzsiniz. Bu, təkcə hər ikinci gün konveyer üsulu ilə bizə məhkəmə iclasları təyin etməyinizdən də görünür! Dünən etdiklərinizdən sonra mən heç bir ümid bəsləmirəm" – deyə vəkillərdən biri hakimi tənqid edib. "Məsələn, dünən tamamilə zərərsiz, dürüst, saf və günahsız 21 yaşlı gənci tutub 4,5 il həbs cəzası verdiniz. Sual vermək istəyirəm sizə, hörmətli Nino xanım: illər sonra nəvələriniz sizdən soruşanda ki, ölkənin taleyi həll olunurdu, insanlar azadlıq üçün mübarizə aparırdı və canlarını fəda edirdi, sən o zaman harada idin?

Nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, mən buna mane olurdum? Azadlıq uğrunda mübarizə aparan gəncləri həbsə göndərirdim? Heç bir problem deyil, tez və ya gec Mate buradan çıxacaq və başı dik şəkildə zindanın qapılarını açacaq. Amma sizi, dünən və yalnız dünən yox, əvvəlki qərarlarınız üçün də hökm qarşısında görəcəklər. Və sizi heç kim qiymətləndirməyəcək, sizin üçün heç kim göz yaşı tökməyəcək, sizin üçün heç kim məhkəmə həyətlərini doldurmayacaq",
– bu sözlərlə 26 yaşlı Rezo Kiknadze hakimi sərt şəkildə tənqid edib.

Rezo Kiknadze 2024-cü il dekabrın 6-da saxlanılıb. Saxlanılma protokolunda qeyd olunur ki, o, Lisi gölü yaxınlığında tutulub. Amma Kiknadzenin dediyinə görə, onu “Universitet” metro stansiyası yaxınlığında tutub, daha sonra Lisi gölünə aparıblar. Saxlanılma zamanı ona qarşı fiziki güc tətbiq edilib və ona müxalif siyasətçilərin tapşırığı ilə hərəkət etdiyini etiraf etməsi üçün təzyiq olunub. O, iddia edir ki, polislər onu Nika Qvaramiya, Qiorqi Caparidze və Salome Xoştarianın tapşırığı ilə hərəkət etdiyinə dair yalan danışmağa məcbur ediblər. Rezo Kiknadze 2024-cü ilin noyabrında başlayan Avropayönlü etiraz aksiyalarında fəal iştirak edib. Saxlanıldıqdan sonra o, digər məhbuslarla, o cümlədən jurnalist Mzia Amağlobeli ilə həmrəylik məqsədilə aclıq aksiyasına başlayıb.

Təqsirləndirilən Mate Devidzeyə məhkəmədə Onise Cxadadze də müraciət edib. O, hakimin nəzərinə çatdırıb ki, "həmişə iqtidar olmayacaq" – onun fikrincə, sistem vətəndaşlarla münasibətdə "odla oynayır":

“Mən Mateyə müraciət etmək istəyirəm – elə bir qaranlıq yoxdur ki, sən işığı axtarmalı olasan, çünki sənin kimi insanlar özləri işıqdır. Siz işıq saçacaqsınız və bu ölkə sizindir, sizin yaşıdlarınızındır. 29 yaşımda bunu deyirəmsə, bu, acınacaqlıdır, çünki o qədər şey yaşamışam ki, özümü 60 yaşlı kimi hiss edirəm. Sən uzun müddət həbsdə olmayacaqsan. Gün gələcək, müstəqil məhkəmə sistemi olacaq və bu işlərdə iştirak edən bütün hakimlər, prokurorlar – bizə qarşı tətbiq etdikləri eyni maddə ilə – yəni "təşkilatlanmış cinayətə" görə, məsuliyyətə cəlb olunacaqlar. Bu mütləq baş verəcək", – Onise Çxadadze deyib. O, həmçinin hakimin tez-tez öz videolarına baxmasını və "özünü nifrətlə xatırlamasını" arzulayıb. Hakim isə cavabında onu ədəbli davranmağa çağırıb.

“Mate güclü oğlandır və əminəm ki, nə qədər müddət həbsdə qalsa da, güclü və dözümlü olacaq. Amma insanlar haqqında qərar verən bu məhkəmə sistemi... bu sistem əvvəlki hökumət dövründə qurulub və çox gözəl xatırlayırıq ki, o zaman nələr baş verirdi, insanlarla necə davranılırdı. Bu sistemi dəyişmək əvəzinə, heç adlarını belə dəyişmədilər. Bu dövlət üçün, ilk növbədə insan üçün çox pisdir. Əgər məhkəmə sistemi obyektiv olmazsa, ölkədə heç nə obyektiv olmayacaq, daim xaos olacaq. Buna görə də düşünürəm ki, bu gün ölkənin taleyini cəsarətli insanlar müəyyən edir", – bu sözlərlə hakimə aktyor Andro Çiçinadze müraciət edib.

28 yaşlı aktyor Andro Çiçinadze 2024-cü il dekabrın 4-də Avropayönlü etiraz aksiyalarında qrup şəklində zorakılıqda iştirak ittihamı ilə öz evində saxlanılıb. Andro Çiçinadze, Onise Cxadadze, Quram Mirtsxulava, Luka Cəbua, Cano Arçaia, Ruslan Sivakov, Revaz Kiknadze, Qiorqi Teraşvili, Valeri Teteraşvili, Serqey Kuxarçuk və İrakli Keraşvili prokurorluq tərəfindən qrup halında zorakılıqda iştirak etməkdə ittiham olunurlar. Onları 4 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

 

Print Email
FaceBook Twitter Google