ABŞ prezidenti Donald Tramp İsraillə İranı sülh sazişi bağlamağa
çağırıb.
“İran və İsrail saziş bağlamalıdırlar. Hindistanla Pakistanı saziş
bağlamağa məcbur etdiyim kimi, onlar da bağlayacaqlar...”, – Tramp
Truth Social sosial şəbəkəsində yazıb.
Tramp yada salıb ki, birinci prezidentlik müddətində Serbiya və
Kosovo arasında münaqişənin dayanmasına səbəb olub, eləcə də
Misirlə Efiopiya arasında dinc yolla tənzimləməyə töhfəsini
verib.
Prezident daha öncə ABC News-a müsahibəsində deyib ki, Vaşinqton
İsrail-İran münaqişəsinə müdaxilə edə bilər. Amma onu da vurğulayıb
ki, hazırda ABŞ bu münaqişədə iştirak etmir.
"Biz bunda iştirak etmirik. Amma iştirakımız mümkündür", - o
deyib.
Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin sülh
danışıqlarında vasitəçiliyini istisna etməyib. “O hazırdır. Mənə
bununla bağlı zəng etmişdi. Biz bunu uzun-uzadı müzakirə etdik”, –
Tramp bildirib.
İranın xarici işlər naziri Abbas Ərağçi isə deyib ki, Tehran nüvə
silahından imtinaya təminat verən saziş bağlamağa hazırdır.
“Biz İranın nüvə silahı olmayacağına təminat verəcək istənilən
sazişə hazırıq. Bizim də prinsipimiz odur ki, nüvə silahı
qadağandır. Amma əgər məqsəd İranın nüvə hüquqlarını almaqdırsa,
təbii ki, belə bir sazişə hazır deyilik”, – Ərağçi iyunun 15-də
xarici səfirlərlə görüşdə deyib.
İran iyunun 15-də ABŞ ilə nüvə danışıqlarının növbəti raundunda
iştirakdan imtina edib. Ərağçinin sözlərinə görə, İran razılaşmaya
gətirəcək plan təqdim etməyi planlaşdırdığı bir vaxtda ABŞ
qəbuledilməz şərtlər irəli sürüb.
Yəməndəki husilər də İranla koordinasiyalı hərəkət edərək İsrailə
raket atdıqlarını bildiriblər.
İrana bağlı bu qrup birinci dəfədir Tehranla birgə hücumlarda
iştirakını açıqlayır.
İsrail iyunun 13-də İran ərazisinə zərbələr endirməyə başlayıb,
nüvə, hərbi, enerji obyektlərinə hücum edib. İran isə cavabında
İsrailə raket və dron zərbələri endirib. İranda yüksək vəzifəli
hərbçilər daxil olmaqla 140-dək adam həlak olub. İsraildə isə
İranın zərbələrindən 15 nəfər ölüb.
Sadə vətəndaşlar qorxu və əzab hisslərini təsvir edir
Raketlərin yaşayış ərazilərinə düşməsi nəticəsində ölüm hallarının,
dağıntıların və panikanın baş verdiyi bir vaxtda, həm İsraildə, həm
də İranda sadə insanlar qorxu və narahatlıq keçirirlər.
Adını açıqlamayan Tehran sakini iyunun 15-də AzadlıqRadiosunun
"Fərda" xidmətinə bildirib ki, gecə saat 03:00 radələrində o və
ailəsi evlərini "yerdən silkələyən" çox güclü partlayış səsinə
oyanıblar.
"Partlayışlar bir-birinin ardınca davam edirdi. Bina titrəyirdi. Bu
bizdə böyük bir qorxu yaratdı", - qadın bildirib.
"Normal gündəlik həyatımız faktiki olaraq pozulub. Gecələr yata
bilmirik. Sakit qalmağa çalışırıq, amma bu, həqiqətən? çox
çətindir", - o əlavə edib.
Tehranda yaşayan başqa bir qadın isə bildirib ki, onun azyaşlı
qohumu dayanmadan ağlayır, "məndən soruşur ki, biz sağ
qalacağıqmı?".
Yaşlı bir Tehran sakini isə "Radio Fərda"ya deyib ki, bu hücumlar
ona 1980-ci illərdə İran-İraq müharibəsi zamanı şahidi olduğu ağır
bombardımanları xatırladır.
"Bu, çox dəhşətlidir... Hər şey yenidən gözümün önünə gəlir və mən
çox stress keçirirəm", - qadın bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415