Britaniya kəşfiyyatına ilk dəfə qadın rəhbərlik edəcək – Bleyz Metriveli

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti – dünyada MI6 kimi tanınan qurumun rəhbəri vəzifəsinə 47 yaşlı Bleyz Metriveli təyin olunub

. Gürcü soyadını daşıyan Bleyz Metriveli Britaniya xarici kəşfiyyatına rəhbərlik edən ilk qadın olacaq.

MI6-ya Metrivelinin təyinatı barədə məlumat 15 iyun tarixində Böyük Britaniya hökumətinin rəsmi saytında yayımlanıb. Baş nazir Kir Starmer bildirib ki, Bleyz Metrivelinin “tarixi təyinatı” kəşfiyyat xidmətlərinin fəaliyyətinin hər zamankından daha vacib olduğu dövrə təsadüf edir.

Metriveli MI6-da bu vəzifəyə gətirilməzdən əvvəl qurumun texnologiyalar və innovasiyalar bölməsinə rəhbərlik edib. Bundan öncə isə o, Böyük Britaniyanın əks-kəşfiyyat xidməti – MI5-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Bleyz Metriveli karyerasına 1999-cu ildə başlayıb və peşəkar fəaliyyətinin böyük hissəsi Yaxın Şərq və Avropa ölkələrində operativ sahədə keçib. O, Kembric Universitetinin Pembruk Kollecində antropologiya üzrə təhsil alıb.

O, Böyük Britaniyanın xarici kəşfiyyat xidmətinə rəhbərliyi 2025-ci ilin payızında üzərinə götürəcək və hazırkı rəhbər Riçard Muru əvəz edəcək. Mur MI6-ya 2020-ci ildən rəhbərlik edir.

MI6-nın əsas vəzifəsi xarici ölkələrdə informasiya toplamaq, düşmən dövlətlərə qarşı mübarizə aparmaq və terrorizmin qarşısını almaqdır.

Qeyd edək ki, MI6 rəhbəri ənənəvi olaraq “C” hərfi ilə tanınır və bu strukturun ictimaiyyətə açıq olan yeganə vəzifəli şəxsidir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google