Araflı kənd sakinləri meriyadan və polisdən kənddə narkotik satanların tutulmasını tələb edirlər
12:48 / 16.06.2025
Bu gün, 16 iyun tarixində təxminən iyirmi nəfər Araflı kənd sakini
Marneuli meriyasının qarşısında toplaşaraq kənddə narkotik
vasitələrin açıq şəkildə satıldığını bildiriblər
və problemin həlli üçün tədbir görülməsini tələb ediblər.
Aksiya iştirakçıları “Marneuli” radiosunun canlı yayımında
bildiriblər ki, narkotik maddələrin satışı kənddə gizliliyə ehtiyac
duyulmadan həyata keçirilir. Onların sözlərinə görə, bu məsələ ilə
bağlı daha əvvəl Marneuli rayon polis idarəsinə dəfələrlə müraciət
olunub, lakin hüquq-mühafizə orqanları konkret sübutlar tələb
edib.
“Əgər polis varsa, niyə açıq şəkildə alver gedir? Əgər qanun varsa
və bu satışa icazə verilirsə, elə hamı əkib satsın. Əgər 5-10 nəfər
bu işlə məşğuldursa, kənddən çıxsınlar, başqa yerdə
satsınlar,” – deyə aksiya iştirakçılarından biri
bildirib.
Sakinlərin sözlərinə görə, narkotik satışı ilə məşğul olan şəxslər
kənddə hamıya məlumdur və onların kimliyinin müəyyənləşdirilməsi
hüquq-mühafizə orqanları üçün çətin olmamalıdır. Etirazçılar bu
məsələnin nəzarətsiz qalmasından narazılıq ifadə ediblər.
Onların bildirdiyinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət
etsələr də, nəticə olmayıb. Bu səbəbdən meriyaya, eləcə də hakim
“Gürcü Arzusu” partiyasının deputatı Zaur Darğallıya müraciət
ediblər ki, mövcud vəziyyətə müdaxilə olunsun.
“Biz hamımız 41-ə səs vermişik. İndi də istəyirik ki, gəlib
narkomanları yığışdırsınlar. Biz meriyanın qarşısına ona görə
gəlmişik ki, daha hara müraciət etməli olduğumuzu bilmirik. Merimiz
bizə desin, biz də ora gedək,” – deyə kənd
sakinlərindən biri bildirib.
Sakinlər Marneuli meri və deputat Zaur Darğallı ilə görüş tələb
etsələr də, onların sözlərinə görə, nə meriyadan, nə də deputatın
bürosundan onlarla görüşmək üçün heç kim çıxmayıb.
Etiraz aksiyasında müxalifət partiyalarının nümayəndələri də
iştirak ediblər. “Vahid Milli Hərəkat” partiyasının üzvü və
Marneuli Bələdiyyə Məclisinin deputatı Ramal Əhmədov mer Kenan
Ömərovla görüşüb. Onun verdiyi məlumata görə, mer kənd sakinlərinin
tələblərini polis rəhbərliyinə çatdırdığını bildirib, lakin
məsələnin hüquq-mühafizə orqanlarının səlahiyyətində olduğunu qeyd
edib və vətəndaşlara bir daha polisə müraciət etməyi tövsiyə
edib.
Etirazçılar daha sonra Marneuli rayon polis idarəsinə doğru hərəkət
ediblər.