Ötən il, 2024-cü ildə nüvə silahına malik doqquz ölkənin hamısı -
ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan,
Şimali Koreya və İsrail
— mövcud silahları təkmilləşdirərək və onların yeni versiyalarını
əlavə edərək intensiv nüvə modernizasiya proqramlarını davam
etdiriblər. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları
İnstitutu (SIPRI) illik hesabatında bildirib.
Hesabata görə, 2025-ci ilin yanvarına olan təxmini məlumata əsasən,
dünyada ümumilikdə 12 min 241 nüvə başlığı mövcuddur. Bu
başlıqlardan təxminən 9 min 614-ü hərbi ehtiyatlarda mümkün
istifadə üçün saxlanılır. Onlardan təxminən 3 min 912-si raketlər
və hərbi təyyarələrlə yerləşdirilmiş, qalan hissəsi isə mərkəzi
anbarlarda saxlanılır. Təxminən 2 min 100 nüvə başlığı ballistik
raketlərdə yüksək operativ hazırlıq vəziyyətində saxlanılır. Bu
başlıqların, demək olar, hamısı Rusiya və ABŞ-yə məxsusdur. Lakin
SIPRI ehtimal edir ki, Çin də artıq dinc dövrdə bəzi nüvə
başlıqlarını raketlərdə saxlamağa başlamış ola bilər.
SIPRI qeyd edib ki, Soyuq müharibənin sonundan bəri Rusiya və ABŞ
tərəfindən istismardan çıxarılmış nüvə başlıqlarının tədricən
zərərsizləşdirilməsi adətən yeni başlıqların yerləşdirilmə sürətini
üstələyib. Bu da illər ərzində qlobal nüvə silahı ehtiyatının ümumi
azalmasına səbəb olub. Bununla belə, SIPRI əlavə edib ki, bu meylin
qarşıdakı illərdə dəyişəcəyi gözlənilir, çünki bir tərəfdən nüvə
başlıqlarının istismardan çıxarılması yavaşlayır, digər tərəfdən
isə nüvə ehtiyatının çoxaldılması prosesi sürətlənir. Bu isə
nəticədə yaxın gələcəkdə qlobal nüvə arsenalının artmasına səbəb
olacaq.
"Nüvə silahı münaqişələrin
qarşısını almır"
SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramının baş elmi əməkdaşı və
Amerika Alimləri Federasiyasının (FAS) Nüvə Məlumatları Layihəsinin
direktoru Hans Kristensen deyib:
"Soyuq müharibənin
sonundan bəri dünya üzrə nüvə silahlarının sayının azaldılması
dövrü başa çatmaq üzrədir. Əvəzində isə biz nüvə arsenallarının
artması, nüvə ritorikasının kəskinləşməsi və silahlara nəzarət
razılaşmalarından imtina kimi açıq bir meyl müşahidə
edirik".
SIPRI-nin hesabatında vurğulandığına görə, Şərqi Asiya, Avropa və
Yaxın Şərqdə nüvə statusu və strategiyası ilə bağlı canlanan
müzakirələr göstərir ki, daha çox dövlətin öz nüvə silahını inkişaf
etdirməsi ehtimalı mövcuddur. Həmçinin nüvə paylaşımı ilə bağlı
razılaşmalara da yenidən diqqət artıb. SIPRI bu sahədə 2024-cü ildə
Rusiyanın Belarus ərazisində nüvə silahları yerləşdirməsi barədə
razılaşmasını xatırladıb. Həmçinin, NATO-nun Avropadakı bəzi
üzvləri ABŞ-nin nüvə silahlarını öz ərazilərində yerləşdirməyə
hazır olduqlarını ifadə ediblər.
SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramında elmi tədqiqatçı və
Amerika Alimləri Federasiyasının (FAS) Nüvə Məlumatları Layihəsində
direktor müavini Mett Korda isə bildirib ki, "nüvə silahlarının
təhlükəsizliyi təmin etmədiyini xatırlamaq çox vacibdir".
"Hindistan və Pakistan arasında son gərginlik də
göstərdi ki, nüvə silahları münaqişələrin qarşısını almır. Əksinə,
xüsusilə dezinformasiyanın geniş yayıldığı şəraitdə onlar böyük
eskalasiya və fəlakətli yanlış hesablama riski daşıyır. Nəticə
etibarilə bu, bir ölkənin əhalisinin təhlükəsizliyini təmin etmək
əvəzinə, daha təhlükəli vəziyyət yarada bilər", - o
vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415