İyunun 16-da Ağ evin mətbuat katibi Kerolayn Levitt bildirib ki,
ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitindən
Vaşinqtona tez qayıdır, çünki bir sıra "vacib" məsələlərlə məşğul
olmalıdır. Onun bu açıqlaması Trampın sosial mediada Tehran
sakinlərinə dərhal şəhəri tərk etmək çağırışından qısa müddət sonra
gəlib.
Tramp "Truth Social" platformasında yazıb:
"İran
razılaşmanı imzalamalı idi. Onlara imzalamağı söylədim. Bu, necə də
utancvericidir və insan həyatının israfıdır. Sadə dillə desək, İRAN
NÜVƏ SİLAHINA SAHİB OLA BİLMƏZ. Bunu dəfələrlə demişəm. Hər kəs
dərhal Tehranı tərk etməlidir!".
Daha əvvəl isə İsrail ordusu Tehranın bir rayonunun sakinlərinin
təxliyəsi ilə bağlı çağırış yayımlamışdı.
Bu xəbərdarlıqlar İsrailin İranda hücumlarını intensivləşdirdiyi
bir vaxtda verilir. İsrail bu hücumların ölkənin nüvə obyektlərini
məhv etməyə yönəldiyini bildirir.
Tramp isə sammiti vaxtından əvvəl tərk etmə qərarı elan olunmazdan
əvvəl jurnalistlərə deyib:
"Buradan çıxan kimi nəsə
edəcəyik. Amma buranı tərk etməliyəm".
Tramp ətraflı açıqlama verməsə də, Ağ evin sözçüsü Aleks Pfayffer
daha sonra X platformasındakı paylaşımında bildirib ki, ABŞ-nin
Yaxın Şərqdəki qüvvələri "müdafiə mövqeyindədir və bu,
dəyişməyib".
Tramp G7 zirvəsini tərk etməzdən əvvəl yeddi liderlə birgə mülki
əhalinin qorunmasının vacibliyini vurğulayan bəyanat imzalayıb.
Hücumlar intensivləşdikcə iki tərəfdə həlak olan mülki şəxslərin
sayı artır.
G7 liderləri – Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya,
Yaponiya və ABŞ - İranın heç vaxt nüvə silahına sahib ola
bilməyəcəyinə və İsrailin özünümüdafiə hüququna malik olduğuna
inandıqlarını da bəyan ediblər.
Bəyanatda ifadə olunub ki, İran böhranının həlli "Yaxın Şərqdə, o
cümlədən Qəzzada atəşkəs də daxil olmaqla, daha geniş miqyaslı
deeskalasiyaya gətirib çıxaracaq".
İyunun 13-də İsrailin İrana qarşı ilk bombardman dalğasını
başladığından bəri ABŞ-nin bu hücumlarda mümkün iştirakı ilə bağlı
suallar ortaya çıxıb. ABŞ prezidenti dəfələrlə bəyan edib ki, ABŞ
ilkin zərbələrdə iştirak etməyib və o, ölkənin gələcəkdə iştirak
edib-etməyəcəyi barədə fikir bildirməkdən imtina edib.
ABŞ-nin münaqişəyə hərbi müdaxiləsinin mümkünlüyü sualına Trampın
cavabı "Mən bu barədə danışmaq istəmirəm" olub.
İsrail İranın nüvə proqramına aid bir neçə obyekti hədəf alıb,
lakin Tehranın təxminən 200 kilometr cənubunda, dərin yeraltı
sığınacaqda yerləşən Fordo uranı zənginləşdirmə obyektini məhv edə
bilməyib. ABŞ mediasında sitat gətirilən hərbi ekspertlərin
fikrincə, bu obyektin sıradan çıxarılması üçün yalnız ABŞ Hərbi
Hava Qüvvələrinin "B-2" tipli bombardmançısının daşıya biləcəyi,
bunkeri dağıda bilən bomba tələb olunur.
Tramp Zelenski ilə görüşə
bilməyəcək
Trampın sammiti qəfil tərk etməsi həm də onun Ukrayna prezidenti
Volodimir Zelenski ilə planlaşdırılan görüşə qatılmayacağı
deməkdir. Zelenski bu sammitə ev sahibliyi edən Kanada tərəfindən
dəvət olunub. Bu görüş iki lider arasında növbəti gərgin qarşılaşma
ola bilərdi, çünki Tramp iyunun 16-da verdiyi açıqlamada keçmiş
G8-in Rusiyanı 2014-cü ildə Krımı ilhaq etdiyinə görə qrupdan
çıxarmaq qərarını səhv adlandırıb.
Kanadanın baş naziri Mark Karni ilə birgə çıxış edən Tramp həmin
qərarı "böyük səhv" adlandırıb və əlavə edib ki, əgər Putin qrupdan
çıxarılmasaydı, Rusiya 2022-ci ildə Ukraynaya hücum etməzdi.
"(Rusiya prezidenti Vladimir) Putin mənimlə danışır. Başqa heç
kimlə danışmır… O, bundan məmnun deyil, bunu sizə deyə bilərəm.
Əslində onu qovmuş insanlarla, ümumiyyətlə, danışmır və mən bu
mövzuda onunla razılaşıram", – Tramp deyib.
Tramp Rusiyanın qrupa qaytarılmalı olduğunu deməklə kifayətlənsə
də, onun şərhləri Zelenskinin bu görüşdə nəyə nail ola biləcəyinə
dair şübhələr yaradıb.
G7-yə daxil olan Avropa dövlətlərinin liderləri də sammit
başlamazdan əvvəl Trampı Moskvaya qarşı daha sərt sanksiyaları
dəstəkləməyə inandırmaq istədiklərini bildirmişdilər.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Yaxın Şərqdə
atəşkəsin əldə olunması məqsədi nəzərə alınaraq, Trampın G7
sammitindən erkən ayrılması müsbət addımdır. O, həmçinin
amerikalıların iranlılarla görüş təklif etdiklərini vurğulayıb.
"Əgər ABŞ atəşkəsə nail ola bilsə, bu, çox yaxşı
haldır", - Makron jurnalistlərə deyib.
Trampın geri qayıtmasının səbəbinin ABŞ-nin hərbi müdaxiləsi ilə
bağlı olması ilə bağlı fərziyyələr fonunda ABŞ-nin müdafiə naziri
Pit Heqset deyib ki, Tramp hələ də razılaşma ilə həll yoluna ümid
edir.
"Biz güclüyük. Biz hazırıq. Biz müdafiədəyik və prezident Tramp
sülhün ola biləcəyinə ümid edir", - Heqset "Fox
News"a bildirib.
O, ABŞ-nin regiondakı hərbi mövqeyini müdafiə xarakterli və sayıq
adlandırıb.
"Biz əvvəldən ardıcıl olaraq mesaj vermişik ki,
regionda öz xalqımızı və resurslarımızı müdafiə etmək üçün
varıq" - müdafiə naziri əlavə edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415