ABŞ Gürcüstan hökumətinə münasibətlərin yaxşılaşdırılması üçün nə etməli olduğunu açıq şəkildə göstərdi – ABŞ səfirliyi
ABŞ səfirliyi, səfir Robin Daniganın və Dövlət Departamentinin baş müşaviri Uayatt Tolkinin Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə keçirdiyi görüşlə bağlı açıqlama yayıb və Donald Trampın prezidentliyi dövründə Dövlət Departamentinin mövqeyini bir daha xatırladıb.

“Səfir Danigan və baş müşavir Tolki bu gün xarici işlər naziri Boçorişvili ilə ABŞ-Gürcüstan münasibətlərini müzakirə etmək üçün görüşdülər”, – səfirliyin yaydığı məlumatda bildirilir.

“Səfirlik qeyd edir ki, Birləşmiş Ştatlar Gürcüstana münasibətini Amerika maraqlarını gücləndirmək məqsədilə yenidən nəzərdən keçirməkdə davam edir.”

“ABŞ Gürcüstan hökumətinin ABŞ-la münasibətlərin yaxşılaşdırılmasına ciddi yanaşdığını göstərmək üçün ata biləcəyi addımları açıq şəkildə ifadə edib,”
– deyə açıqlamada bildirilir.

Görüşlə bağlı ilkin məlumat “Gürcü Arzusu” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yaymışdı.

“Görüş zamanı ABŞ və Gürcüstan arasında münasibətlər, əməkdaşlıq perspektivləri və regionda gedən proseslər müzakirə olundu... Tərəflər regionda və dünyada mövcud təhlükəsizlik çağırışlarını müzakirə etdilər. Gürcüstanın regionda sülh və sabitliyin təmin olunmasında mühüm rolu olduğu vurğulandı”, – deyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Uayatt Tolki Gürcüstana gəlməzdən əvvəl Azərbaycanda səfərdə olub və SOCAR-ın nümayəndələri ilə görüşüb.

ABŞ-ın Bakıda yerləşən səfirliyi sosial şəbəkə X-də bildirib ki, iyunun 3-də Azərbaycanda neftin axtarışı ilə bağlı saziş imzalanıb və bu, “enerji təhlükəsizliyi və iqtisadi rifah üçün böyük irəliləyişdir”.

Gürcüstan-ABŞ münasibətlərinin son vəziyyəti:
  • 2024-cü ilin noyabrında ABŞ Gürcüstanla uzunmüddətli strateji tərəfdaşlığı dayandırdı;
  • Bundan əvvəl isə, “agentlər haqqında qanun” və “Gürcü Arzusu”nun nümayəndələrinin anti-Qərb və saxta ittihamlara əsaslanan ritorikası səbəbindən ABŞ Gürcüstan hökumətini dəfələrlə Avropa və Avroatlantik inteqrasiya yoluna qayıtmağa çağırmışdı;
  • Strateji tərəfdaşlığın dayandırılması ilə bağlı qərar Dövlət Departamenti tərəfindən 2024-cü il noyabrın 30-da elan olundu. Bu, “Gürcü Arzusu” hökumətinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqların gündəmə gətirilməyəcəyi barədə qərarından iki gün sonra baş verdi. Hökumətin bu qərarına qarşı başlayan etiraz aksiyalarına isə güc tətbiq olundu;
  • “Gürcü Arzusu” hökuməti ümid edirdi ki, Prezident Baydenin administrasiyasının siyasətini Donald Tramp dəyişəcək;
  • Mayın 28-də “Gürcü Arzusu”nun fəxri sədri və ABŞ tərəfindən sanksiyaya məruz qalmış Bidzina İvanişvili məktub yayaraq, ABŞ səfirliyinin onun səfirlə görüşdən imtina etməsi barədə bəyanatını “anlaşılmaz” adlandırdı. Həmin görüşdə Tramp administrasiyasının mesajı çatdırılmalı idi;
  • Elə həmin gün, İvanişvilinin məktubundan az əvvəl ABŞ səfirliyi bəyan etdi ki, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili səfir Robin Daniganla görüşdən imtina edib. Görüşdə Tramp administrasiyasının mesajı təqdim olunmalı idi. Həmin bəyanatda İrakli Kobaxidzenin adı çəkilməmişdi;
  • İrakli Kobaxidze mayın 13-də ABŞ-ın prezidenti və vitse-prezidenti, Donald Tramp və Cey Di Vensə açıq məktub ünvanladı;
  • Kobaxidzenin sözlərinə görə, bir neçə həftə əvvəl Gürcüstan-ABŞ münasibətləri ilə bağlı yazdığı məktuba Tramp administrasiyası cavab verməyib. Həmin məktubda münasibətləri “təmiz səhifədən başlamağa” hazır olduğunu bildirib;
  • Mayın 21-də Kobaxidze bildirdi ki, məktuba cavab verilməyib, lakin “susqunluq da bizim üçün çox mühüm cavabdır”;
  • Mayın 6-da ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatası – “MEGOBARI Aktı”na (dost qanunu) ikipartiyalı dəstəklə səs verdi və onu qəbul etdi;
  • İyunun 10-da isə məlum oldu ki, altı aylıq fasilədən sonra Gürcüstanın ABŞ-dakı səfiri postuna Tamar Taliaşvili təyin olunacaq.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google