Avropa İttifaqı vizasız rejimin dayandırılmasını asanlaşdıran mexanizm üzərində razılığa gəldi
Avropa Parlamenti və Avropa Şurası vizasız rejimin dayandırılması üzrə yenilənmiş mexanizmə dair razılığa gəlib.

Reformaya əsasən, bu mexanizm Avropa İttifaqına təhlükəsizlik məsələləri və insan haqlarının pozulması halları ilə əlaqədar üçüncü ölkə ilə vizasız rejimi daha asan ləğv etməyə imkan verir.

Xüsusilə, vizasız rejimin dayandırılması üçün nəzərdə tutulan yeni əsaslar aşağıdakılardır:
  • Vizasız rejimdən faydalanan ölkənin Aİ-nin viza siyasəti ilə uyğunsuzluğu, xüsusən də həmin ölkənin coğrafi yaxınlığı səbəbindən üçüncü ölkə vətəndaşlarının Aİ-yə qeyri-qanuni girişinin artmasına səbəb ola biləcəyi hallarda;
  • Əvvəlcədən müəyyən edilmiş məbləğdə ödəniş və ya investisiya qarşılığında vətəndaşlıq verilən “investor vətəndaşlığı” proqramının mövcudluğu – xüsusilə həmin şəxsin aidiyyəti ölkə ilə real əlaqəsinin olmaması hallarında;
  • Sənədlərin təhlükəsizliyi ilə bağlı qanunvericilik və prosedurlarda hibrid təhdidlər və çatışmazlıqlar;
  • Aİ ilə üçüncü ölkə arasında xarici münasibətlərin pisləşməsi, xüsusilə insan hüquqları, əsas azadlıqlar və BMT Nizamnaməsinin ciddi pozulması hallarında.
Beləliklə, gələcəkdə BMT Nizamnaməsinin, beynəlxalq insan hüquqlarının və humanitar hüququn kobud şəkildə pozulması və beynəlxalq məhkəmə qərarlarının icra edilməməsi də vizasız rejimin dayandırılması üçün əsas olacaq.

Eyni zamanda, mövcud dayandırma mexanizminin qüvvədə olan əsasları da saxlanılır. Bunlara aiddir: vizasız rejimə malik ölkədən gələn vətəndaşların Aİ-yə daxil olmasına rədd cavabı alanların və ya icazə veriləndən artıq qalanların sayında ciddi artım; əsassız sığınacaq müraciətlərinin çoxalması; Aİ ilə readmissiya üzrə əməkdaşlığın zəifləməsi; daxili təhlükəsizliyə təhlükə (məsələn, cinayət hadisələrinin artması).

Avropa Parlamentində sosial-demokratlardan olan məruzəçi Matiaz Nemec bildirib:
“Yenilənmiş viza qaydaları Aİ-yə geosiyasi situasiyalar və yeni təhdidlərə cavab vermək üçün müasirləşdirilmiş alətlər təqdim edir. Viza siyasəti Aİ-nin dəyərlərinin qorunmasına töhfə verə bilər, çünki xarici ölkənin hökuməti insan hüquqları və beynəlxalq hüququ pozarsa, nəticələri olmalıdır. Belə hallarda həmin ölkənin hökumət nümayəndələrinin və diplomatlarının Aİ-yə vizasız girişi ləğv edilməlidir və bu razılaşma bunu mümkün edir”.

Qanunun qüvvəyə minməsi üçün razılaşdırılmış mətn həm Avropa Parlamenti, həm də Şura tərəfindən rəsmi olaraq təsdiqlənməlidir.

Hazırda 61 ölkənin, o cümlədən Gürcüstanın vətəndaşları Şengen zonasında qısamüddətli səfərlər üçün vizasız səyahət edə bilirlər.

Mövcud qanuna görə, Avropa Komissiyası maraqlı üzv dövlətin təklifi əsasında və ya öz təşəbbüsü ilə üçüncü ölkələrdən Şengen zonasına vizasız rejimin dayandırılması prosesinə başlaya bilər – əvvəlcə müvəqqəti olaraq, problem həll olunmasa isə, daimi şəkildə. İndiyədək Aİ yalnız bir dəfə, Vanuatuya qarşı vizasız rejimi ləğv edib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google