Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı
Nümayəndəliyinin yaxın vaxtlarda fəaliyyətini dayandıracağı
gözlənir.
Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 17-də yayılan
məlumatında bildirilir.
Vurğulanır ki, Komissiya (Azərbaycan Ermənistan münaqişəsi zamanı)
əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş
şəxslərin axtarışı sahəsində BQXK-nın Azərbaycandakı Nümayəndəliyi
ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib:
"BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini
yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların
ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın
taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti
dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər
görülür...".
Hələlik, bu məlumata BQXK-nın Azərbaycandakı nümayəndəliyindən
münasibət almaq mümkün olmayıb.
Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ
müharibəsində onlardan 3 min 984 şəxs itkin düşüb. Həmin şəxslərdən
1 min 702-i azad edilib. Komissiya İkinci Qarabağ müharibəsində isə
itkinlərin sayını cəmi altı açıqlayıb.
Ermənistan Nazirlər Kabinetinin hesabatına görə isə, Birinci
Qarabağ müharibəsi nəticəsində onlardan 777 nəfər itkin düşüb.
Rəsmi Yerevanin vurğulamasına görə, 2020-ci ildə yenidən münaqişə
gərginləşəndən sonra itkin düşənlərdən 215 Ermənistan və Qarabağdan
olan erməni əsilli şəxsin taleyi naməlum olaraq qalır.
Ötən əsrin 80-ci illərində kəskinləşən Qarabağ münaqişəsi üzündən
Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalar baş verib.
1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7
rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü
ildə birgünlük hərbi əməliyyatla Azərbaycan bütün ərazisində
suverenliyini bərpa edib. Ondan sonra bölgədən erməni əhali köç
edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib, amma
rəsmi Bakı bunu qəbul etməyib.
Xatırlatma
BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət
göstərir, ondan iki həftə sonra Ağdam və Bərdə rayonlarında da
ofisləri açılıb.
Qurumun özü Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır,
1863-cü ildə yaradılıb. 1949-cu il Cenevrə Konvensiyasını, onun
...Əlavə Protokollarının iştirakçısı olan dövlətlər BQXK-ya
beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq
üçün mandat veriblər.
Yerli saytların məlumatına görə, rəsmi Bakı hələ bu il martın
əvvəlində BQXK-nın Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti
haqda onlara bilgi verib. Habelə, Birləşmiş Millətlər Təşkilatının
(BMT) dörd ofisinin - BMT İnkişaf Proqramı (UNDP), BMT Əhali Fondu
(UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT
Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi
ilə çıxış edib.
Rəsmi Bakı hesab edir ki,
"Azərbaycan artıq yardım qəbul
edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə
çevrilib".
Artıq həmin nümayəndəliklərin bir çoxu ya Azərbaycanda
fəaliyyətlərini dayandırıblar və yaxud dayandıracaqlarını
açıqlayıblar.
Onlar bildiriblər ki, bundan sonra Azərbaycandakı tərəfdaşlarla
əməkdaşlığı regional ofisləri və baş qərargahları vasitəsilə davam
etdirəcəklər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415