Rusiyanın Kiyevə son kütləvi zərbələrindən ölənlərin sayı 24-ə yüksəlib
10:03 / 19.06.2025
Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiyanın
iyunun 16-dan 17-nə keçən gecə
Ukrayna şəhərlərinə raket və dron hücumları nəticəsində Kiyevdə
dağılan yaşayış binalarının dağıntıları altından daha çox meyit
çıxarılıb və ölənlərin sayı 24 nəfərə yüksəlib. Bu, 2022-ci ilin
fevralında başlayan genişmiqyaslı işğaldan bəri ən ölümcül
hücumlardan biri sayılır.
Ukrayna rəsmiləri 18 iyunu matəm günü elan ediblər. Prezident
Volodimir Zelenski bu hücumu müharibə zamanı paytaxta edilən ən
dəhşətli hücumlardan biri adlandırıb. Rəsmilər bildiriblər ki,
Kiyevdə həlak olan 16 nəfərlə yanaşı, Odessada da iki nəfər
ölüb.
Kiyevə hücum zamanı raket zərbəsi nəticəsində doqquzmərtəbəli bir
yaşayış binasının bütöv bir hissəsi yerlə-yeksan edilib.
"Ailələrimiz çox ağır bir gecə keçirdi, bu, müharibənin
başlanğıcından bəri ən böyük hücumlardan biri idi. Bizə
müttəfiqlərimizin dəstəyi lazımdır və bu səbəbdən buradayam. Biz
sülh danışıqlarına, qeyri-şərtsiz atəşkəsə hazırıq. Məncə bu, çox
vacibdir. Amma bunun üçün təzyiq lazımdır", -
prezident Zelenski iyunun 17-də G7 sammitində bildirib.
Ancaq kanadalı bir rəsmi jurnalistlərə deyib ki, G7 sammitində
ABŞ-nin müqaviməti səbəbindən Rusiyaya təzyiqin artırılması yönündə
güclü bir razılaşma əldə olunmayıb.
Ukraynalı siyasi analitik Oleq Saakyan hesab edir ki, Rusiyanın bu
genişmiqyaslı hücumu təsadüf deyil, G7 sammitinə görə qəsdən
zamanlanıb.
"Təəssüf ki, bu, tamamilə gözləniləndir. Nə vaxt ki
danışıqlar və ya G7 sammiti kimi yüksəksəviyyəli görüşlər
keçirilir, Rusiya dinc sakinlərə qarşı genişmiqyaslı terror təşkil
edir", - Saakyan "Current Time"a bildirib.
BMT-nin məlumatına görə, genişmiqyaslı işğalın başlanmasından bəri
təsdiqlənmiş mülki ölü sayı 13 mindən çoxdur, lakin rəsmilər əsl
rəqəmin, güman ki, daha yüksək olduğunu bildirirlər.
Rusiya dinc sakinləri hədəf almadığını iddia edir.
17 iyun Ölənlər arasında ABŞ vətəndaşı da
var
Ukrayna rəsmilərinin verdiyi məlumata görə, iyunun 17-də erkən
saatlarda Rusiyanın Kiyevə dron və raket zərbələri nəticəsində 14
nəfər həlak olub, 44 nəfər yaralanıb. Ölkənin daxili işlər naziri
İqor Klimenko Teleqram paylaşımında qeyd edib ki, yaşayış binaları,
təhsil müəssisələri və digər vacib mülki infrastruktur hədəf
alınıb.
Ölənlər arasında bir ABŞ vətəndaşının olduğu da bildirilir.
Rəsmilərin məlumatına görə, Rusiya qüvvələri paytaxt Kiyevin bir
neçə rayonuna zərbələr endirib.
Paytaxt Kiyevlə yanaşı, Zaporojyeyə də hava zərbələri
endirilib.
Moskva meri Sergey Sobyanin isə Rusiya hava hücumundan müdafiə
qüvvələrinin Moskvaya doğru hərəkət edən iki Ukrayna dronunu
zərərsizləşdirdiyini bildirib.
İyunun 16-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan
müdafiə bölmələri Belqorod vilayəti ilə sərhəddə 51 Ukrayna dronunu
məhv edib.
Rusiyanın paytaxt Kiyevə kütləvi hava hücumu ABŞ prezidenti Donald
Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Kanadada G7
sammiti çərçivəsində planlaşdırılan görüş ərəfəsində baş verib.
Lakin görüşün ləğv ediləcəyi açıqlanıb. Ağ ev Trampın Yaxın
Şərqdəki gərginliyə görə Vaşinqtona erkən dönəcəyini bəyan edib.
Zelenskinin digər liderlərlə təkbətək görüşlərinin davam edəcəyi
gözlənilir.
ABŞ-nin atəşkəs üçün vasitəçilik səylərinə baxmayaraq, Moskva
Ukraynaya hücumlarını davam etdirir. Danışıqlardan əldə olunan
irəliləyişlər, əsasən, əsir mübadiləsi ilə məhdudlaşır.
Moskva Kiyevin qeyd-şərtsiz atəşkəs tələblərini rədd edib, Ukrayna
isə Rusiyanın tələblərini "ultimatum" kimi qiymətləndirərək qəbul
etmir.