Kupraşvilinin sözlərinə görə, təşkilatlarda elan olunmuş siyasi subyektləri axtarırlar

Antikorrupsiya Bürosunun rəhbəri Rajden Kupraşvilinin bəyanatına görə, qeyri-hökumət təşkilatlarında elan edilmiş siyasi subyektlərin müəyyən edilməsi üçün araşdırmalar aparılır.



Onun sözlərinə görə, yekun qərar bu proses nəticəsində konkret təşkilatda siyasi subyektin mövcudluğunun müəyyən olunub-olunmayacağını göstərəcək.

“Gün ərzində bir neçə təşkilatın nümayəndələri tərəfindən məqsədyönlü şəkildə yanlış məlumat yayılır. Guya büro məhkəmə qərarı əsasında onların təşkilatlarından vətəndaşların şəxsi və peşəkar sirrlərini əhatə edən sənədləri əsassız şəkildə tələb edir.

Bəyan edirəm ki, qanunun aliliyi və onun icrası Büromuzun əsas prioritetidir. Bizim tələb etdiyimiz hüquqi və maliyyə sənədləri qanunvericilik səlahiyyətlərindən kənara çıxmır və yalnız qrant alan və ya siyasi fəaliyyəti olan təşkilatların fəaliyyətinin məqsədəuyğunluğunun araşdırılmasına yönəlib.

Bu proses zamanı Gürcüstan qanunvericiliyinə uyğun olaraq şəxsi və peşəkar məlumatların qorunması tam təmin olunacaq.

Hazırda aparılan dezinformasiya kampaniyasının məqsədi ictimaiyyəti çaşdırmaq və şəffaflığa yönəlmiş qanunvericiliyi və hüquqi prosesi gözdən salmaqdır. Siyasi proseslərin şəffaflığı Büromuzun əsas prioritetlərindən biridir və bizim fəaliyyətimiz də öz elan olunmuş məqsədlərinə uyğun gəlməyən və gizli şəkildə siyasi fəaliyyətlə məşğul olan təşkilatların ifşasına yönələcək,”
– deyə Rajden Kupraşvili bildirib.

Bununla yanaşı, Rajden Kupraşvili iddia edir ki, QHT-lərdən onların benefisiarlarına dair şəxsi məlumatlar tələb olunmayıb.

Lakin QHT-lərə göndərilmiş məhkəmə qərarlarında Antikorrupsiya Bürosu onların “benefisiarlarının, iştirakçı şəxslərin (ad, soyad, şəxsiyyət nömrəsi), əldə edilmiş nəticələrin və fəaliyyətlərin əks olunduğu video və foto materialların” təqdim olunmasını tələb edir.

“Bu gün yalan məlumat yayıldı ki, guya məhkəmə qərarı ilə biz onların fəaliyyətindən irəli gələrək hüquqi müdafiə prosesi və ya sağlamlıqla bağlı digər benefisiarların şəxsi məlumatlarını tələb etmişik. Bu, həqiqətə uyğun deyil. Biz yalnız bank çıxarışları, vergi orqanlarından məlumatlar və donorla imzalanmış müqavilələri və bu müqavilələrin icrası ilə bağlı hüquqi sənədləri istəmişik. Təəssüf ki, bəzi dairələr guya benefisiarların şəxsi məlumatlarının tələb olunduğu barədə məlumat yayıblar. Bu, həqiqətə uyğun deyil,” – deyə Kupraşvili bildirib.

Bu gün, 18 iyun tarixində QHT-lərin keçirdiyi brifinqdə məlum oldu ki, “Gürcü Arzusu” partiyası Rusiya qanunlarının tətbiqinə başlayıb.

Xüsusilə, dünən – 17 iyun tarixində hakimlər beş təşkilatdan – Vətəndaş Cəmiyyəti Fondu, Beynəlxalq Şəffaflıq – Gürcüstan, Sapari, Gələcəyin Akademiyası və İqtisadi Siyasət Araşdırmaları Mərkəzi – son 17 ay ərzindəki fəaliyyətləri ilə bağlı, o cümlədən xüsusi kateqoriyalı şəxsi məlumatlar ehtiva edən sənədlərin Antikorrupsiya Bürosuna təqdim olunmasını rəsmi şəkildə tələb ediblər. Bu sənədlərə benefisiarlara dair həssas məlumatlar, təşkilatların fəaliyyəti ilə bağlı yazışmalar və məktublar da daxildir.

Mənbə: Netgazeti


 

Print Email
FaceBook Twitter Google