Siyasətçi, “Droa” partiyasının təsisçisi və “Dəyişikliklər
naminə Koalisiyası”nın liderlərindən biri olan Elene Xoştaria,
"Facebook" paylaşımına görə Tbilisi Şəhər Məhkəməsi tərəfindən 4000
lari məbləğində cərimələnib. Söhbət onun “Gürcü Arzusu”
partiyasının liderlərindən biri – Mamuka Mdinaradzeyə ünvanladığı
paylaşımından gedir.
Xoştariyaya qarşı “Gürcüstan dövlətinin siyasi vəzifəli şəxsinə
təhqir” maddəsi ilə inzibati iş açılmışdı.
Siyasətçiyə təkcə cərimə deyil, həm də 3 il müddətinə silah
gəzdirmə hüququnun məhdudlaşdırılması qərarı verilib.
Qərar bu gün səhər saatlarında Tbilisi Şəhər Məhkəməsinin hakimi
David Tetrauli tərəfindən elan edilib. Elene Xoştaria məhkəmə
proseslərinin heç birinə qatılmayıb.
“Elene Xoştaria hüquq pozucusu kimi tanınsın... və ona
4000 lari məbləğində inzibati cərimə təyin edilsin... Elene
Xoştariadan 3 il müddətinə silah gəzdirmə hüququ
alınsın,” – deyə hakim Tetrauli bəyan edib.
Hakimin sözlərinə görə, Xoştaria bu cəriməni ona qərarın təqdim
olunmasından etibarən 7 gün ərzində ödəməlidir. Bu gün yalnız qərar
elan olunub – məhkəmə prosesi isə 16 iyunda keçirilib. Əvvəlki
iclasda Daxili İşlər Nazirliyinin nümayəndəsi Andro Qurula bildirib
ki, Xoştariyanın Facebook səhifəsi polis tərəfindən “konkret bir
şikayət çərçivəsində” yoxlanılıb. Şikayəti Mamuka Mdinaradze təqdim
etmişdi.
“Məlum oldu ki, Elene Xoştaria Mamuka Mdinaradzeyi
sözlü təhqir etmişdi,” – deyə məhkəmə iclasının
təxirindən sonra jurnalistlərə DİN nümayəndəsi bildirib.
Gürcüstanda ictimai fiqurlar haqqında sosial şəbəkələrdə yayımlanan
statuslara görə inzibati məsuliyyətə cəlbetmə yeni bir
təcrübədir.
Eyni inzibati pozuntu ilə bağlı keçən həftə 20-dən çox jurnalist,
siyasətçi və fəal məhkəməyə çağırılıb.
Onların hamısı müxtəlif məbləğlərdə cərimələnib.
Jurnalistlərə, fəallara və siyasətçilərə Facebook statuslarına görə
1500 laridən 4000 lariyə qədər cərimə və ya 45 günədək inzibati
həbs təhlükəsi var.
Bu cür inzibati cəza tədbirləri “Gürcü Arzusu” partiyası tərəfindən
Avropayönümlü etiraz aksiyaları fonunda sərtləşdirilmiş qanun
dəyişikliyinə əsasən tətbiq olunur.