"The Wall Street Journal" üç mənbəyə istinadən yazıb ki, prezident
Donald Tramp öz köməkçilərinə ABŞ-nin İrana qarşı hücumlarda
İsrailə qoşulması planını təsdiqlədiyini, lakin Tehranın nüvə
proqramından imtina edib-etməyəcəyini görmək üçün gözlədiyini
deyib.
"Bloomberg" də məsələ ilə tanış olan mənbələrə istinadən bildirib
ki, ABŞ rəsmiləri yaxın bir neçə gündə, ola bilsin, həftəsonu İrana
potensial zərbə endirməyə hazırlaşır.
Oval Ofisdə jurnalistlərə verdiyi açıqlamada Tramp bu xəbərləri
təsdiqləməyib, əlavə edib ki,
"İranla müharibə aparmaq
niyyətində deyil", amma Tehranın nüvə silahı inkişaf
etdirməsinin qarşısını almaq üçün belə əməliyyatlar keçirməyə
məcbur ola bilər:
"Müharibə aparmaq niyyətində deyiləm.
Amma döyüşmək ilə İranın nüvə silahına malik olması arasında seçim
varsa, nə etməli olsaq, onu etməliyik". O, sonra
əlavə edib:
"Bəlkə, döyüşməli olacağıq".
"Bunu edə də bilərəm, bəlkə, etməyə də bilərəm. Məncə,
heç kim mənim nə edəcəyimi bilmir", - Tramp
jurnalistlərə deyib.
Bu arada "The New York Times" yüksəkrütbəli İran rəsmisinə
istinadən yazıb ki, Tehran atəşkəsin müzakirəsi üçün ABŞ
nümayəndələri ilə görüşə açıqdır və danışıqlar olarsa, xarici işlər
naziri Abbas Ərağçi iştirak edəcək.
Gərginlik artdıqca, Vaşinqtonun Qərb müttəfiqləri diplomatik həll
yolu tapmaq üçün səylərini gücləndiriblər. Almaniya, Fransa və
Böyük Britaniyanın xarici işlər nazirləri iyunun 20-də Cenevrədə
İran XİN rəhbəri A.Ərağçi ilə nüvə danışıqları aparmağı
planlaşdırır. BMT də böhranla əlaqədar eyni günə iclas təyin
edib.
Xameneidən Trampa
cavab
Almaniyadan olan diplomatik mənbə xəbər agentliklərinə bildirib ki,
Cenevrə danışıqlarının məqsədi İranı nüvə proqramından yalnız mülki
məqsədlər üçün istifadə edəcəyinə dair zəmanət verməyə razı
salmaqdır. İsrail iyunun 13-dən etibarən İrana silsilə hava
hücumlarına başlayıb və bunun Tehranın nüvə proqramını dayandırması
üçün zəruri olduğunu bildirib.
İyunun 18-də İranın ali dini rəhbəri Əli Xamenei Trampın Tehranın
"qeydsiz-şərtsiz təslim olması" çağırışını rədd
edib. Xamenei bildirib ki, İran İslam Respublikasına nə sülh, nə də
müharibə zorla qəbul etdirilə bilməz və ABŞ-yə bu münaqişədən
kənarda qalmaq barədə xəbərdarlıq edib.
"İran xalqı təslim olan xalq deyil", -
Xamenei iyunun 18-də öncədən lentə alınmış və ölkə üzrə yayımlanan
televiziya müraciətində deyib.
"Amerikalılar bilməlidir
ki, ABŞ tərəfindən hər hansı hərbi müdaxilə, şübhəsiz ki, onların
özünə bərpaolunmaz zərər vuracaq".
İran rejiminə "ciddi
zərbə"
"Biz İran rejiminə ciddi zərbələr endirdik, onları
İranın mərkəzi hissəsinə sıxışdırılıblar. İndi onlar səylərini
İsfahan bölgəsindən raketlər atmağa yönəldiblər", -
İsrail ordusunun sözçüsü Effi Defrin deyib. O, X platformasında
yayımlanan videoçıxışında bildirib ki, iyunun 13-dən bəri İran
daxilində 1100-dən çox hədəf vurulub.
Rəsmi orqanlar iyunun 13-dən bəri İranın İsrailə təxminən 400 raket
atdığını, onun təxminən 40-nın hava müdafiəsini yararaq hədəfləri
vurduğunu açıqlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415